İİTKM Özbəkistanda beyin mərkəzləri və universitetlərlə əməkdaşlığı genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov Özbəkistanda keçirilən “Türk Dünyasının Sosial Araşdırmalar və İnnovasiyalar Forumu” çərçivəsində beyin mərkəzlərinin və ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşlər keçirib, tələbələr qarşısında mühazirə ilə çıxış edib.
Özbəkistanın Proqressiv İslahatlar Mərkəzinin baş direktoru Mirşohid Aslanov və iqtisadçı Səadət Osmanova ilə keçirilən görüşdə tədqiqat sahəsində əməkdaşlığın inkişafı, Orta Dəhlizin cəlbediciliyinin və rəqabət qabiliyyətinin artırılması, regional ticarət əlaqələrinin genişləndirilməsi və birgə tədqiqat təşəbbüslərinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub. Tərəflər, həmçinin Azərbaycan və Özbəkistanda rəqəmsal transformasiya strategiyalarını, rəqəmsal platformaların və məlumat mübadiləsi mexanizmlərinin kiçik və orta biznes üçün yaratdığı imkanları müzakirə ediblər. Bu mexanizmlərin sərhədyanı əməkdaşlığa, bazarlara çıxışın genişləndirilməsinə və biznes məlumatlarının əlçatanlığına töhfəsi vurğulanıb.
Özbəkistanın Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitutunun İqtisadi Tədqiqatlar şöbəsinin müdiri Azamat Toşevlə keçirilən görüşdə İİTKM-in Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə birgə həyata keçirdiyi “Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: qlobal trendlər, regional reallıqlar və gələcək perspektivlər” adlı beynəlxalq kitab layihəsi təqdim olunub. Həmçinin İİTKM tərəfindən hazırlanması nəzərdə tutulan Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsi layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Görüşün yekununda İİTKM ilə Mərkəzi Asiya üzrə Beynəlxalq İnstitut arasında Anlaşma Memorandumunun imzalanması istiqamətində razılıq əldə olunub.
İlyas Hüseynov Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzini (İTİM) də ziyarət edib. Mərkəzdə makroiqtisadi siyasət parametrlərinin uyğunluğunun öyrənilməsi və proqnozlaşdırılması sektorunun rəhbəri Fazliddin Nasriddinov və sektorun aparıcı tədqiqatçısı İslombek Saparmatov ilə keçirilən görüşdə İİTKM ilə İTİM arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn vəzifələr və əməkdaşlığın prioritetləri nəzərdən keçirilib. Həmçinin İİTKM və TDT Katibliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanan, ildə dörd dəfə səkkiz dildə nəşr olunan “Türk İqtisadi İcmalı” barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, adıçəkilən beyin mərkəzlərinin nümayəndələri 16 sentyabr 2026-cı il tarixində Bakıda, Gülüstan sarayında İİTKM və TDT Katibliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında da iştirak ediblər. “Davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda qurulan əlaqələr Özbəkistandakı görüşlər zamanı inkişaf etdirilib və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
İlyas Hüseynov, həmçinin Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin, Daşkənd Dövlət Nəqliyyat Universitetinin, Daşkənd Dövlət İqtisadiyyat Universitetinin və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim heyəti ilə görüşüb. Akademik əlaqələrin inkişafı çərçivəsində ortaq elmi tədqiqatların aparılması və təcrübə mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunub. Tələbələrə isə İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin fəaliyyəti, əsas tədqiqat istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verilib.







Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib