Dünya Bankı: Azərbaycanın güclü maliyyə dayaqları iqtisadi sabitliyi və yeni inkişaf mərhələsini dəstəkləyir
Dünya Bankının 2026-cı ilin oktyabrında dərc etdiyi “Avropa və Mərkəzi Asiya üzrə İqtisadi İcmal” və Azərbaycan üzrə “Makro-Yoxsulluq İcmalı” ölkəmizin qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklər şəraitində makroiqtisadi sabitliyini, güclü fiskal ehtiyatlarını və möhkəm xarici mövqeyini qoruduğunu göstərir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli Dünya Bankının Azərbaycan iqtisadiyyatı üzrə qiymətləndirmələrini şərh edərək bildirib ki, hesabatda təqdim olunan göstəricilər ölkənin xarici şoklara qarşı dayanıqlı maliyyə müdafiə sisteminə malik olduğunu nümayiş etdirir.
Dünya Bankının qiymətləndirməsində Azərbaycanın makroiqtisadi çərçivəsinin dayanıqlı, fiskal ehtiyatlarının isə əhəmiyyətli kimi xarakterizə olunması xüsusi diqqət çəkir. Dövlət Neft Fondunun aktivlərinin 73 milyard ABŞ dollarına, yaxud ÜDM-in təxminən 96 faizinə çatması, dövlət borcunun ÜDM-in cəmi 18,2 faizi səviyyəsində qalması və Mərkəzi Bankın valyuta ehtiyatlarının 13,7 milyard ABŞ dollarına yüksəlməsi ölkənin mühüm maliyyə üstünlükləridir. Bu göstəricilər Azərbaycanı regionda ən güclü fiskal və xarici buferlərə malik ölkələrdən biri kimi fərqləndirir.
Dünya Bankının məlumatına əsasən, 2026-cı ilin birinci yarısında dövlət büdcəsinin profisiti ÜDM-in 7 faizini təşkil edib. Müqayisə üçün, 2025-ci ilin yekununda bu göstərici 2,6 faiz olub. Yüksək enerji qiymətləri ixrac gəlirlərini artırmaqla yanaşı, ölkənin xarici iqtisadi mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib.
Cari hesabın profisiti 2025-ci ilin yekunundakı 4,4 faizdən 2026-cı ilin birinci rübündə ÜDM-in 9,5 faizinə yüksəlib. Ticarət profisiti isə 2025-ci ilin birinci yarısındakı 3,7 faizlə müqayisədə 2026-cı ilin eyni dövründə ÜDM-in təxminən 21 faizinə çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları təxminən yeddi aylıq idxalı maliyyələşdirə biləcək səviyyəyə yüksəlib.
Dünya Bankı Azərbaycanın güclü maliyyə mövqeyinin ilin sonunadək qorunacağını, 2026-cı ilin yekununda cari hesab profisitinin ÜDM-in 7 faizini, fiskal profisitin isə ÜDM-in 4 faizini təşkil edəcəyini proqnozlaşdırır.
Rəşad Nəcəfli bildirib ki, büdcə, cari hesab və ticarət profisitlərinin eyni vaxtda yüksək səviyyədə qalması Azərbaycanın qlobal enerji qiymətlərindəki dəyişiklikləri, geosiyasi riskləri və beynəlxalq ticarət marşrutlarında yarana biləcək təzyiqləri qarşılamaq imkanlarını genişləndirir.Bu maliyyə dayaqları yalnız cari sabitliyin göstəricisi deyil, eyni zamanda iqtisadiyyatın yeni inkişaf mərhələsinin maliyyələşdirilməsi üçün strateji kapitaldır. Əsas məsələ mövcud üstünlüklərin qeyri-neft sektorunun genişlənməsinə, özəl investisiyaların təşviqinə, rəqəmsallaşmaya, insan kapitalına və məhsuldarlığın yüksəldilməsinə yönəldilməsidir. Belə yanaşma maliyyə dayanıqlığını uzunmüddətli struktur rəqabət qabiliyyətinə çevirə bilər.
Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,2 faiz, 2027-ci ildə 1,8 faiz, 2028-ci ildə isə 1,9 faiz böyüyəcəyini proqnozlaşdırır. Ortamüddətli perspektivdə artımın sürətlənməsi biznes mühitində islahatların davam etdirilməsi, qeyri-neft sahələrinə özəl investisiyaların artırılması və iqtisadi fəaliyyətin mənbələrinin genişləndirilməsi ilə əlaqələndirilir.
Hesabatda xidmətlər sektorunda artımın 2026-cı ildəki 2,6 faizdən 2027-ci ildə 3,4 faizə, 2028-ci ildə isə 3,6 faizə yüksələcəyi bildirilir. Kənd təsərrüfatında artımın 2027-ci ildə 2,2 faiz, 2028-ci ildə 2,4 faiz təşkil edəcəyi gözlənilir. Bu proqnozlar qeyri-neft sahələrinin iqtisadi artımdakı rolunun tədricən güclənə biləcəyini göstərir.
Bank sektorundakı dinamikanı da müsbət qiymətləndirən Rəşad Nəcəfli qeyd edib ki, 2026-cı ilin iyun ayınadək iqtisadiyyata kredit qoyuluşlarının 12,1 faiz, əhaliyə verilən kreditlərin 13,3 faiz artması maliyyə vasitəçiliyinin genişləndiyini göstərir. Bankların xalis mənfəətinin 24,2 faiz, mümkün itkilər üzrə yaradılan ehtiyatların isə 16,4 faiz artması sektorun həm iqtisadi fəallığı dəstəkləmək, həm də risklərə qarşı ehtiyat yaratmaq imkanlarının möhkəmləndiyini nümayiş etdirir.
İnflyasiyanın 2026-cı ilin sonunda 5,8 faizlə Azərbaycan Mərkəzi Bankının 4±2 faizlik hədəf diapazonunda qalacağı, 2027-ci ildə 4,6 faizə, 2028-ci ildə isə 4 faizə enəcəyi proqnozlaşdırılır.
Dünya Bankının hesabatının əsas mesajı ondan ibarətdir ki, Azərbaycan qlobal qeyri-müəyyənlik mərhələsinə əhəmiyyətli maliyyə ehtiyatları, aşağı dövlət borcu və güclü xarici mövqe ilə daxil olub. Qarşıdakı dövrdə bu üstünlüklərin biznes mühitinin təkmilləşdirilməsi, özəl investisiyaların artırılması, texnoloji yenilənmə və insan kapitalının inkişafı ilə tamamlanması daha yüksək və dayanıqlı iqtisadi artım üçün möhkəm zəmin yarada bilər.
Mənbə:
Dünya Bankı, “Europe and Central Asia Economic Update, October 2026: Making AI Work – Jobs, Firms, and Productivity”
“Macro Poverty Outlook: Azerbaijan, October 2026”
https://thedocs.worldbank.org/en/doc/d5f32ef28464d01f195827b7e020a3e8-0500022021/related/mpo-eca.pdf




Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib