İİTKM Sosial-iqtisadi inkişaf Strategiyası üzrə monitorinq səfərlərinə başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində bölgələrə səfərlərə başlayıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Energetika Nazirliyinin, “Azərenerji” ASC-nin, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Azərbaycanın “SOCAR Green” şirkətlərinin nümayəndələrinin iştirakı ilə səfərin ilk günündə Biləsuvar, Qaradağ, Hacıqabul və Ağdaşda həyata keçirilən enerji infrastrukturu layihələrinə yerində baxış keçirib. Səfərin əsas məqsədi Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı mövcud vəziyyətlə tanış olmaq, görülmüş işlərin və əldə olunan nəticələrin yerində nəzərdən keçirilməsidir.
Monitorinq çərçivəsində ilk olaraq Biləsuvar rayonunda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Azərbaycanın “SOCAR Green” şirkətləri tərəfindən birgə həyata keçirilən 445 MVt gücündə “Biləsuvar” Günəş Elektrik Stansiyasının tikintisi ilə tanışlıq olub. Təqdim edilən məlumatlara əsasən, stansiyada tikinti işlərinin təqribən 90 faizi tamamlanıb. Layihənin reallaşdırılması nəticəsində təxminən 190 min ev təsərrüfatının təmiz elektrik enerjisi ilə təmin edilməsi və illik 400 min tona yaxın karbon qazı emissiyasının qarşısının alınması gözlənilir.
Daha sonra Bakı şəhərinin Qaradağ rayonunda yerləşən, 2026-cı il sentyabrın 16-da istismara verilmiş 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasına səfər edilib. Səfər zamanı stansiyanın fəaliyyəti və burada yaradılmış enerji infrastrukturu ilə yerində tanış olunub.
Səfər Hacıqabul rayonunda yerləşən 500/330 kV-luq “Nəvahi” yarımstansiyasında davam etdirilib. Monitorinq zamanı yarımstansiyanın tikintisi və yeni ötürücü xətlərin çəkilməsi istiqamətində görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, layihənin birinci mərhələsi çərçivəsində yarımstansiya inşa edilib, “Abşeron” yarımstansiyasına 500 kV-luq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına isə 330 kV-luq ötürücü xətlər çəkilib. Dünya Bankının maliyyələşdirdiyi hissə üzrə 235 kilometr uzunluğunda elektrik ötürücü xəttinin və əlaqəli enerji infrastrukturu obyektlərinin tikintisinə hazırlıq və icra işləri davam etdirilir.
Səfər çərçivəsində Ağdaş rayonunda yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyasının ərazisində yaradılan 125 MVt gücündə və 250 MVt-saat tutumunda Batareya Enerji Saxlanc Mərkəzinə də yerində baxış keçirilib. Mərkəzdə həyata keçirilmiş tikinti-quraşdırma işləri, enerji saxlanc sistemlərinin elektrik şəbəkəsinə inteqrasiyası və enerji sisteminin dayanıqlığının artırılmasında rolu ilə bağlı məsələlər nəzərdən keçirilib.
Yerində baxışlar zamanı enerji layihələrinin icra vəziyyəti, görülmüş işlərin nəticələri, bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə inteqrasiyası və enerji saxlanc infrastrukturundan səmərəli istifadə imkanları diqqət mərkəzində olub. Səfər çərçivəsində əldə edilən məlumatların Strategiyanın icrasının monitorinqi və qiymətləndirilməsində nəzərə alınması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.
2026-cı ilin Strategiyanın icrasının yekun ili olması nəzərə alınaraq təşkil edilən monitorinq səfərlərinin növbəti mərhələsində Zaqatala, Qax, İsmayıllı, Qəbələ, Bərdə, Bakı və Sumqayıtda, eləcə də Ələt Azad İqtisadi Zonasında ekologiya, turizm, səhiyyə, təhsil, innovasiya və digər istiqamətlər üzrə həyata keçirilən layihələrin icra vəziyyətinin yerində qiymətləndirilməsi nəzərdə tutulur.









Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf