İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub

İİTKM-in “Türk iqtisadi icmalı”nın 2026-cı ilin ilk rübü üzrə buraxılışı dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2026-cı ilin I rübünə dair buraxılışı nəşr edilib.

İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2026-cı ilin I rübü üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.

2026-cı ilin I rübündə ildə Türk dövlətləri 673 557.5 milyon ABŞ dolları ÜDM ilə qlobal iqtisadiyyatda 2,34%-lik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8%-ni təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.

Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 10,1%, 8,7%, 8,5% artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-də iqtisadi artım 6,3%, Qazaxıstanda 3,0% təşkil edib. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 2,5% iqtisadi böyüməyə nail olub. Macarıstanda ÜDM-in artım tempi 1,7%, Azərbaycanda -0,3% təşkil edib.

Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2026-ci ilin I rübündə Türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 326 011.55 milyon ABŞ dolları təşkil edib ki, bu da $8,75 trilyon ABŞ dolları həcmində olan qlobal ticarət dövriyyəsinin təxminən 3,73%-nə bərabərdir.

Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 155 122 milyard ABŞ dolları ilə liderlik edir. Macarıstan, Qazaxıstan və Özbəkistan isə müvafiq olaraq 87 445 ABŞ dolları, 32 908 milyard ABŞ dolları və 18 023 milyard ABŞ dolları ilə ticarət həyata keçirib.

Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.

Sənaye sektorunda Qırğızıstan, ŞKTR və Özbəkistan müvafiq olaraq 14,0%, 9,2% və 8,0% artımla liderlik edib. Bununla yanaşı, Türkmənistanda sənaye sektoru 2,4% inkişaf edib. Bu artıma  genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkiyədə sənaye sektoru 1,1% artıb.

Digər tərəfdən, kənd təsərrüfatı sektorunda ŞKTR 7,9% ilə ən güclü artım nümayiş etdirib. Özbəkistan kənd təsərrüfatında 5,1%, Qazaxıstan 3,4%, Qırğızıstan 2,8%, Türkiyə müvafiq olaraq 2,7% artım əldə edib.

İnvestisiyalar, xüsusilə sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2026-ci ilin I rübündə Özbəkistan və Qırğızıstan sabit kapital investisiyalarında müvafiq olaraq 29,6% və 25,5% artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Azərbaycan və Macarıstan da müvafiq olaraq 14,9% və 12,2% sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.

Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 23,0%, Özbəkistanda 19,6%, Qazaxıstanda 11%, Türkiyədə 7,4%, Macarıstanda 6,8% Azərbaycanda 5,7% və artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. ŞKTR bank sektoru isə daha mülayim (5,04%) artım göstərib.

Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 48,8%, dövlət büdcəsi xərclərində isə 42,3% olmaqla ən yüksək artım qeydə alınıb. Türkiyə də dövlət büdcəsi gəlirlərində 44,4%, dövlət büdcəsi xərclərində isə 45,5% olmaqla yüksək artımı qeydə alınıb. Özbəkistanda isə dövlət büdcəsi gəlirlərində 35,0%, dövlət büdcəsi xərclərində isə 24,1% olmaqla yüksək artımı qeydə alınıb. ŞKTR, Qazaxıstan, Macarıstan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.

“Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir.

Aşağıdakı linklərdən həmin dillərdə olan nəşrlərlə tanış ola bilərsiniz: