Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Fərman dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması baxımından əhəmiyyət daşıyır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov bildirib ki, Fərman dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin daha aydın və vahid yanaşma əsasında tənzimlənməsinə xidmət edir. Onun sözlərinə görə, sənədin əsas mahiyyəti büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadəsinin dəqiqləşdirilməsi, sosial müdafiəyə yönələn ödənişlərin hüquqi çərçivəsinin müəyyən edilməsi və həmin vəsaitlərin dövlət maliyyə sistemində daha səmərəli idarə olunması ilə bağlıdır.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatlarda “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq. Bu yanaşma büdcədənkənar vəsaitlər hesabına edilən sosial xarakterli ödənişlərin daha hədəfli və ədalətli bölgüsünə imkan yaradacaq.
Fərmanda büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər üzrə yuxarı hədlərin müəyyən edilməsi də mühüm tənzimləyici yenilikdir. Sənədə əsasən, vəzifə maaşına əlavələr təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1.0 mislinədək, mükafat və digər ödənişlər isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizədək hissəsi ilə məhdudlaşdırılır. Bu mexanizm büdcədənkənar vəsaitlər hesabına ödənişlərin vahid çərçivədə aparılmasına, xərclərin proqnozlaşdırıla bilməsinə və maliyyə intizamının gücləndirilməsinə şərait yaradacaq.
Orxan Sadıqov bildirib ki, Fərmanın digər mühüm istiqaməti büdcədənkənar vəsaitlərin qalan hissəsinin dövlət büdcəsinə köçürülməsi ilə bağlıdır. Bu, dövlət maliyyə resurslarının mərkəzləşdirilmiş qaydada idarə olunmasını gücləndirməklə büdcə vəsaitlərinin daha səmərəli bölgüsünə, fiskal şəffaflığın artırılmasına və xərclərin ümumi büdcə siyasəti çərçivəsində əlaqələndirilməsinə xidmət edir.
Fərmanda Maliyyə Nazirliyinə dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması, büdcədənkənar vəsaitlərin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası, eləcə də müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması tapşırılıb. Bu tapşırıqlar dövlət maliyyə idarəçiliyində institusional yenilənmənin davam etdirilməsi və büdcədənkənar vəsaitlərin uçotunun daha sistemli əsaslara keçirilməsi baxımından əhəmiyyətlidir.
İİTKM-in şöbə müdiri vurğulayıb ki, Fərman dövlət maliyyəsinin idarə olunmasında intizam, şəffaflıq və nəticəyönümlülük prinsiplərinin gücləndirilməsi istiqamətində mühüm addımdır. Büdcədənkənar vəsaitlərdən istifadənin vahid qaydalar əsasında tənzimlənməsi həm sosial müdafiə məqsədlərinə yönələn ödənişlərin hədəfliliyini artıracaq, həm də dövlət büdcəsi resurslarının daha səmərəli idarə edilməsinə imkan verəcək.









Çox oxunan xəbərlər
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub
Azərbaycan və Mərkəzi Asiya: iqtisadi əməkdaşlıqdan strateji inteqrasiyaya
İİTKM-də “The Coca-Cola Company” nümayəndələri ilə görüş keçirilib
“İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin rəqəmlər açıqlanıb
“Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş Qitə – 500 Startap” qlobal innovasiya…
İİTKM dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramının monitorinqi üçün yeni modul…
Sosial-iqtisadi inkişaf Strategiyası çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə görüşlər…
“İxrac icmalı”nın sentyabr sayı dərc olunub
İİTKM-də “Təhlükəsizlik mədəniyyəti və risklərin idarə edilməsi” mövzusunda görüş keçirilib
İİTKM-də “Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb