İİTKM-in şöbə müdiri Çində beynəlxalq təlimdə iştirak edib

İİTKM-in şöbə müdiri Çində beynəlxalq təlimdə iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova Çin Xalq Respublikasında keçirilən beynəlxalq təlimdə iştirak edib.

Çin Xalq Respublikasının Ticarət Nazirliyi tərəfindən təşkil olunan təlim “Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində ərzaq və kənd təsərrüfatı məhsullarının standartlaşdırılması” mövzusuna həsr olunub. Təlim proqramında Azərbaycan, Qrenada, Tanzaniyanın Zanzibar bölgəsi və digər ölkələrdən nümayəndələr iştirak ediblər.

Pekin və Uhan şəhərlərində keçirilən təlim çərçivəsində qida təhlükəsizliyi, kənd təsərrüfatı məhsullarının standartlaşdırılması, keyfiyyətə nəzarət və beynəlxalq sertifikatlaşdırma mexanizmləri ilə bağlı mühazirələr təşkil olunub. İştirakçılara Çinin bu sahədə dövlət siyasəti, institusional idarəetmə təcrübəsi və innovativ texnologiyaların tətbiqi barədə məlumat verilib. Proqram çərçivəsində sənaye müəssisələrinə və tədqiqat mərkəzlərinə səfərlər təşkil olunaraq istehsal prosesləri və keyfiyyətə nəzarət mexanizmləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Təlim zamanı qida təhlükəsizliyi sahəsində ictimai məlumatlılığın artırılması, əhalinin etibarlı və elmi əsaslandırılmış informasiya ilə təmin olunması, eləcə də istehlakçıların maarifləndirilməsinin əhəmiyyəti xüsusi diqqət çəkib. Bu sahədə effektiv kommunikasiya strategiyalarının tətbiqinin, dövlət qurumları ilə ictimaiyyət arasında şəffaf informasiya mübadiləsinin və risk kommunikasiyasının gücləndirilməsinin vacibliyi ön plana çıxıb.

Zənurə Talıbova təlim çərçivəsində əldə olunan biliklərin qida təhlükəsizliyi kimi sosial əhəmiyyətli sahələrdə ictimai kommunikasiyanın düzgün qurulması və maarifləndirmə fəaliyyətinin təkmilləşdirilməsi baxımından faydalı olduğunu qeyd edib. O, qida təhlükəsizliyi ilə bağlı məlumatların ictimaiyyətə anlaşıqlı və əlçatan formada çatdırılmasının istehlakçı davranışlarının formalaşmasında, ictimai etimadın gücləndirilməsində və mümkün risklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Təlimin yekun tədbirində Azərbaycan nümayəndə heyəti adından çıxış edən Zənurə Talıbova təşkilatçılara təşəkkürünü bildirərək beynəlxalq təcrübə mübadiləsinin peşəkar biliklərin artırılması və ölkələrarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.

İİTKM-in şöbə müdiri Çində beynəlxalq təlimdə iştirak edib
İİTKM-in şöbə müdiri Çində beynəlxalq təlimdə iştirak edib