Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə sənayenin genişləndirilməsi ilə yanaşı, təbiətin qorunması və ekoloji standartların təmin edilməsi məsələləri də xüsusi diqqət mərkəzində olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşov bildirib ki, dağ-mədən və metallurgiya sənayesinin genişlənməsi ölkənin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaratsa da, bu prosesin iqtisadi səmərəliliklə yanaşı, ekoloji dayanıqlılıq prinsipləri əsasında həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Müşavirədə Prezident İlham Əliyevin Qərb Sənaye Parkında və digər dağ-mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və bütün ekoloji normaların gözlənilməsi barədə tapşırıqları bu yanaşmanın əsas istiqamətini müəyyən edir.
Ə.Dadaşov qeyd edib ki, dağ-mədən fəaliyyəti torpaq ehtiyatları, su resursları, landşaft və biomüxtəlifliklə birbaşa əlaqəli olduğundan, layihələrin qiymətləndirilməsində yalnız hasilat və maliyyə göstəriciləri ilə kifayətlənmək məqsədəuyğun deyil. İstehsal prosesində su və enerji sərfiyyatı, tullantıların idarə olunması, pozulmuş torpaqların bərpası, emissiyalar və ətraf ekosistemlərə təsir kimi amillərin də ölçülə bilən göstəricilər əsasında izlənilməsi ekoloji risklərin vaxtında müəyyən edilməsinə imkan verə bilər.
Onun sözlərinə görə, bu yanaşma işğaldan azad edilmiş ərazilər baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının müşavirədə bildirdiyi kimi, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edilib. Eyni zamanda, Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb olunması nəzərdə tutulur. Bu baxımdan həmin ərazilərdə sənaye fəaliyyətinin genişləndirilməsi ekoloji bərpa prosesləri ilə paralel aparılmalı, yeni istehsal gücləri keçmiş ekoloji zərərlərin üzərinə əlavə yük yaratmamalıdır.
Ə.Dadaşov əlavə edib ki, proqramın iqtisadi miqyası ekoloji idarəetmənin də eyni səviyyədə gücləndirilməsini zəruri edir. 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının 1,3 milyard manatdan 3,4 milyard manata yüksəldilməsi və 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiyanın həyata keçirilməsi nəzərdə tutulur. Belə geniş investisiya və istehsal miqyası fonunda ekoloji ekspertiza, monitorinq və bərpa mexanizmlərinin layihələrin ayrılmaz hissəsinə çevrilməsi uzunmüddətli dayanıqlılıq baxımından mühüm şərtdir.
O, vurğulayıb ki, dağ-mədən sənayesinin inkişafında əsas məsələ təbii ehtiyatların iqtisadi dəyərə çevrilməsi ilə təbii kapitalın qorunması arasında balansın təmin edilməsidir. Müasir texnologiyaların, yüksək ekoloji standartların və davamlı monitorinq mexanizmlərinin tətbiqi nəticəsində yeni sənaye güclərinin yaradılması keyfiyyətli ekoloji mühitin qorunması ilə uzlaşdırıla bilər..
Qeyd edək ki, müşavirədə Prezident İlham Əliyev dağ-mədən layihələrində ekoloji normaların ən yüksək standartlara cavab verməsinin həm dövlət şirkətləri, həm də xarici tərəfdaşlar üçün məcburi tələb olduğunu bildirib və təbiətin qorunmasının prioritet xarakter daşıdığını xüsusi vurğulayıb.









Çox oxunan xəbərlər
Minimum aylıq əmək haqqı 38,5 faiz artırılıb
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azərbaycan süni intellekt sahəsində qlobal qiymətləndirmələrdə mövqeyini möhkəmləndirir
Azərbaycan-İran münasibətləri: keçmişdən gələcəyə doğru
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib
Prezident “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu…
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
Azərbaycanın pasport mövqeyi beynəlxalq reytinqdə yüksəlib
"İnklüziv sosial inkişaf və sosial təminat" üzrə İşçi qrupunun növbəti iclası olub