Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır

Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2026-cı il tarixli “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncamı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji tarazlığın bərpası, biomüxtəlifliyin qorunması və dayanıqlı turizm imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Sərəncama əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarından ümumilikdə 88 418 hektar ərazi xüsusi qorunan ərazilər kateqoriyasına aid edilərək Qarabağ Milli Parkının tərkibinə verilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, Qarabağ Milli Parkının yaradılmasına yalnız ekoloji mühafizə tədbiri kimi deyil, regionun uzunmüddətli sosial-iqtisadi inkişaf modelinin tərkib hissəsi kimi yanaşmaq mümkündür. Milli Park eyni zamanda iki iqtisadi rayonu və fərqli təbii-landşaft zonalarını əhatə etməklə ekosistemlərin daha sistemli və vahid yanaşma əsasında idarə olunması üçün geniş ərazi çərçivəsi formalaşdırır.

Sərəncamda biomüxtəlifliyin bərpası və qorunması ilə yanaşı, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, təbii sərvətlərdən dayanıqlı istifadə, sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafı əsas məqsədlər sırasında göstərilib. İşğaldan azad edilmiş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpasından sonra Qarabağ Milli Parkının yaradılması bu ərazilərdə mühafizə olunan təbiət sahələrinin daha sistemli şəbəkə şəklində formalaşdırılması baxımından da əhəmiyyət daşıyır.

Ə.Dadaşovun fikrincə, bu yanaşma “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in həm “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış”, həm də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetləri ilə uzlaşır. Milli Prioritetlərdə işğaldan azad olunmuş ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası ilə yanaşı, yüksək keyfiyyətli ekoloji mühitin qorunması, təbii resurslardan səmərəli istifadə və ekoloji tarazlığın bərpası əsas istiqamətlər kimi müəyyən edilib.

Qarabağ Milli Parkının yaradılması ilə regionun təbii və mədəni potensialı əsasında müalicəvi turizm, istirahət turizmi və ekoturizm imkanlarının inkişaf etdirilməsi də Böyük Qayıdış çərçivəsində formalaşan iqtisadi fəaliyyət istiqamətləri ilə səsləşir. Bu baxımdan Milli Parkın əhatə etdiyi Şuşa, Laçın və Kəlbəcər kimi ərazilərdə formalaşmaqda olan nəqliyyat, yerləşdirmə və xidmət infrastrukturu ilə təbiət əsaslı turizm məhsullarının gələcəkdə əlaqələndirilməsi mümkündür. Ekoturizm ərazinin daşıma qabiliyyəti, marşrutların zonalaşdırılması, biomüxtəlifliyin monitorinqi, tullantıların idarə edilməsi və yerli icmaların prosesə cəlb olunması əsasında təşkil edildikdə daha dayanıqlı iqtisadi nəticə yarada bilər.

Yeni Milli Parkın turizm baxımından əhəmiyyəti Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramın məqsədləri ilə də uzlaşır. Dövlət Proqramında regionlarda turizmin inkişafının təşviqi, rəqabətqabiliyyətli turizm məhsullarının formalaşdırılması və turizm layihələrinə investisiyanın stimullaşdırılması əsas istiqamətlər sırasındadır. Qarabağ Milli Parkı həmin çərçivədə təbiət əsaslı və ekoloji turizm məhsullarının formalaşdırılması üçün yeni resurs bazası yarada bilər.

Ə.Dadaşov əlavə edib ki, Milli Parkın iqtisadi təsirini yalnız turist sayının artımı ilə ölçmək düzgün olmazdı. Burada daha geniş dəyər zənciri – ekoloji bələdçilik, kənd və ailə tipli yerləşdirmə, yerli qida məhsulları, sənətkarlıq, nəqliyyat xidmətləri, təbiət müşahidəsi və digər kiçik sahibkarlıq fəaliyyətləri üzrə imkanlar nəzərə alına bilər. Eyni zamanda, Milli Parkın yaradılması regionun təbii irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından da əhəmiyyət daşıyır. Təbii ekosistemlərin elmi əsaslarla qorunması, nadir növlərin bərpası və ekoloji turizmin idarə olunan şəkildə təşkili Qarabağ və Şərqi Zəngəzurun turizm təqdimatında yalnız tarixi-mədəni irsin deyil, təbii irsin də daha sistemli şəkildə yer almasına imkan verə bilər.

Qeyd edək ki, Qarabağ Milli Parkına Ağdərə rayonundan 44 773,79 hektar, Xocalı rayonundan 24 597,80 hektar, Kəlbəcər rayonundan 13 514,98 hektar, Şuşa rayonundan           5 314,34 hektar və Laçın rayonundan 217,09 hektar dövlət torpağı daxil edilib. Milli Parkın ümumi sahəsi 88 418 hektardır.