Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkənin daha sürətli inkişafına təkan verəcək

Ramil Hüseyn

İİTKM-in icraçı direktorunun müavini

27 mart 2023, 09:24

 Böyük Qayıdış proqramının həyata keçirilməsi ölkənin daha sürətli inkişafına təkan verəcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Ermənistan tərəfindən vandallığa məruz qalan ərzilərimizdə bərpa və yenidənqurma işləri başladı. Dağıdılmış kəndlərin və şəhərlərin yerində qısa müddətdə “ağıllı kənd”lərin təməli qoyuldu və 2022-ci il tarixə həm də işğaldan azad olunmuş ərazilərdə tikilən ilk “ağıllı kənd”ə qayıdışın başlanığıc ili kimi düşdü. Eyni zamanda, ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafı istiqamətində görülən işlər 2023-cü ildə Şuşa və Laçın şəhərlərinin öz sakinlərinə qovuşmasının əsaslı təməlini qoydu. Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair verdiyi hesabatında bu məqamlara toxunub, cari ilin sonuna qədər laçınlıların birinci qrupunun rayonda yerləşdiriləcəyini açıqlayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn deyib.

O, işğaldan azad olunmuş ərazilərin 2022-ci ildə yenidən qurulması və bərpası ilə bağlı işləri şərh edərək bildirib ki, ötən il dövlət büdcəsindən bu məqsədlə 4,3 milyard manat vəsait ayrılıb və bir çox iri infrastruktur layihəsi həyata keçirilib: “Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi davam edir və orada yeni infrastruktur yaradılır. Artıq görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Nazirlər Kabineti tərəfindən 2022-ci ildə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiq edilib. Ötən il Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərinin Baş planları Azərbaycan Prezidentinə təqdim olunub, bu şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi keçirilib. Həmçinin ötən il Laçın şəhərində, Zabux və Sus kəndlərində Azərbaycanın nəzarəti tam bərpa olundu. Xüsusən də 2022-ci ildə görülən işlər nəticəsində Şuşa və Laçın şəhərlərindən, Laçın rayonunun Zabux və Sus kəndlərindən, Tərtər rayonunun Talış kəndindən erməni işğalı nəticəsində didərgin düşmüş 1400-dən çox ailənin 2023-cü ildə doğma yurdlarına qayıtması üçün şərait yaradılıb”.

R.Hüseyn 2022-ci ilin 16 noyabr tarixində təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının məcburi köçkünlərin yurdlarına qayıtmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Ötən il qəbul edilən bu proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Bu çərçivədə Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı olub. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində ciddi iş aparılır. Bu gün parlamentdə də səsləndiyi kimi, Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzrə işlər isə 74 faiz yerinə yetirilib. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsinə nail olunacaq”.

İİTKM-in təmsilçisi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yeni dövlət idarəetmə modelinin tətbiqi ölkə miqyasında mühüm məsələdir. Artıq Azərbaycan Prezidenti tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa, tikinti və idarəetmə xidməti göstərmək üçün müvafiq publik hüquqi şəxslər yaradılıb.

R.Hüseyn Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye parkları, aqroparkların yaradılmasına da toxunaraq bildirib ki, hazırda Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası", Zəngilanda “Dost Aqropark”ı yaradılır. Ağdam Sənaye Parkında 12 müəssisə rezident, 3 müəssisə isə qeyri-rezident, "Araz Vadisi İqtisadi Zonası"nda isə 2 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydə alınıb. Sözügedən layihələrin həyata keçirilməsi 800-dən çox yeni iş yerinin açılmasına səbəb olacaq. Həmçinin 2022-ci ildə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarları stimullaşdırmaq üçün vergi-gömrük güzəştləri və digər dövlət təşviqlərindən istifadə ilə bağlı mexanizmlər yaradılıb. Bu isə qarşıdakı illərdə həmin ərazilərin sürətli inkişafına təkan verəcək.

İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafına gəlincə, İİTKM-in nümayəndəsi bildirib ki, 2022-ci ərazilər minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə işlərinə paralel olaraq, əkin dövriyyəsinə cəlb edilib. Ötən ilin yayında 50 min hektara yaxın ərazidə buğda və arpa əkilib, 330 minə yaxın xırdabuynuzlu, 24 minə yaxın iribuynuzlu heyvan, 61 min arı ailəsi bu ərazilərə köçürülüb. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı ilə başlanılan işlər 2023-cü ildə daha geniş vüsət alacaq. Çünki ilki qiymətləndirmələr işğaldan azad edilmiş ərazilərdə 130 min hektara yaxın əkin sahəsi olduğunu göstərir.

R.Hüseyn qeyd edib ki, ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının turizm və yaşıl enerji potensialının reallaşdırılması ilə bağlı mühüm işlər görülüb, Şuşa, Ağdam və Kəlbəcərdə turizm obyektlərinin təməli qoyulub: “Ötən il Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiqlənib. Bu plan çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Sonda onu deyə bilərəm ki, 2022-ci il Böyük Qayıdışın reallaşması və işğaldan azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası baxımından mühüm mərhələ olub”.

 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R