İxracda hesablaşmaların yeni tənzimləmə mexanizmi və onun iqtisadi əhəmiyyəti
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2026-cı il tarixli ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirləri nəzərdə tutan Fərmanı ölkədə xarici ticarət əməliyyatlarının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, institusional səmərəliliyin artırılması və ixracdan əldə olunan vəsaitlərin ölkə iqtisadiyyatına cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir. Fərmanla müəyyən edilmiş tədbirlər xarici ticarətin tənzimlənməsində müasir idarəetmə yanaşmalarının tətbiqinə, dövlət qurumları arasında funksional bölgünün optimallaşdırılmasına və nəzarət proseslərinin rəqəmsallaşdırılmasına xidmət edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil şöbəsinin baş məsləhətçisi İlkin Qasımovun sözlərinə görə, Fərmanın əsas istiqamətlərindən biri ixracda hesablaşmaların normativ-hüquqi əsaslarının təkmilləşdirilməsidir. Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşma qaydalarının Mərkəzi Bank tərəfindən müəyyən edilməsi bu sahədə daha çevik tənzimləmə mexanizminin formalaşdırılmasına imkan yaradır. Beynəlxalq ticarət münasibətlərinin dinamik xarakteri, ödəniş mexanizmlərinin dəyişməsi və xarici bazarlarda fərqli kommersiya şərtlərinin mövcudluğu hesablaşma prosedurlarının müasir iqtisadi reallıqlara uyğunlaşdırılmasını zəruri edir. Bu baxımdan, yeni yanaşma ixracatçıların fəaliyyət xüsusiyyətlərinin və beynəlxalq ticarət praktikasının tənzimləmə prosesində daha dolğun nəzərə alınmasına şərait yarada bilər.
Fərmanın digər mühüm aspekti xarici ticarət əməliyyatları üzrə nəzarət funksiyalarının daha dəqiq müəyyənləşdirilməsidir. Yeni mexanizmə əsasən, idxal əməliyyatları üzrə hesablaşmalara Mərkəzi Bankın, ixrac əməliyyatları üzrə hesablaşmalara isə Dövlət Gömrük Komitəsinin nəzarət etməsi nəzərdə tutulur. Belə funksional bölgü dövlət qurumlarının məsuliyyət dairəsinin konkretləşdirilməsi, institusional koordinasiyanın gücləndirilməsi və inzibati prosedurların optimallaşdırılması baxımından əhəmiyyətlidir. İxrac əməliyyatlarının həm fiziki, həm də maliyyə komponentləri üzrə nəzarətin vahid qurumda cəmləşdirilməsi malların faktiki ixracı ilə həmin əməliyyatlardan əldə olunan maliyyə vəsaitlərinin müqayisəli təhlilinin aparılması imkanlarını genişləndirir.
Xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də gömrük orqanları ilə banklar arasında birbaşa elektron məlumat mübadiləsinin təşkil edilməsidir. Gömrük bəyannamələri, ixrac müqavilələri və digər aidiyyəti məlumatların “İntellektual gömrük” informasiya sistemi vasitəsilə müvəkkil banklara ötürülməsi, bankların isə ödənişlərin vəziyyəti barədə məlumatları üç iş günü ərzində Dövlət Gömrük Komitəsinə təqdim etməsi daha operativ və şəffaf nəzarət mexanizminin formalaşdırılmasına imkan verəcək. Bu yanaşma məlumatların təkrar emalı ehtiyacının, inzibati əməliyyat xərclərinin və insan amilindən irəli gələn risklərin azaldılmasına, eləcə də risk əsaslı nəzarət mexanizmlərinin inkişafına töhfə verə bilər.
İlkin Qasımovun sözlərinə görə, Fərmanın makroiqtisadi əhəmiyyəti isə ilk növbədə ixracdan əldə olunan valyuta vəsaitlərinin ölkəyə vaxtında daxil olmasının təmin edilməsi ilə bağlıdır. İxrac gəlirlərinin ölkə daxilindəki bank hesablarına vaxtında köçürülməsi daxili valyuta bazarında təklifin dəstəklənməsi, bank sisteminin xarici valyutada likvidliyinin möhkəmləndirilməsi və xarici maliyyə axınlarının daha effektiv monitorinqi baxımından mühüm amillərdəndir. Xüsusilə qeyri-neft ixracının genişləndirilməsi və ölkənin xarici valyuta gəlirlərinin şaxələndirilməsi istiqamətində həyata keçirilən iqtisadi siyasət kontekstində bu mexanizmin əhəmiyyəti daha da artır.
Ümumilikdə, Fərman xarici ticarətin tənzimlənməsində institusional səmərəliliyin, rəqəmsal inteqrasiyanın və maliyyə şəffaflığının artırılmasına yönəlmiş kompleks tədbir kimi qiymətləndirilə bilər. Nəzərdə tutulan mexanizmlərin effektiv tətbiqi ixrac əməliyyatları üzrə inzibati yükün optimallaşdırılmasına, valyuta daxilolmalarının daha səmərəli monitorinqinə, sahibkarlıq mühitinin təkmilləşdirilməsinə və qeyri-neft ixracının dayanıqlı inkişafına əlverişli institusional zəmin yarada bilər.








Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır