Prezident İlham Əliyevin İrlandiyaya səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi iki ölkə münasibətlərində növbəti mərhələnin əsasını qoyur. İmzalanan sənəd Azərbaycanın çoxşaxəli və regionda davamlı sülhə yönəlmiş iqtisadi-siyasi kursunun beynəlxalq miqyasda növbəti təsdiqidir.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Ayxan Qədəşov bildirib ki, dünyanın ən aparıcı iqtisadiyyatlarından biri və qlobal innovasiya mərkəzi olan Böyük Britaniyanın Azərbaycanla münasibətləri məhz strateji tərəfdaşlıq səviyyəsinə qaldırması təsadüfi xarakter daşımır. Böyük Britaniyanın güclü texnoloji bazası və qlobal kapital bazarlarındakı həlledici çəkisi fonunda respublikamızla bərabərhüquqlu tərəfdaşlığa getməsi ölkəmizin müstəqil iqtisadi qüdrətinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğuruna verilən birbaşa beynəlxalq qiymətdir. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, qlobal güclər Azərbaycanı artıq yalnız enerji təchizatçısı deyil, bütövlükdə Avrasiya məkanında etibarlı logistika qovşağı və davamlı inkişaf mərkəzi kimi qəbul edirlər.
A.Qədəşov iki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin strukturuna diqqət çəkərək qeyd edib ki, tərəflər arasında formalaşan ticarət dövriyyəsi hər iki iqtisadiyyatın bir-birini necə tamamladığını göstərir. Hazırda ölkəmizə Böyük Britaniyadan əsasən yüksək texnoloji və sənaye tutumlu məhsullar idxal olunur. İxrac strukturuna nəzər saldıqda isə, Azərbaycan və Böyük Britaniya ticarət dövriyyəsində həm enerji və kimya, həm də aqrar, yüngül və ağır sənaye məhsullarının xüsusi çəkiyə malik olduğunu görürük. İxrac portfelimizdə dizel və kerosin yanacağı kimi strateji resurslarla yanaşı, kənd təsərrüfatı və kimya sektorunu təmsil edən məhsullar xüsusi yer tutur.
Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə Böyük Britaniya yalnız mövcud karbohidrogen tərəfdaşlığını deyil, həm də gələcəyin yaşıl iqtisadiyyatını və “Orta Dəhliz”in qlobal təchizat zəncirindəki rolunu dəstəkləyir. Bəyannamədə təhsil, innovasiya və rəqəmsallaşma sahələrinə xüsusi yer ayrılması göstərir ki, tərəflər qarşılıqlı olaraq intellektual potensiala və rəqəmsal tranzit vizyonuna sərmayə yatırırlar. Bu, ənənəvi alqı-satqı münasibətlərindən kənara çıxaraq, hər iki dövlətin süni intellekt, bərpaolunan enerji və kibertəhlükəsizlik sahələrində birgə dəyər yaratması deməkdir.
Müdafiə və təhlükəsizlik kimi məsələlərdə Londonun Bakı ilə ikitərəfli dialoqu inkişaf etdirməsi Azərbaycanın regionda sülh və sabitliyin təminatçısı kimi oynadığı rolun beynəlxalq səviyyədə təsdiqidir. Bu strateji çərçivə ölkəmizin artan qlobal nüfuzunun rəsmiləşməsi olmaqla yanaşı, həm də Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılıq indeksini yüksəldəcək və ölkəmizə keyfiyyətcə yeni, innovasiya tutumlu birbaşa xarici investisiyaların cəlb edilməsinə fundamental zəmin yaradacaq.










Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına…
Dünya Bankı: Azərbaycanın güclü maliyyə dayaqları iqtisadi sabitliyi və yeni inkişaf mərhələsini…
2027–2030-cu illərin dövlət büdcəsi strateji inkişaf prioritetlərinin maliyyələşdirilməsinə…
Tikinti layihələri üzrə vahid koordinasiya mexanizmi icra intizamını və investisiya mühitini…
İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar…