Vüsal Qasımlı İslam Maliyyə Forumunun açılışında çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı Bakıda keçirilən "III İslam Maliyyə Forumu (İMF’26)" tədbirinin açılış mərasimində çıxış edib.
Forum “İqtisadi Resursların Öyrənilməsi” İB-nin, Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Azərbaycan Sahibkarlar Assosiasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Banklar Assosiasiyasının, AzFina-nın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının və “Türkiye Katılım Bankaları Birliği”nin tərəfdaşlığı ilə baş tutub.
Vüsal Qasımlı vurğulayıb ki, İslam maliyyəsinin gələcəyindən danışarkən daha bir mühüm transformasiyanı – "fintech” və rəqəmsallaşmanı nəzərdən qaçıra bilmərik: “Məncə, qarşıdakı dövrdə İslam maliyyəsinin inkişafını yalnız “Islamic finance” kimi deyil, getdikcə daha çox “Islamic fintech” anlayışı çərçivəsində qiymətləndirməliyik”.
İİTKM-in icraçı direktoru qeyd edib ki, əslində İslam maliyyəsinin prinsipləri ilə yeni maliyyə texnologiyaları arasında təbii uyğunluq mövcuddur: “İslam maliyyəsi şəffaflığı, əməliyyatın real iqtisadi fəaliyyət və aktivlə əlaqəsini, risk və gəlirin bölüşdürülməsini tələb edir. “Fintech” isə məlumatların izlənilməsi, əməliyyat xərclərinin azaldılması, maliyyə xidmətlərinin demokratikləşdirilməsi və daha geniş əhali qruplarının maliyyəyə çıxışını təmin edir. Bu iki model bir-birini tamamlayır: İslam maliyyəsi “fintech”ə dəyər və prinsip çərçivəsi verir, “fintech” isə İslam maliyyəsinə miqyas, sürət və əlçatanlıq qazandırır və bunun praktik imkanları kifayət qədər genişdir”.
Vüsal Qasımlının sözlərinə görə, sukukun rəqəmsal platformalar vasitəsilə emissiyası və daha kiçik nominal vahidlərə bölünməsi investor bazasını genişləndirə bilər. Tokenizasiya real aktivlərə əsaslanan maliyyə alətlərinin daha çevik şəkildə strukturlaşdırılmasına imkan yarada bilər. Süni intellekt kredit və investisiya risklərinin qiymətləndirilməsində, fırıldaqçılığın aşkarlanmasında və uyğunluq proseslərində istifadə oluna bilər. Smart-kontraktlar isə müəyyən İslam maliyyə müqavilələrinin icrasını avtomatlaşdıraraq əməliyyat xərclərini aşağı sala və şəffaflığı artıra bilər. Eyni zamanda, rəqəmsal takaful, İslam kraudfandinqi, P2P maliyyələşdirmə və rəqəmsal mikromaliyyə platformaları xüsusilə kiçik və orta sahibkarların maliyyəyə çıxışını genişləndirə bilər. Qlobal İslam maliyyəsi sənayesinin həcmi illik 9% artımla 6,5 trilyon ABŞ dollarına çatıb və 2030-cu ilədək aktivlərin həcminin 10,5 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır. Bazarın strukturunda İslam bankçılığı təxminən 72% payla 4,3–4,5 trilyon ABŞ dolları həcmində aparıcı mövqedədir, sukukun dövriyyə həcmi 1,03 trilyon ABŞ dolları, illik emissiyası 264,8 milyard ABŞ dolları, İslam fondlarının aktivləri 308 milyard ABŞ dolları, takaful sektorunun həcmi 136 milyard ABŞ dolları, digər İslam maliyyə institutlarının həcmi isə 193 milyard ABŞ dolları təşkil edir.
Tədbir “Azərbaycanda İslam bankçılığının və sığortasının yeni dövrü”, “İslam maliyyəsinin sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları” və “İslam maliyyəsi sahəsində kadr hazırlığı və beynəlxalq sertifikasiya” mövzularında üç panel sessiyasını əhatə edir. Müzakirələrdə “FinTech”, rəqəmsal transformasiya, halal investisiyalar, yaşıl maliyyələşmə və insan kapitalının inkişafı məsələləri də diqqət mərkəzindədir. Forum İslam maliyyəsi sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib