Səhiyyədə yeni idarəetmə modeli xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılmasına yönəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 oktyabr 2026-cı il tarixli “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ölkədə səhiyyə idarəçiliyi sahəsindəki islahatların növbəti mərhələsidir. Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilir. Bu qərar səhiyyə sahəsində dövlət siyasəti ilə tibbi xidmətlərin təşkili arasında əlaqənin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Sevinc Cabbarovanın sözlərinə görə, yeni yanaşma yalnız bir qurumun tabeliyinin dəyişməsi ilə məhdudlaşmır. Fərman TƏBİB-in hüquq və öhdəliklərinin, eləcə də əmlakının yeni hüquqi şəxsə keçməsini, onun cari idarəçiliyinin İdarə Heyəti tərəfindən həyata keçirilməsini və keçid dövründə fəaliyyətin davamlılığını nəzərdə tutur. Beləliklə, təşkilati dəyişiklik aydın hüquqi və institusional mexanizmlə müşayiət olunur.
Bu addım son illərdə səhiyyə sistemində aparılan islahatların məntiqi davamı kimi nəzərdən keçirilə bilər. 2018-ci ildə TƏBİB-in yaradılması tibb müəssisələrinin idarə edilməsində yeni təşkilati çərçivə formalaşdırmışdı. Prezidentin 19 mart 2026-cı il tarixli Fərmanı ilə isə icbari tibbi sığorta üzrə səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib və həmin nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yaradılması nəzərdə tutulub. Agentliyə icbari tibbi sığorta fondunun idarə olunması, tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi funksiyaları verilib. Oktyabr Fərmanı ilə TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə keçirilməsi səhiyyə siyasəti, xidmətlərin təşkili və sığorta maliyyələşdirilməsi arasında yeni institusional iş bölgüsünü daha da müəyyənləşdirir.
Sevinc Cabbarova hesab edir ki, bu funksional bölgünün üstünlüyü müxtəlif idarəetmə qərarlarının vahid səhiyyə prioritetləri ilə uzlaşdırılması imkanındadır. Tibb müəssisələrinin fəaliyyəti, kadr ehtiyacları, infrastruktur və xidmət şəbəkəsi haqqında məlumatların siyasətin formalaşdırılması prosesində nəzərə alınması resursların daha məqsədyönlü planlaşdırılmasına kömək edə bilər. Bununla yanaşı, sığorta üzrə maliyyələşmə mexanizmləri ilə tibbi xidmətlərin faktiki təşkili arasında koordinasiya saxlanılmalıdır. Qurumlar arasında səlahiyyət sərhədlərinin dəqiqliyi, məlumat mübadiləsi və xidmətlərin fasiləsizliyi yeni modelin tətbiqində əsas şərtlər olacaq.
İslahat “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş “Vətəndaşların sağlam həyat tərzi” məqsədi ilə də əlaqəlidir. Həmin istiqamətdə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, ailə həkimi institutunun inkişafı, ana və uşaq sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması, tibbi kadr təminatı, xidmətlərin keyfiyyəti və əlçatanlığı prioritet məsələlər sırasındadır. Yeni idarəetmə çərçivəsi bu tədbirlərin icrası üzrə qurumlararası əlaqələndirməni və ehtiyaclara əsaslanan qərarların qəbulunu dəstəkləyə bilər.
Dəyişikliklərin praktiki əhəmiyyəti ilk növbədə vətəndaşların tibbi xidmətlərə çıxışında özünü göstərəcək. İlkin səhiyyə və ixtisaslaşmış yardım arasında pasiyentlərin düzgün istiqamətləndirilməsi, regionlar üzrə tibb işçilərinin ehtiyaca uyğun bölgüsü, qəbul və müayinə proseslərinin təşkili bu baxımdan xüsusi önəm daşıyır. Rəqəmsal səhiyyə həllərinin və tibb müəssisələri arasında məlumat mübadiləsinin gücləndirilməsi də xidmətlərin daha əlaqəli göstərilməsinə və idarəetmə qərarlarının məlumat əsasında qəbuluna imkan verə bilər.
Yeni modelin real nəticələrinin qiymətləndirilməsi üçün davamlı monitorinq mühüm rol oynayacaq. Həkim qəbuluna və diaqnostik müayinələrə gözləmə müddəti, ilkin səhiyyə xidmətləri ilə əhatə, regionlarda kadr təminatı, pasiyentlərin yönləndirilməsinin səmərəliliyi, tibb müəssisələrinin fəaliyyət göstəriciləri və vətəndaş məmnunluğu kimi indikatorlar bu məqsədlə izlənilə bilər. Belə qiymətləndirmə təşkilati dəyişikliklərin faktiki xidmət nəticələrinə təsirini müəyyənləşdirməyə, həmçinin əlavə tənzimləmə tələb edən sahələri vaxtında aşkar etməyə şərait yaradacaq.
Ümumilikdə, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində idarəetmə mexanizmlərinin yenidən qurulması və qurumlararası məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi istiqamətində həyata keçirilmiş islahatların tərkib hissəsidir. Bu yanaşmanın səmərəliliyi özünü yalnız institusional dəyişikliklərin həyata keçirilməsində deyil, eyni zamanda tibbi xidmətlərin əlçatanlığının, keyfiyyət və davamlılığının artmasında da göstərəcək.




Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib