Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə

Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə

Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (E-Government Development Index – EGDI) üzrə 36 pillə irəliləyərək 194 ölkə arasında 38-ci yerə yüksəlməsi elektron hökumətin inkişafı sahəsində əhəmiyyətli nəticədir.

Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva bildirib.

BMT-nin 2026-cı il hesabatının nəticələrini şərh edən ekspert deyib ki, Azərbaycanın elektron hökumət sahəsində əldə etdiyi irəliləyiş rəqəmsal dövlət xidmətlərinin inkişafı, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların nəticəsidir.

Onun sözlərinə görə, iki ildən bir dərc olunan hesabatda ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsi üç əsas komponent – Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastruktur İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) üzrə qiymətləndirilir. 2026-cı ildə hesabatın metodologiyası təkmilləşdirilərək həyat hadisələrinə əsaslanan xidmətlər, vətəndaşların rəqəmsal proseslərdə iştirakı, hökumətin rəqəmsal infrastrukturu, elektron hökumət savadlılığı və dövlət xidmətlərində süni intellektin tətbiqi kimi istiqamətlər də qiymətləndirməyə daxil edilib.

İ.Mehrəliyeva qeyd edib ki, Azərbaycanın EGDI göstəricisi 2024-cü ildəki 0,7607 baldan 2026-cı ildə 0,8847 bala yüksəlib. Bu, iki il ərzində 16,3 % artım deməkdir. Müqayisə üçün, həmin dövrdə dünya üzrə orta göstəricinin artımı 4,6 % təşkil edib. Nəticədə Azərbaycan "Çox Yüksək Elektron Hökumət İnkişafı" (Very High EGDI) kateqoriyasının V3 altqrupuna daxil olub. Bu altqrupda Kanada, Çin, Yaponiya, Avstriya, Türkiyə və Özbəkistan kimi ölkələr də təmsil olunur.

Rəqəmsal Ticarət Qovşağının rəhbəri vurğulayıb ki, Azərbaycanın ən yüksək nəticə göstərdiyi istiqamət Onlayn Xidmətlər İndeksidir. Ölkəmiz bu göstərici üzrə 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib və Böyük Britaniya, İslandiya, ABŞ, Kanada və Norveç kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Xüsusilə xidmətlərin təqdim edilməsi altindeksi üzrə Azərbaycanın dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşması diqqətəlayiqdir. Bu nəticələr dövlət xidmətlərinin rəqəmsal platformalar üzərindən təqdim edilməsi, xidmətlər arasında inteqrasiyanın genişləndirilməsi və istifadəçi ehtiyaclarına uyğun rəqəmsal həllərin inkişafı baxımından mühüm göstəricidir.

İ.Mehrəliyevanın sözlərinə görə, Telekommunikasiya İnfrastruktur İndeksi üzrə də müsbət dinamika qeydə alınıb. Azərbaycanın bu indeks üzrə göstəricisi 2024-cü illə müqayisədə 9,4 % artıb. Dünya üzrə orta artım isə 2,1 % təşkil edib. Qiymətləndirmədə rəqəmsal identifikasiya, dövlət portalları, qurumlararası məlumat mübadiləsi, açıq məlumatlar və təhlükəsiz rəqəmsal platformalar kimi istiqamətlər də nəzərə alınıb. Azərbaycan bu komponent üzrə Türkiyə və Ermənistanı qabaqlayıb.

İnsan Kapitalı İndeksi üzrə də əhəmiyyətli irəliləyiş əldə olunub. Belə ki, Azərbaycanın göstəricisi 0,7233 baldan 0,8067 bala yüksələrək 11,5 % artıb. Ölkəmiz bu indeks üzrə Çin və Ermənistanı qabaqlayıb. İ.Mehrəliyeva vurğulayıb ki, insan kapitalının qiymətləndirilməsi zamanı əhalinin təhsil səviyyəsi ilə yanaşı, rəqəmsal dövlət xidmətlərindən istifadə imkanları və elektron hökumət savadlılığı da nəzərə alınır.

Ekspert diqqətə çatdırıb ki, BMT-nin 2026-cı il hesabatında Azərbaycanın irəliləyişi "myGov" platformasının inkişafı, rəqəmsal identifikasiya və sənədləşmə imkanlarının genişləndirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, Hökumət Buludunun inkişafı, rəqəmsallaşma sahəsində koordinasiyanın gücləndirilməsi, eləcə də rəqəmsal inkişaf və süni intellekt üzrə strateji təşəbbüslərlə əlaqələndirilir.

İ.Mehrəliyeva əlavə edib ki, növbəti mərhələdə əsas prioritet Onlayn Xidmətlər İndeksi üzrə əldə edilmiş yüksək nəticənin qorunması ilə yanaşı, rəqəmsal infrastrukturun və insan kapitalının inkişaf tempinin artırılmasıdır. Bu istiqamətdə Azərbaycanın vahid rəqəmsal arxitekturasının formalaşdırılması, Rəqəmsal İnkişaf Şurasının yaradılması, "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı", "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya", "2025–2028-ci illər üçün süni intellekt Strategiyası" və "Rəqəmsal İnkişaf Konsepsiyası" mühüm əhəmiyyət daşıyır.

Onun fikrincə, qeyd olunan strateji sənədlərin əlaqələndirilmiş və nəticəyönümlü icrası Azərbaycanın beynəlxalq rəqəmsal inkişaf reytinqlərində mövqeyinin daha da güclənməsinə, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına şərait yaradacaq. Eyni zamanda, innovasiya və süni intellekt potensialının reallaşdırılması, biznes mühitinin rəqabət qabiliyyətinin artırılması və ölkənin qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasının dərinləşdirilməsi baxımından yeni imkanlar formalaşacaq.

Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə