İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Zaqatala, Qax və İsmayıllı rayonlarında davam etdirib

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Zaqatala, Qax və İsmayıllı rayonlarında davam etdirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının monitorinqi və qiymətləndirilməsi çərçivəsində Zaqatala, Qax və İsmayıllı rayonlarında həyata keçirilən layihələrə yerində baxış keçirib.

Səfərdə İİTKM-in, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri iştirak ediblər. Səfərin məqsədi Strategiya üzrə görülmüş işlərlə tanış olmaq, layihələrin icra vəziyyətini və nəzərdə tutulan nəticələri qiymətləndirmək, həmçinin monitorinq üçün əlavə məlumatlar əldə etməkdir.

Monitorinq qrupu Zaqatala və Balakən rayonlarını əhatə edən Böyük Qafqaz Biosfer Qoruğunda olublar. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə və burada yerləşən infrastruktur obyektlərinə baxış keçirilib. UNESCO-nun Dünya Biosfer Qoruqları Şəbəkəsinə daxil edilmiş bu ərazidə biomüxtəlifliyin mühafizəsi və ekoturizmin inkişafı imkanları ilə tanışlıq olub. Daha sonra Balakən rayonunda Katex şəlaləsinə aparan yolun mövcud vəziyyəti yerində öyrənilib. Səfər zamanı qoruğun turizm potensialı və ətraf rayonların sosial-iqtisadi inkişafına verə biləcəyi töhfələr nəzərdən keçirilib.

Qax rayonunun İlisu kəndində “Turistik kənd” layihəsi çərçivəsində abadlıq və turizm infrastrukturunun yenilənməsi işlərinə baxış keçirilib. Kəndin mərkəzində söhbətgahların, istirahət və xidmət guşələrinin yaradıldığı, infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin davam etdiyi bildirilib. Həmçinin Sarıbaş kəndi üçün turizmin inkişafı konsepsiyasının hazırlandığı və müvafiq işlərə başlanıldığı qeyd edilib. Bu tədbirlərin kənd turizminin inkişafına və yerli iqtisadi fəallığın artırılmasına töhfə verməsi nəzərdə tutulur.

İsmayıllı rayonunda Şahdağ Milli Parkının İsmayıllı regional bölməsinə baxış keçirilib. Bildirilib ki, 44 596 hektar sahəyə malik bu bölmə Milli Parkın ən böyük regional bölməsidir və onun ümumi ərazisinin təqribən 34 faizini təşkil edir. Bölmədə reintroduksiya edilmiş 100-ə yaxın zubr və 9 baş maralın olduğu barədə məlumat verilib. Səfər zamanı reintroduksiya tədbirlərinin gedişi, heyvanların qidalanması və mühafizəsi, eləcə də bu istiqamətdə qarşıya çıxan məsələlər öyrənilib.

Monitorinq səfərində təbiətin mühafizəsi, ekoturizm və turizm infrastrukturu üzrə görülmüş işlər, layihələrin icra vəziyyəti və gələcək inkişaf imkanları diqqət mərkəzində olub. Əldə edilən məlumatların Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsində nəzərə alınması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli  3378 nömrəli Sərəncamına əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM həyata keçirir.

İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Zaqatala, Qax və İsmayıllı rayonlarında davam etdirib
İİTKM sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinqi Zaqatala, Qax və İsmayıllı rayonlarında davam etdirib