Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatında real ÜDM-in 2027-ci ildə 2,5 faiz artacağını proqnozlaşdırır.
İİTKM-in Dövlət Proqramları şöbəsinin müdiri Lətif Zeynallı AYİB-in 2026-cı ilin sentyabr ayında dərc etdiyi “Regional Economic Prospects” hesabatını şərh edərkən bildirib ki, AYİB-in ölkəmizdə real ÜDM-in 2026-cı ildə 2,0 faiz, 2027-ci ildə isə 2,5 faiz artacağını proqnozlaşdırması Azərbaycan iqtisadiyyatında artım dinamikasının qarşıdakı dövrdə də davam edəcəyinə dair müsbət gözləntiləri əks etdirir. Eyni zamanda, 2026-cı ilin ilk yeddi ayında qeyri-neft-qaz ÜDM-in 2,2 faiz, əsas kapitala investisiyaların isə 10,7 faiz artması iqtisadi fəallığın strukturunda müsbət meyillərin davam etdiyini göstərir. Hesabatda təqdim olunan göstəricilərin birlikdə qiymətləndirilməsi qeyri-neft-qaz sektorunun iqtisadi artıma töhfəsinin davam etməsi və güclü fiskal-xarici buferlərin qorunması kimi iki mühüm məqamı ön plana çıxarır.
Hesabat ortamüddətli perspektivdə Azərbaycan üçün yeni iqtisadi imkanlara da diqqət çəkir. AYİB-in qiymətləndirməsinə görə, bərpa olunan enerji layihələrinə iri həcmli investisiyaların davam etdirilməsi iqtisadiyyatın şaxələndirilməsinə və yeni artım mənbələrinin formalaşmasına dəstək verə bilər. Bu istiqamət yalnız enerji istehsalının strukturunun dəyişməsi baxımından deyil, daha geniş iqtisadi təsirləri baxımından da əhəmiyyətlidir. Bərpa olunan enerji layihələri yeni investisiyaların cəlb olunmasını, müasir texnologiyaların tətbiqini, enerji ixracının şaxələndirilməsini və əlaqəli xidmət sahələrinin inkişafını təşviq edə bilər.
Lətif Zeynallı vurğulayıb ki, AYİB-in hesabatında Azərbaycanın fiskal və xarici mövqeyini xarakterizə edən göstəricilər də müsbət qiymətləndirilir. 2026-cı ilin ilk yeddi ayında dövlət büdcəsində ÜDM-in 4,5 faizi həcmində profisit formalaşıb. Eyni zamanda, 2026-cı ilin birinci rübündə dörd rüb üzrə hərəkətli göstərici əsasında cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,3 faizini təşkil edib. Strateji valyuta ehtiyatları isə 2026-cı ilin avqust ayının əvvəlinə illik ifadədə 12,2 faiz artaraq 2025-ci il üzrə ÜDM-in 114 faizinə yüksəlib. Büdcə və cari hesab profisitinin qorunması, eləcə də strateji valyuta ehtiyatlarının yüksək səviyyəsi ölkənin makroiqtisadi və maliyyə dayanıqlılığını dəstəkləməklə yanaşı, xarici iqtisadi risklərə qarşı mühüm bufer rolunu oynayır.
Lətif Zeynallı əlavə edib ki, AYİB-in sentyabr hesabatında Azərbaycan iqtisadiyyatı üzrə qeyri-neft-qaz sektorunda artımın davam etməsi, investisiya fəallığının yüksəlməsi, eləcə də güclü fiskal və xarici mövqenin qorunması əsas müsbət məqamlar kimi diqqət çəkir. Bu amillərin fonunda bərpa olunan enerji, nəqliyyat-logistika, rəqəmsallaşma, sənaye və digər yüksək əlavə dəyər yaradan sahələrə investisiyaların genişləndirilməsi yeni layihələrin reallaşdırılması və iqtisadi artım mənbələrinin daha da şaxələndirilməsi üçün əlverişli zəmin yarada bilər.









Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
Dünya Bankı: Azərbaycanın güclü maliyyə dayaqları iqtisadi sabitliyi və yeni inkişaf mərhələsini…
Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına…
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş…
Azərbaycan və Mərkəzi Asiya: iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya
Tikinti layihələri üzrə vahid koordinasiya mexanizmi icra intizamını və investisiya mühitini…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Özbəkistanda beynəlxalq elmi konfransda…