Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uzunmüddətli sosial-iqtisadi inkişafın tərkib hissəsi kimi qiymətləndirilir. Bu şəraitdə dövlətin uğuru infrastrukturun bərpası ilə yanaşı, qayıdan əhalinin dayanıqlı məskunlaşması, məşğulluq təminatı və bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyası ilə müəyyən olunur. Məhz bu meyarlar Böyük Qayıdışa dair I Dövlət Proqramını beynəlxalq təcrübədə postkonfliktdən sonrakı bərpanın özünəməxsus modeli kimi fərqləndirir.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Təranə Salıfova bildirib ki, Böyük Qayıdış artıq tikinti mərhələsindən dayanıqlı məskunlaşma və iqtisadi həyatın bərpası mərhələsinə keçib. Bu proses ilk növbədə məcburi köçkünlərin doğma torpaqlarına fiziki qayıdışı nəzərdə tutsa da, eyni zamanda uzunmüddətli sosial-iqtisadi inkişafın, institusional idarəetmənin və dayanıqlı məskunlaşma modelinin formalaşdırılması kimi də qiymətləndirmək olar. Böyük Qayıdış planlı və mərhələli olaraq Dövlət Proqramı çərçivəsində icra olunur və ilk mərhələdə minatəmizləmə olmaqla, yol-nəqliyyat şəbəkəsinin qurulması, enerji, su və kommunikasiya xətlərinin bərpası qayıdışın fundamental şərtləri kimi müəyyənləşdirilib.
Növbəti mərhələdə əsas məsələlərdən biri qayıdışın coğrafi arealının genişləndirilməsi və qayıdan əhalinin sosial-iqtisadi təminatının gücləndirilməsidir. Ağdam şəhərinə 365 nəfərdən ibarət 118 ailə, Sarıcalı kəndinə 10 nəfərdən ibarət 2 ailə, Ağdərə rayonunun Çapar kəndinə 11 nəfərdən ibarət 4 ailə, Aşağı Oratağ kəndinə 9 nəfərdən ibarət 4 ailə, Vəngli kəndinə 18 nəfərdən ibarət 5 ailə, Cəbrayıl şəhərinə 4 nəfərdən ibarət 1 ailə, Şükürbəyli kəndinə 362 nəfərdən ibarət 58 ailə, Xankəndi şəhərinə 13 nəfərdən ibarət 3 ailə, Kərkicahan qəsəbəsinə 22 nəfərdən ibarət 5 ailə, Xocalı şəhərinə 78 nəfərdən ibarət 17 ailə, Ballıca kəndinə 4 nəfərdən ibarət 1 ailə, Xanabad kəndinə 15 nəfərdən ibarət 3 ailə, Xanyurdu kəndinə 22 nəfərdən ibarət 5 ailə, Təzəbinə kəndinə 31 nəfərdən ibarət 7 ailə, Xocavənd şəhərinə 190 nəfərdən ibarət 49 ailə, Qırmızı Bazar qəsəbəsinə 44 nəfərdən ibarət 9 ailə, Quzeyxırman kəndinə 41 nəfərdən ibarət 8 ailə, Güneyxırman kəndinə 4 nəfərdən ibarət 1 ailə, Xocavəndkənd kəndinə 4 nəfərdən ibarət 1 ailə, Laçın şəhərinə isə 4 nəfərdən ibarət 1 ailə köçürülərək məskunlaşdırılıb. Ümumilikdə, 2026-cı ilin sentyabr ayı ərzində 1 251 nəfərdən ibarət 302 ailənin köçü həyata keçirilib.
Təranə Salıfova vurğulayıb ki, hazırda prosesə həm də sosial-iqtisadi bərpa kimi baxılır. Qayıdan əhalinin məşğulluğu, sosial müdafiəsi, təhsil və səhiyyə xidmətlərinə çıxışı dövlət prioritetləri sırasındadır. Qayıdan əhali doğma yurdlarında işlə təmin olunaraq layiqli həyat qurur. Bu yanaşmanın əyani nəticələri sənaye xəritəsində də görünür. Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası kimi istehsal mərkəzləri, ağıllı kənd və ağıllı şəhər layihələri, investisiya və vergi güzəştləri bölgədə iqtisadi fəaliyyəti genişləndirir. Cari ildə Prezident İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin, Xocalı şəhərində isə "Qarabağ Tekstil Evi" MMC-nin açılış mərasimləri keçirilib. Xocalı rayonunun Əsgəran qəsəbəsində fəaliyyət göstərən "AzCement" müəssisəsi illik 60 min ton gücü ilə sement istehsalını həyata keçirir, burada 70 nəfərin məşğulluğu nəzərdə tutulub.
Dağ-mədən sənayesinin inkişafı çərçivəsində Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksi fəaliyyətə başlayıb. Bu işğaldan azad edilmiş ərazilərdə dağ-mədən sahəsi üzrə fəaliyyətə başlayan ilk layihədir və 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Kompleksdə 980 nəfər daimi işlə təmin olunub, onlardan 260 nəfəri keçmiş məcburi köçkünlər və qayıdan sakinlərdir, növbəti illərdə iş yerlərinin sayı 1250-yə çatdırılacaq.
Dövlət başçısının da vurğuladığı kimi, bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. Qayıdış yalnız evlərin tikilməsi ilə bitmir, onun dayanıqlılığı məşğulluq, sosial xidmətlər və iqtisadi fəaliyyətin bərpası ilə təmin olunur. İqtisadi baxımdan Böyük Qayıdış regionların potensialının yenidən aktivləşdirilməsi deməkdir və bu yanaşma sosial rifahı artırmaqla yanaşı, regionu ölkə iqtisadiyyatının fəal subyektinə çevirmək məqsədi daşıyır.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib