Türk Dünyası Araşdırmalar Mərkəzi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) 2023-cü ilin fevral ayında türk dünyasında cərəyan edən müsbət tendensiyalar, iqtisadi, mədəni, texnoloji, elmi və siyasi cəhətdən əlaqələrin artması, Türk dövlətləri arasındakı münasibətlərin şaxələnməsi kimi nüansları və ölkə başçısının çağırışları nəzərə alınaraq yaradılıb. TDAM-ın vizyonunu iqtisadi siyasət üzrə tədqiqat mərkəzləri və akademik dairələr arasında əməkdaşlığın aparılması, iqtisadi və sektoral əməkdaşlığın möhkəmləndirilməsi, Türk dünyasında regional dəyər zəncirinin inkişafında aktiv iştirak etmək, birgə tədbir və layihələrin təşkilində əməkdaşlığın genişləndirilməsi təşkil edir.  

TDAM-ın əsas fəaliyyətini “Türk Dünyası 2040 Vizyonu”, “Türk Dünyası Təşkilatlarının 2022-2026 Strategiyası”, Azərbaycan Respublikasının iqtisadi siyasəti çərçivəsində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq təşkil edir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələri səviyyəsində dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində elmi-analitik yanaşmalar ortaya qoymaq, həmçinin təklif, proqnoz və tövsiyələr hazırlamaq, TDT-yə üzv və müşahidəçi dövlətlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında investisiya imkanları haqqında məlumatlılığı artırmaqla Azərbaycanın münaqişədən sonrakı reabilitasiyası, yenidən qurma və reinteqrasiya səylərinə töhfə verməyə təşviq edilməsi qeyd edilməlidir.  

TDAM həmçinin TDT-nin regiondakı dinamik rolunu nəzərə alaraq ticarətin və investisiyaların təşviq olunmasını hədəfləyən Türk dünyasının Geoiqtisadi interaktiv xəritəsinin hazırlanması və “TurkicExport” portalının yaradılması işlərini həyata keçirir.

TDAM öz missiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının Katibliyi, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ağsaqqallar Birliyi və “Türk Dünyasının İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsi” (ERCNET) kimi qurumlarla sıx əməkdaşlıq edir. Bununla yanaşı, TDAM TDT-yə üzv və müşahidəçi ölkələrin ayrı-ayrı rəsmi qurumları və beyin mərkəzləri ilə də müvafiq olaraq iki və çoxtərəfli əməkdaşlıq çərçivəsindədir.

Aparılan görüşlərin və tədqiqatların məzmununu türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması, “Türk İqtisadiyyatları 2023: Rəqəmsal Ticarət və İnvestisiya Hesabatı”, “Zəngəzur dəhlizinin Cənubi Qafqazda nəqliyyat dəhlizlərinə iqtisadi təsiri və CAREC ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlərin perspektivləri” kimi mövzular əhatə etmişdir. Həmçinin, TDAM-da “Türkiyə-Azərbaycan regional əməkdaşlıq imkanlarının araşdırılması, “Orta dəhlizin Vişeqrad Qrupu (V4) ölkələrinə təsirinin araşdırılması: imkanlar, çağırışlar və siyasi-iqtisadi nəticələr”, Türk Dövlətləri Təşkilatı hökumətlərinin gömrük orqanları arasında malların və nəqliyyat vasitələrinin hərəkəti haqqında məlumat mübadiləsini asanlaşdırmaq məqsədilə atılan addımlar, Azərbaycan-Qazaxıstan münasibətləri və Azərbaycanla Macarıstan arasındakı əlaqələrin mövcud vəziyyəti haqqında təhlillər həyata keçirilib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R