"Bir Pəncərə" İxraca Dəstək Mərkəzi
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradılıb.
İxracatçı sahibkarlar tələb olunan bütün sertifikatları “Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən daha tez, səmərəli, əlavə resurs və vaxt sərf etmədən əldə edə bilir. Bu da öz növbəsində sahibkarın ixrac prosedurunu asanlaşdırır. Mərkəz yerli sahibkarlara konsultasiyaların verilməsi, biznes ideyasına malik şəxslərə biznes planın yazılması, ixrac subsidiyaları, gömrük bəyannamələrinin real vaxt rejimində doldurulması ilə bağlı dəstək göstərir.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində 7 dövlət qurumu xidmət göstərir:
• İqtisadiyyat Nazirliyi tərəfindən ixrac olunan məhsulun mənşə ölkəsini təsdiq edən mənşə sertifikatı;
• Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ixrac olunan yeyinti məhsullarına idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin tələblərinə uyğun olan qida təhlükəsizliyi sertifikatı, bitki və bitkiçilik məhsullarına fitosanitar, heyvan və heyvan mənşəli məhsullar, xammal, yem və yem əlavələri məhsullarına isə beynəlxalq baytarlıq sertifikatı verilir. Bundan başqa, qida sahəsində fəaliyyət göstərən sahibkarların dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi də AQTA tərəfindən reallaşdırılır;
• Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nadir və kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün CITES beynəlxalq icazə sertifikatı;
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini məzmunlu ədəbiyyatın, audio, video materialların ixracı ilə bağlı icazə sənədi;
• Mədəniyyət Nazirliyi tərəfindən mədəni sərvətin (xalça və xalça məmulatları, rəsm əsərləri, sənətkarlıq nümunələri, musiqi alətləri və zərgərlik əşyaları) ixracı zamanı mədəni sərvəti mühafizə şəhadətnaməsi;
• Azərbaycan Standartlaşdırma İnstitutunun təqdim etdiyi uyğunluq sertifikatı;
• Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” Birliyi tərəfindən ixracatçı sahibkarlara deklarasiyaların doldurulması ilə bağlı dəstək verilir.
Əlaqə telefonu: +994502542927
E-mail: office@myexport.az