"Azərbaycanın makroiqtisadi sabitliyinin və dayanıqlılığının möhkəmlənməsində xidmət ixracının əhəmiyyətli rolu var. Xidmət ticarəti ilə bağlı siyasət Azərbaycanın davamlı inkişaf məqsədləri ilə üst-üstə düşür, regional iqtisadi artıma öz töhfəsini verir".
Bu sözləri "Azərbaycan" qəzetinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Nicat Hacızadə deyib. O bildirib ki, bu, birbaşa xarici investisiyaların, qlobal dəyər zəncirlərində iştirakın, məhsuldarlığın və istehsal olunan məhsulların ixracının mühüm müəyyənedici amilidir. Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkələrin xidmət ticarəti ilə əlaqədar konkret təsnifat və metodologiyası mövcuddur. Metodologiyaya nəqliyyat, turizm, sığorta, maliyyə, səhiyyə, tikinti, informasiya texnologiyaları, data, peşəkar və işgüzar xidmət və sairə daxildir. Azərbaycanın xarici ticarəti ilə əlaqədar xidmət göstəriciləri Mərkəzi Bankın tədiyə balansı əsasında müəyyən edilir.
2024-cü ilin doqquz ayı ərzində Azərbaycanın qeyri-ticari qeyri-neft-qaz ÜDM-i ötən illə müqayisədə nominal olaraq 9,3% artıb. Qeyri-ticari qeyri-neft-qaz sektorunun dövlət və qeyri-dövlət sektorunda yaranan real əlavə dəyərinin əsas drayverləri 18,2% artımla tikinti sektoru, 16% ilə nəqliyyat və anbar təsərrüfatı, 10,6% ilə turizm xidmətləri, həmçinin xidmət sektoru üzrə vergilərin artımı olub. Şübhəsiz, yaranan əlavə dəyərin artımında sözügedən sektorlar üzrə xidmət ixracının da əhəmiyyətli töhfəsi var.
Nicat Hacızadə bildirib ki, 2024-cü ilin doqquz ayı ərzində cari hesablar balansının profisitlə icra edilməsində xidmətlər sektorunun müsbət təsiri olub. 2024-cü ilin doqquz ayı ərzində Azərbaycanın məcmu xidmət ixracı 28,6% artaraq 5,8 milyard, qeyri-neft-qaz xidmət ixracı isə 37,1% artaraq 4,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz xidmət ixracı qeyri-neft-qaz qeyri-ticari ÜDM-də 16,4% paya sahib olmaqla potensial səviyyənin reallaşması üçün yeni çağırışlar və perspektivlər yaradır. Qeyd edilən zaman ərzində qeyri-neft-qaz xidmət ixracının əsas drayverləri işgüzar xidmətlər, turizm və nəqliyyat xidmətləri olub. Belə ki, işgüzar xidmətlərin ixracı 47,2% artaraq 1,6 milyard ABŞ dolları, turizm ixracı 43,4% artaraq 1,6 milyard ABŞ dolları, qeyri-neft-qaz təyinatlı nəqliyyat xidmətləri ixracı isə 14,8% artaraq 1,14 milyard ABŞ dolları təşkil edib. Habelə hava nəqliyyatı xidməti üzrə ixrac ötən ilin eyni dövrünə nəzərən 87% artaraq 515 milyon ABŞ dolları təşkil edib ki, bu da qeyri-neft-qaz nəqliyyat ixracının 45%-nə bərabərdir. Digər xidmət ixracları arasında sığorta xidmətləri 4,3 dəfə artaraq 108 milyon ABŞ dolları, maliyyə xidmətləri 88% artaraq 31 milyon ABŞ dolları, hökumət xidmətləri 13% artaraq 26,9 milyon ABŞ dolları, əyləncə xidmətləri isə 2 dəfə artaraq 49,7 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə məcmu xidmətlər balansında defisitin ötən ilin eyni dövrünə nəzərən azalmasına baxmayaraq, yaranan kəsrin başlıca səbəbləri tikinti xidmətləri balansında 1 milyard ABŞ dolları və işgüzar xidmətlər balansında 1,4 milyard ABŞ dolları həcmində defisitin olması ilə əlaqədardır.
İİTKM-in şöbə müdiri qeyd edib ki, Azərbaycanın qeyri-neft-qaz iqtisadi artımına ən çox töhfənin qeyri-neft-qaz xidmət sektoru tərəfindən verilməsi daxili tələb kanalları vasitəsilə həyata keçir. Mövcud potensialın xarici xidmət tələbinin də təmin edilməsi üçün reallaşdırılması ilə bağlı geniş imkanlar mövcuddur. Sənaye və kənd təsərrüfatı istiqamətlərindən fərqli olaraq, xidmət sektorunun ixraca yönəlməsi üçün maliyyə kapitalından daha çox kvalifikasiyalı və yüksək əlavə dəyər yaratma qabiliyyətinə malik insan kapitalının mövcudluğu şərtdir. Qeyri-neft-qaz xidmətlər balansının kəsrinin ötən ilin müvafiq dövrünə nəzərən az olmasının mühüm amillərindən biri peşəkar və işgüzar xidmətlər üzrə gəlirlərin artımı və həcmi ilə əlaqədardır. Sözügedən istiqamət üzrə gəlirlərin artımını şərtləndirən əsas səbəb yerli insan kapitalının xarici tərəfdaşlara müxtəlif istiqamətlər üzrə göstərdiyi konsultasiya və digər xidmətlərdir.
Turizm xidmətləri üzrə ixracın artımı ilə bərabər müsbət balansın mövcudluğu turizm sektoru üzrə əlavə dəyərin də artımına təsir göstərib. 2024-cü ilin doqquz ayı ərzində turizm xidməti üzrə ixrac daxilolmaları mövcud potensialı aşaraq turizm üzrə ÜDM-i 1,2 dəfə üstələyib. Azərbaycana gələn əcnəbi vətəndaşların sayının 27% artaraq 2 milyon 412 nəfərə çatması da sözügedən müsbət iqtisadi göstəriciləri dəstəkləyir. 2024-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrdən Azərbaycana həyata keçirilən kommersiya uçuşlarının sayı 24 min 519 olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18% artım deməkdir. Bu göstərici yalnız turizm ixracının deyil, həmçinin qeyri-neft-qaz nəqliyyat xidmətlərindəki artım göstəricilərini dəstəkləyir.
Nicat Hacızadə bildirib ki, Azərbaycanın tikinti sektorunda yaranan əlavə dəyərin mühüm hissəsi daxili tələb (ev təsərrüfatları və dövlət tələbi) hesabına formalaşır. Geniş potensiala baxmayaraq, tikinti xidmətləri üzrə xarici tələbdə iştirakçılığın zəif olması və həmin sahə üzrə xidmət balansının defisiti qeyri-neft-qaz qeyri-ticari ÜDM-ə azaldıcı təsir göstərir. Halbuki digər istiqamətlərdən fərqli olaraq, tikinti sektorunda yaranan məşğulluq vasitəsilə ciddi ixtisaslaşma, həmçinin peşəkar bacarıqlar yerli şirkətlərin xarici bazarda daha rəqabətqabiliyyətli iştirakına şərait yarada bilər. 2024-cü ilin yanvar-sentyabr aylarında tikinti xidmətləri üzrə Azərbaycanın ixracı 25 milyon ABŞ dolları, idxalı isə 41,5 milyon ABŞ dolları təşkil edib. Azərbaycanın qeyri-neft-qaz ÜDM-nin istehsalında tikinti xidmətləri 3,4 milyard ABŞ dolları həcmində əlavə dəyər yaradıb. Qeyd edilən göstəriciləri nəzərə alaraq, Azərbaycan şirkətlərinin beynəlxalq tenderlərdə iştirak, habelə milli təcrübə və həlləri xarici bazarlara ötürmək potensialı yüksəkdir.
Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
Green Talk: Rumıniyalı professorun "Yaşıl marketinqin dayanıqlı inkişafda rolu"…
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək