İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində İslahat Könüllülərinin təşəbbüsü ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi əbədi, əzəli və dönməzdir” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşün qonağı tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov olub.

Tədbiri giriş nitqi ilə açan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn mövzunun tarixi-siyasi aktuallığını və ictimai əhəmiyyətini vurğulayıb. O, dövlət müstəqilliyinin xalqımızın milli iradəsinin və dövlətçilik ənənələrinin təcəssümü olduğunu qeyd edərək, müstəqillik tariximizin gənc nəslə elmi əsaslarla çatdırılmasının, tarixi yaddaşın qorunmasının və dövlətçilik dəyərlərinin təbliğinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin komitə sədri Anar İsgəndərov geniş məruzə ilə çıxış edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi-siyasi əhəmiyyəti, milli dövlətçilik ənənələrinin inkişaf mərhələləri, müstəqilliyimizin qorunması və suverenliyimizin möhkəmləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin ölkəmizin müasir dövlətçilik tarixinin mühüm hadisələri ətrafında könüllü gənclərlə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı milli dövlətçilik irsinin gənc nəslə elmi və tarixi əsaslarla çatdırılmasının, müstəqillik dəyərlərinin təşviqinin və vətəndaş məsuliyyətinin gücləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, bu cür maarifləndirici təşəbbüslər gənclərin tarixi biliklərinin zənginləşdirilməsinə, milli kimlik şüurunun möhkəmləndirilməsinə, dövlətçilik dəyərlərinə sadiq və vətənpərvər nəslin formalaşmasına mühüm töhfə verir.

Tədbirdə İslahat Könüllüləri ilə yanaşı, “Könüllü gömrükçü” dəstəsinin, Dövlət İmtahan Mərkəzinin könüllülərinin, “Ədliyyə Könüllüləri”nin, “ASAN Könüllüləri”nin, “Aqrar İnkişaf Könüllüləri”nin nümayəndələri və müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.