ŞƏRH: BVF-nin Azərbaycan proqnozu: xarici mövqe güclənir, qeyri-neft artımı sürətlənir

ŞƏRH: BVF-nin Azərbaycan proqnozu: xarici mövqe güclənir, qeyri-neft artımı sürətlənir

Beynəlxalq Valyuta Fondunun oktyabr proqnozuna görə, Azərbaycanın cari hesab profisiti 2026-cı ildə ÜDM-in 11,3 faizinə yüksələcək, ümumi dövlət borcunun ÜDM-ə nisbəti isə 16,5 faizə enəcək. Fond 2027-ci ildə qeyri-neft sektorunun 3,3 faiz böyüyəcəyini gözləyir. Bu üç göstərici Azərbaycanın xarici maliyyə dayanıqlığı və iqtisadi şaxələndirmə perspektivləri barədə hesabatın əsas mesajını ifadə edir.

Beynəlxalq Valyuta Fondu (BVF) dərc etdiyi “Regional Economic Outlook: Middle East and Central Asia - Steering Through Uncertainty: Strengthening Resilience in Challenging Times” hesabatında 32 ölkə və ərazinin iqtisadi perspektivlərini qiymətləndirib. Başqa hal göstərilmədikdə, proqnozlar 2026-cı ilin sentyabr ayının sonunadək mövcud olan statistik məlumatlara əsaslanır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdir müavini Rəşad Nəcəfli bildirib ki, hesabatın Azərbaycanla bağlı diqqətçəkən nəticəsi iki meylin eyni vaxtda müşahidə olunmasıdır: Fond real iqtisadi artım proqnozuna aprellə müqayisədə aşağı istiqamətdə düzəliş etsə də, ölkənin 2026-cı ildə xarici mövqeyinin əvvəl gözlənildiyindən daha sürətlə yaxşılaşacağını bildirir. Bu fərq neftin qiyməti ilə hasilat həcminin iqtisadiyyata təsirini ayrı qiymətləndirməyin vacibliyini göstərir. Daha yüksək ixrac qiyməti ölkənin valyuta gəlirlərini artırır, hasilat həcminin azalması isə real ÜDM artımını məhdudlaşdıra bilir.

BVF Azərbaycanı Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçıları arasında 2026-cı ildə xarici mövqeyinin aprel proqnozunda nəzərdə tutulduğundan daha sürətlə yaxşılaşacağı gözlənilən ölkələrdən biri kimi göstərir. Fond bunu daha yüksək neft gəlirləri ilə əlaqələndirir. Statistik əlavəyə görə, Azərbaycanın cari hesab profisiti 2025-ci ildə ÜDM-in 4,6 faizini təşkil edib. Bu göstəricinin 2026-cı ildə 11,3 faizə yüksələcəyi, enerji qiymətlərinin mülayimləşməsi fonunda isə 2027-ci ildə 9,8 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır.

Müsbət dinamika rəsmi ehtiyatlarda da görünür. BVF onların 2025-ci ildəki 11,5 milyard ABŞ dollarından 2026-cı ildə 15,4 milyard dollara, 2027-ci ildə isə 17,7 milyard dollara yüksələcəyini gözləyir. Ehtiyatların növbəti ilin idxalını qarşılama müddəti də 2025-ci ildəki 5,9 aydan 2026-cı ildə 7,7 aya, 2027-ci ildə isə 8,6 aya çatır. Yəni Fondun baza ssenarisində 2027-ci ildə cari hesab profisiti daralsa da, ehtiyatlar həm məbləğ, həm də idxalı qarşılama qabiliyyəti baxımından artır.

BVF-nin statistik əlavəsində Azərbaycanın ümumi dövlət sektoru üzrə fiskal profisiti 2025-ci ildə ÜDM-in 2,6 faizi səviyyəsində göstərilir. Fond bu göstəricinin 2026-cı ildə 3,7 faizə yüksələcəyini, 2027-ci ildə isə 3,1 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu hesablamaya dövlət büdcəsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası, Dövlət Neft Fondu və Dövlət Sosial Müdafiə Fondu da daxildir.

Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ildəki 20,1 faizdən 2026-cı ildə 16,5 faizə, 2027-ci ildə isə 16,4 faizə enəcəyi gözlənilir. Bu, 2025-ci illə müqayisədə 3,7 faiz bəndi azalma deməkdir. Fond Azərbaycanda fiskal konsolidasiyanın 2026-cı ildən sonra da davam edəcəyini gözləyir. Borc nisbətinin aşağı düşməsi və fiskal profisitin qorunması xarici şoklar qarşısında ölkənin manevr imkanlarını dəstəkləyir.

Fond Azərbaycanın real ÜDM artımının 2025-ci ildəki 1,4 faizdən 2026-cı ildə 1,7 faizə, 2027-ci ildə isə 2,3 faizə yüksələcəyini proqnozlaşdırır. Qeyri-neft sektorunda artım daha yüksəkdir: 2025-ci ildə 2,7 faiz, 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə 3,3 faiz. Eyni dövrdə neft sektorunda real əlavə dəyərin azalacağı, lakin daralmanın 2025-ci ildəki 1,6 faizdən 2026-cı ildə 1,5 faizə, 2027-ci ildə isə 0,5 faizə qədər zəifləyəcəyi gözlənilir.

Qiymət dinamikasında BVF 2027-ci ildə mülayimləşmə gözləyir. Orta illik inflyasiyanın 2025-ci ildəki 5,6 faizdən 2026-cı ildə 5,8 faizə yüksələcəyi, 2027-ci ildə isə yenidən 5,6 faizə enəcəyi proqnozlaşdırılır. İlin sonuna inflyasiya üzrə proqnoz 2026-cı il üçün 6,0 faiz, 2027-ci il üçün 5,6 faizdir.

BVF Qafqaz və Mərkəzi Asiyada real iqtisadi artımın 2025-ci ildəki 6,2 faizdən 2026-cı ildə 5,2 faizə, 2027-ci ildə isə 5,0 faizə enəcəyini gözləyir. Fond regionun xarici şoklara nisbətən dayanıqlı reaksiya verdiyini, iqtisadi fəallığın və pul köçürmələrinin bu dayanıqlığı dəstəklədiyini qeyd edir. Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan qrupunda isə baza ssenarisi 2026-cı ildə 1,3 faiz daralma, 2027-ci ildə 6,6 faiz artım nəzərdə tutur. Bu bərpa təhlükəsizlik və ticarət şəraitinin normallaşmasından asılıdır.

Mənbə: https://data.imf.org/en/datasets/IMF.MCD%3AMCDREO

https://www.elibrary.imf.org/display/book/9798229056908/9798229056908.xml