Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı

Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı

Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2026-cı il tarixli “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanı texnoparkların fəaliyyətinin təkmilləşdirilməsi, innovativ sahibkarlığın inkişafı və rəqəmsal iqtisadiyyatın imkanlarının genişləndirilməsi baxımından mühüm yeniliklər nəzərdə tutur. Dəyişikliklər texnopark rezidentliyinə dair tələbləri, innovasiya layihələrinin qiymətləndirilməsini, texnoloji fəaliyyət sahələrini və rezidentlərin fəaliyyətinə nəzarət mexanizmlərini daha konkret şəkildə müəyyən edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov bildirib ki, Fərmanın əsas yeniliklərindən biri innovasiya proseslərinə yanaşmanın dəqiqləşdirilməsidir. Belə ki, innovasiya fəaliyyəti üzrə gözləntilər yalnız ideya təklifi və ya proqram təminatının hazırlanması ilə məhdudlaşmır. Fərmanda innovasiya layihələrinin elmi-tədqiqat və təcrübə-konstruktor işlərini, texnoloji hazırlıq səviyyəsini, gözlənilən nəticələri və onların ölçülə bilən göstəricilərini, kommersiyalaşdırma imkanlarını, əqli mülkiyyət hüquqlarını, maliyyələşmə mənbələrini, riskləri və icra mərhələlərini əhatə edən yanaşma nəzərdə tutulur. Bu, layihələrin icra mexanizmlərinin, gözlənilən iqtisadi nəticələrinin və bazara çıxış imkanlarının əsaslandırılmasını tələb edir. Beləliklə, diqqət yalnız yeni biliklərin əldə edilməsinə və ideyanın yeniliyinə deyil, həm də onların praktik tətbiqinə və iqtisadi dəyər yaratmaq potensialına yönəldilir.

Fərmanda texnologiya transferinin ayrıca anlayış kimi müəyyən edilməsi də mühüm yeniliklərdəndir. Texnologiya transferi elmi-tədqiqat və təcrübə-konstruktor işləri nəticəsində əldə edilmiş texnologiyanın, proqram təminatının, əqli mülkiyyətin və “nou-hau”nun müqavilə əsasında ötürülməsi, tətbiqi və kommersiyalaşdırılması ilə bağlı fəaliyyəti əhatə edir. Məsələn, universitetdə yaradılmış texnologiyanın sənaye müəssisəsində tətbiqi, patentin lisenziya əsasında istifadəyə verilməsi və ya elmi tədqiqatın nəticələri əsasında yeni startapın yaradılması bu istiqamətdə mümkün fəaliyyət nümunələridir. Bu mexanizmlərin inkişafı universitetlər, elmi-tədqiqat müəssisələri, texnoparklar və biznes arasında əməkdaşlığı gücləndirərək elmi biliklərin praktik tətbiqinə və iqtisadi nəticələrə çevrilməsinə şərait yarada bilər.

Digər mühüm dəyişiklik texnoparkların fəaliyyət sahələrinin müasir texnoloji istiqamətlərə uyğun olaraq daha ətraflı müəyyən edilməsidir. Proqram təminatı və informasiya sistemləri ilə yanaşı, süni intellekt və böyük verilənlər, bulud hesablama xidmətləri, kibertəhlükəsizlik və rəqəmsal identifikasiya, robototexnika, əşyaların interneti, mikroelektronika, oyun texnologiyaları, virtual və artırılmış reallıq kimi sahələr də əhatə olunur. Energetika, səhiyyə, biotexnologiya, tullantıların və karbon emissiyalarının idarə edilməsi kimi sahələrdə rəqəmsal həllərin hazırlanması və tətbiqi də nəzərdə tutulur. Bu dəyişikliklər texnoparkların fəaliyyət dairəsinin genişləndiyini və müxtəlif iqtisadi sahələrdə texnoloji həllər hazırlayan layihələrin də bu çərçivəyə daxil ola biləcəyini göstərir.

Rezidentlərin seçilməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının konkretləşdirilməsi də diqqətəlayiqdir. Layihələr texnoparkın fəaliyyət profilinə uyğunluq, universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq potensialı, innovasiya və rəqəmsal texnologiyalara əsaslanma, iqtisadi səmərəlilik, ixrac və kommersiyalaşdırma imkanları, vençur kapitalı və digər investisiyaları cəlb etmək qabiliyyəti, eləcə də yerli mütəxəssislərin hazırlanması və yüksəkixtisaslı iş yerlərinin yaradılması meyarları əsasında qiymətləndirilir. Ekspertlər şurasının yeddi nəfərdən ibarət tərkibdə formalaşdırılması, onlardan üçünün dövlət qurumlarının nümayəndəsi olması, həmçinin müstəqil yerli və xarici ekspertlərin cəlb edilə bilməsi nəzərdə tutulur. Vençur maliyyələşməsi, investisiya, texnoloji sahibkarlıq və əqli mülkiyyət sahələrində praktiki təcrübəyə malik mütəxəssislərin iştirakı layihələrin qiymətləndirilməsinin keyfiyyəti baxımından əhəmiyyətlidir.

Fərmanda rezidentlərin fəaliyyəti üzrə rüblük və illik hesabatlılıq tələbləri də müəyyən edilir. Hüquqi şəxslər və fərdi sahibkarlar üzrə hesabatlarda layihələrin icra vəziyyəti, gəlirlər, ixrac, investisiyalar, yaradılan iş yerləri, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin nəticələri, əqli mülkiyyət, texnologiya transferi, xarici tərəfdaşlarla əməkdaşlıq və digər göstəricilər barədə məlumatlar nəzərdə tutulur. Frilanserlər və rəqəmsal səyyahlar üçün isə daha məhdud hesabat tələbləri müəyyən edilir. Bundan əlavə, sınaq və uzunmüddətli prototipləşdirmə mərhələsində olan layihələr üzrə müvafiq fəaliyyətin sənədlərlə təsdiqlənməsi mümkündür.

İnfrastrukturun mülkiyyətinə dair müddəaların dəqiqləşdirilməsi də praktik əhəmiyyət daşıyır. Dövlət mülkiyyətində olan infrastruktur obyektləri ilə operatorların və rezidentlərin mülkiyyətində olan istehsal sahələri, avadanlıq və qurğular fərqləndirilir. Xüsusilə elmi-tədqiqat və təcrübə-konstruktor işləri üçün rezidentin öz vəsaiti hesabına yaratdığı istehsal sahələrinin, avadanlıq və qurğuların onun mülkiyyətində olması ayrıca təsbit edilir. Bu müddəa texnoloji fəaliyyətə investisiya yatıran rezidentlərin əmlak hüquqlarının müəyyənliyi baxımından vacibdir.

İsa Qasımov vurğulayıb ki, dəyişikliklərin iqtisadi əhəmiyyəti innovasiya layihələrinin hazırlanmasından onların bazara çıxarılmasına və ixracına qədər olan mərhələlərə daha sistemli yanaşmanın formalaşdırılmasıdır. Bununla belə, hüquqi çərçivənin təkmilləşdirilməsi özlüyündə kommersiyalaşdırmanı, investisiyaların cəlbini və ixracın artımını təmin etmir. Bu nəticələrin əldə olunması üçün keyfiyyətli layihələrin hazırlanması, peşəkar ekspertiza, investorlarla əlaqələrin qurulması və beynəlxalq bazarların tələblərinə uyğun məhsulların yaradılması da vacibdir.

İİTKM-in “Enterprise Azerbaijan” portalının fəaliyyət istiqamətləri baxımından yerli startapların beynəlxalq tərəfdaşlarla əlaqələndirilməsi və investisiyaya hazırlığının artırılması xüsusi əhəmiyyət daşıyır. “Startup School” kimi təşəbbüslər vasitəsilə qurulan əlaqələrin pilot layihələrə, texnologiya transferinə, investisiya əməkdaşlığına və kommersiya müqavilələrinə çevrilməsi innovasiya ekosisteminin inkişafına töhfə verə bilər. Bu baxımdan əsas məqsəd yalnız startapların sayını artırmaq deyil, onların rəqabətqabiliyyətli məhsul və xidmətlər hazırlamasını, davamlı biznes modelləri qurmasını və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını gücləndirməkdir.

Ümumilikdə, Fərman texnoparkların fəaliyyətinin təşkili, innovasiya layihələrinin qiymətləndirilməsi və rezidentlərin fəaliyyətinə nəzarət üzrə hüquqi çərçivəni təkmilləşdirir. Bu imkanlardan səmərəli istifadə elmi biliklərin və texnologiyaların biznesə inteqrasiyasına, innovasiyaların kommersiyalaşdırılmasına və Azərbaycanın innovativ məhsul və xidmətlər üzrə beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinə töhfə verə bilər.