İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) nə vaxt və hansı məqsədlə yaradılıb?
“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb. Mərkəzin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) missiyası nədir?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) missiyası Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini, mütərəqqi elmi-texniki çağırışlardan, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə etməklə yeni konseptual yanaşmaların, həmçinin bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqini təmin etməkdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) necə idarə olunur?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Müşahidə Şurası və İcraçı direktor tərəfindən idarə olunur. Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş naziridir. Mərkəzin icraçı direktoru iqtisad elmləri doktoru, professor Vüsal Qasımlıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) fəaliyyət istiqamətləri hansılardır?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: Monitorinq və qiymətləndirmə; İqtisadi təhlil və strateji planlaşdırma; İslahatların və iqtisadi nailiyyətlərin kommunikasiyası.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) monitorinq və qiymətləndirmə işini necə həyata keçirir?
İİTKM islahat və koordinasiya tədbirləri ilə yanaşı, öz səlahiyyətləri çərçivəsində dövlət başçısının tapşırığı, eləcə də ayrı-ayrı dövlət qurumlarının sifarişləri əsasında strategiyalar, dövlət proqramları, yol xəritələri və digər tədbirlər planlarının icra vəziyyətlərinin monitorinq və qiymətləndirilməsini həyata keçirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) iqtisadi təhlil və strateji planlaşdırma işini necə həyata keçirir?
Mərkəzin müvafiq struktur bölmələri tərəfindən Azərbaycan dövlətinin əldə etdiyi iqtisadi uğurlar, bu uğurlara aparan dinamika təhlil edilir, strateji hədəflərə çatmağın yolları planlaşdırılır, bu istiqamətdə cəmiyyətin məlumatlandırılması - əldə edilən nailiyyətlərin təbliği həyata keçirilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tabeliyində hansı qurumlar və portallar fəaliyyət göstərir?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tabeliyində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi, Rəqəmsal Ticarət Qovşağı, Türk Dünyası Araşdırmalar Mərkəzi, “İslahat könüllüləri” təşkilatı və “monitoring.gov.az” , “azexport.az”, “enterpriseazerbaijan.gov.az” portalları fəaliyyət göstərir.
“monitoring.gov.az” portalının fəaliyyəti nədən ibarətdir?
“monitoring.gov.az” portalının yaradılmasının əsas məqsədi strategiyalar, yol xəritələri, dövlət proqramları və tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsində qurumlar arasındakı kommunikasiya məsafəsini azaltmaq, monitorinq və qiymətləndirmə institutunu rəqəmsallaşdırmaq, sadələşdirmək və şəffaflaşdırmaqdır. “monitoring.gov.az” portalı strategiyaların, dövlət proqramları və tədbirlər planlarının monitorinqi və qiymətləndirilməsi nəticəsində “Böyük Verilənlər” (Big Data) bazası formalaşdırır.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi hansı xidmətləri göstərir?
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradılıb. İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, səmərəli, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilir. Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.
İxrac İcmalı nədir?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı və hər ay dərc olunan “İxrac icmalı” Qeyri-neft sektoru üzrə ixraca dair məlumatları, Qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqini, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən qeyri-neft ixracı haqqında məlumatları və digər göstəriciləri təqdim edir.
“Azexport” portalı hansı xidmətləri göstərir?
“Azexport” portalı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 21 sentyabr 2016-cı ildə imzalanan Sərəncamı əsasında yaradılıb. Portal Azərbaycan istehsalı olan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi adı altında təşviqinə dəstək verir. Sahibkarlar “Azexport” portalında qeydiyyatdan keçməklə öz şirkətləri və məhsulları barədə məlumatları, həmçinin şəkil, video və mətnləri yerləşdirə bilərlər. Məhsulların tanıdılması və ixracı ilə bağlı digər məlumatları “azexport.az” ünvanına daxil olaraq əldə edə bilərsiniz.
“Azexport” portalı tərəfindən təqdim olunan xidmətlərdən kimlər faydalana bilər?
“Azexport.az” portalı tərəfindən təqdim olunan xidmətlərdən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən istənilən fiziki və ya hüquqi şəxslər faydalana bilər. Sahibkarlar portalda qeydiyyatdan keçməklə istehsal etdikləri məhsul və ya xidmətlər barədə məlumatları portalda yerləşdirə bilərlər.
“Azexport” portalı tərəfindən təqdim olunan xidmətlərə görə ödəniş tələb olunurmu?
“Azexport” portalında göstərilən bütün xidmətlər pulsuzdur.
“Enterprise Azerbaijan” portalı hansı məqsədlə yaradılıb?
“enterpriseazerbaijan.gov.az” portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı əsasında yaradılıb. Portalın məqsədi ölkədə sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və ya biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etməkdir.
“Enterprise Azerbaijan” portalı startapçılara hansı imkanları təqdim edir?
https://enterpriseazerbaijan.gov.az portalının İnkubasiya mərkəzində ilkin mərhələdə olan startapların inkişafı və MVP-nin yaradılması, Akselerasiya mərkəzi şirkətlərin yaradılması və bazara təqdim olunması, İnvestisiya mərkəzi startapların investorlara təqdim olunması məsələlərində startapçılara dəstək göstərir.
“Startup School” layihəsinə necə qoşulmaq olar?
“Enterprise Azerbaijan” portalının keçirdiyi “Startup School” layihələrinə qoşulmaq üçün https://startupschool.az/ ünvanına daxil olaraq şərtlərlə tanış ola bilərsiniz.
Rəqəmsal Ticarət Qovşağı (dth.az) hansı xidmətləri göstərir?
Rəqəmsal Ticarət Qovşağı (RTQ) elektron dövlət-özəl tərəfdaşlıq platformasıdır. RTQ Azərbaycan dövləti tərəfindən yaradılan sərhədlərarası kağızsız ticarətin aparılması və məsafədən biznes əməliyyatlarının təqdim edilməsi üçün rəqəmsal resursdur. Qovşaq dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi və m-Rezidentlik (mobil) təqdim edib.
“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” (azranking.az) hansı məqsədlə fəaliyyət göstərir?
“Azranking.az” portalı “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın elektron idarəetmə platformasıdır. Dövlət-biznes dialoqu platforması olan portal Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkilini, həmçinin daxili məlumatların və müvafiq sənədlərin mübadiləsini həyata keçirir.
Türk Dünyası Araşdırmalar Mərkəzinin missiyası nədir?
İİTKM-in nəzdində 2023-cü ilin fevral ayında təsis olunmuş Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) missiyası türk dünyasında iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir. TDAM-ın fəaliyyət istiqamətləri: 1. “Türk Dünyası 2040 Vizyonu”; 2. “Türk Dövlətləri Təşkilatının 2022-2026 Strategiyası”; 3. Azərbaycan Respublikasının iqtisadi siyasəti çərçivəsində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq; 4. Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələri səviyyəsində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində elmi-analitik yanaşmalar ortaya qoymaq, həmçinin təklif, proqnoz və tövsiyələr hazırlamaq.
“İslahat könüllüləri” təşkilatının fəaliyyət istiqamətləri hansılardır?
İİTKM-in nəzdində fəaliyyət göstərən İslahat Könüllüləri Təşkilatı hər il könüllü proqramı elan edir. İslahat könüllüləri proqram təminatı, müxtəlif tədbirlərin təşkili, elmi araşdırmalar və tədqiqat işlərində yaxından iştirak edirlər. Beynəlxalq və yerli ekspertlər, eləcə də İİTKM-in əməkdaşları könüllülər üçün əsasən iqtisadi mövzularda təlimlər təşkil edirlər, həmçinin təqdimatlarla çıxış etmələri üçün onlara şərait yaradılır. Bundan başqa, universitetlərin sonuncu kurs tələbələrinə İİTKM-də istehsalat təcrübəsi keçmək imkanı verilir.
“İslahat Könüllüləri” sırasına necə qoşulmaq olar?
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin könüllülük proqramına qoşulmaq üçün https://volunteer.ereforms.gov.az saytına daxil olaraq müvafiq bölmədə qeydiyyatdan keçmək və ya intern@ereforms.gov.az e-mail ünvanına müraciət göndərə bilərsiniz.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) hansı jurnal və kitablar nəşr edib?
İİTKM monitorinq və qiymətləndirmə, həmçinin iqtisadi islahatların təhlili fəaliyyəti ilə yanaşı, elmi jurnal və ayrı-ayrı istiqamətlər üzrə icmallar hazırlayır, müxtəlif mövzularda kitablar - dərslik və monoqrafiyalar nəşr edir: 1. Yeni Qarabağnamə 2. İqtisadi artım 3. Yaşıl iqtisadiyyat 4. Rəqəmsal iqtisadiyyat 5. Türk dövlətləri iqtisadiyyatı 6. İnnovasiya və sahibkarlıq: startap ekosistemi 7. İslam maliyyə sistemi və onun Azərbaycandakı perspektivləri 8. Azərbaycanda “Monitorinq və qiymətləndirmə: 2016-2021” 10.“İqtisadi islahatlar” elmi-analitik jurnalı
“İqtisadi İslahatlar” elmi-analitik jurnalına məqalə təqdim etmək üçün hansı tələblərə riayət etmək lazımdır?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İqtisadi İslahatlar” elmi-analitik jurnalında dərc edilən məqalələr barədə https://journal.ereforms.org/az saytına daxil olaraq məlumat almaq mümkündür. Saytda “Müəlliflər üçün təlimatlar” bölməsinə daxil olaraq tələblərlə tanış ola bilərsiniz.
“İqtisadi İslahatlar” elmi-analitik jurnalı hansı dildə və il ərzində neçə dəfə çap olunur?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İqtisadi İslahatlar” elmi-analitik jurnalında 3 dildə (azərbaycan, ingilis və rus dillərində) məqalələr dərc olunur. 2024-cü ildən etibarən “İqtisadi İslahatlar” jurnalının il ərzində 2 (iki) nömrəsi nəşr olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi kommunikasiya işini necə həyata keçirir?
İİTKM-in balansında hər bir layihənin daimi sosial media hesabı da daxil olmaqla, ümumilikdə 27 rəqəmsal resurs var. Bu resurslar vasitəsilə ümumilikdə 30 min nəfərə yaxın istifadəçi Mərkəzin fəaliyyəti və onun ayrı-ayrı layihələri barədə ətraflı məlumat alır: ereforms.gov.az monitoring.gov.az azexport.az enterpriseazerbaijan.gov.az dth.az journal.ereforms.org volunteer.ereforms.gov.az