Azərbaycan Respublikasının Prezidenti 4 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Təranə Salıfova bu dəyişiklikdən irəli gələn məsələləri şərh edib.
T. Salıfova bildirib ki, davamlı və yüksək iqtisadi artımın təmin olunmasına xidmət edən dəyişikliyə əsasən, Strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30%, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi hədəflənir.
Dəyişiklikdən əvvəl müvafiq göstəricilər ümumi dövlət borcunun ÜDM-də payının 20%, o cümlədən xarici dövlət borcunun ÜDM-də payının isə 10% ətrafında saxlanması nəzərdə tutulmuşdu. Prezident İlham Əliyevin 11 iyul 2023-cü il tarixində keçirilmiş cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də qeyd etdiyi kimi, ötən dövr ərzində qoyulmuş hədəfə nail olunub, xarici dövlət borcumuz 6,7 milyard dollar təşkil etməklə ÜDM-in təxminən 10 faizini təşkil edib.
T. Salıfova bildirib ki, müvafiq dəyişikliklərdən irəli gələrək 2023-cü ilin II yarımili üzrə Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorlarının illər üzrə bölgüsünü müəyyən edən İndikator cədvəli yenidən nəzərdən keçirilməklə aralıq və yekun nəticə indikatorlarında da müvafiq dəyişikliklər öz əksini tapacaq.
Yuxarıda qeyd etdiyimiz dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi”ndə öz əksini tapıb.
Bununla yanaşı, Çərçivə sənədində bir sıra əlavə dəyişikliklər də edilib. Belə ki, xarici dövlət borcunun qaytarılması ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədlərindən irəli gələrək prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün 5 milyard ABŞ dollarınadək xarici borcun cəlb edilə biləcəyi qeyd olunub. Bu səbəbdən xarici dövlət borcunun ÜDM-yə nisbəti göstəricisi (10%) xarici dövlət borcunun nominal ifadədə təsbit olunan yuxarı hədd göstəricisi (10 milyard ABŞ dolları) ilə əvəz olunub.
Yeni dəyişikliyə əsasən, 2025-ci ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.









Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
Azərbaycan və Mərkəzi Asiya: iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
İİTKM-də “The Coca-Cola Company” nümayəndələri ilə görüş keçirilib
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə görüşlər…
İİTKM dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramının monitorinqi üçün yeni modul…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib