Qarabağ və Şərqi Zəngəzur regionunun bərpa və yenidənqurma işləri üçün 2021-ci ildə 2,2 milyard, 2022-ci ildə 2,7 milyard manat vəsait ayrılıb. 2023-cü ilin büdcəsində isə işğaldan azad olunmuş ərazilərin bərpası üçün ötən illə müqayisədə 13 faiz daha çox, yəni 3 milyard manat nəzərdə tutulub.
İşğaldan azad edilmiş ərazilərə sosial-iqtisadi həyatın geri qaytarılmasında özəl sahibkarlar əhəmiyyətli rol oynayır. Dövlət həmin ərazilərə yerli və xarici biznes nümayəndələrinin investisiya qoyması üçün əlverişli mühitin yaradılmasını prioritet istiqamətlərdən biri kimi götürüb. Bu məqsədlə 2022-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiqlənib. Proqramın əsas hədəf göstəricilərindən biri azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulması üçün yeni investisiyaların cəlb olunması ilə sahibkarlıq mühitinin formalaşdırılmasıdır. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək də Dövlət proqramının əsas məqsədlərindəndir.
İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 1339 müraciət qeydə alınıb
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətini təşviq etmək üçün hökumət artıq bir sıra mühüm addımlar atıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına əsasən, bu il yanvarın 1-dək işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün agentliyə 1339 müraciət daxil olub. Müraciətlərin əhəmiyyətli hissəsi, yəni 873-ü yerli, 466-sı isə 37 ölkəni əhatə edən xarici müraciətlərdir. Türkiyə, Rusiya, Qazaxıstan və Macarıstandan olan sahibkarlar Qarabağ və Şərqi Zəngəzurda investisiya qoymağa xüsusən maraqlıdırlar. Dövlət tərəfindən müəyyənləşmiş sahibkarlığa dəstək mexanizmləri qısa müddətdə bu ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin sayını artıracaq.
Beş ildə 280 min hektar ərazi minalardan, partlamamış hərbi sursatlardan təmizlənəcək
Dövlətin planlı və mərhələli şəkildə apardığı bərpa prosesinin ilk mərhələsi olan ərazilərin minalardan təmizlənməsi Azərbaycan Ordusunun şanlı Zəfərindən dərhal sonra başlanılıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. Həmçinin qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın birinci prioritetinin birinci istiqaməti işğaldan azad olunmuş 280 min hektar ərazinin 2022-2026 –ci illərdə minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsini nəzərdə tutur. Bununla həmin ərazilər bütövlükdə tam təhlükəsiz yaşayış və sosial-iqtisadi həyatın bərpası üçün uyğun olacaq.
Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun böyük hissəsi artıq yaradılıb
Həmin ərazilərdə investisiya mühitinin qurulması üçün növbəti mərhələ sayılan fiziki infrastrukturun böyük hissəsi artıq qurulub. İşğaldan azad olunmuş ərazilər elektrik enerjisi ilə tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin vahid enerji şəbəkəsinə qoşulub. Nəqliyyat infrastukturu tam sürətlə bərpa olunmaqla, ölkənin digər şəhər və rayonlarının yol infrastukturu ilə birləşdirilir. Region üçün xüsusi əhəmiyyət kəsb edən Tərtər‒Çaylı‒Suqovuşan-Talış, Əhmədbəyli‒Füzuli‒Şuşa avtomobil yolunun (Zəfər yolu) və Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi artıq başa çatdırılıb. Digər avtomobil yollarının tikinti və bərpasının 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ilə təmin olunması məqsədilə dövlət proqramında su anbarlarının, suvarma və paylayıcı kanalların, nasos stansiyalarının, subartezian quyularının, hidroqovşaqların və digər su təsərrüfatı obyektlərinin mərhələli şəkildə təmiri, bərpası və yenilərinin tikintisinin 2026-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılıb. Postkonflikt ərazilərində artıq iki beynəlxalq hava limanı fəaliyyət göstərir. Üçüncü aeroportun - Laçın hava limanının tikintisinin isə iki il ərzində başa çatdırılacağı gözlənilir.
Azad olunmuş rayonlara investisiya yatırmaq çox sərfəlidir
Sahibkarlar üçün iqtisadi baxımdan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq çox səmərəlidir. Təkcə ona görə yox ki, orada qurulan infrastruktur müasir dövrün tələblərinə cavab verməklə ən müasir texnologiyalar vasitəsilə həyata keçirilir, həm də həmin ərazilərdə dövlət sahibkarlıq mühitinin canlanması üçün kifayət qədər güclü iqtisadi stimullardan istifadə edir. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli Qanununa əsasən, Vergi Məcəlləsinə yeni “XIX fəsil. İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” əlavə olunub. Əlavə olunmuş müddəalar həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş güzəştləri əhatə edir. Bu güzəştlərə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Bu isə biznes subyektinin əsas vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması deməkdir. Digər əsas müddəa həmin ərazilərin rezidenti olan hüquqi şəxslərin səhmdarlarını (payçılarını) dividend gəlirlərinə görə 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsidir. Əlavə olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilir. Digər tərəfdən geniş turizm potensialına malik həmin ərazilərə turist axınını stimullaşdırmaq məqsədilə ora səfər edən fiziki şəxslər mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədikləri ƏDV-nin 30 faizi, nağd qaydada ödədikləri ƏDV-nin isə 5 faizini geri ala bilərlər.
Sosial sığorta sahəsində də əhəmiyyətli stimullaşdırıcı tədbirlər tətbiq olunur
Dövlətimiz azad olunmuş ərazilərdə iqtisadi və sosial həyatı canlandırmaq məqsədilə təkcə vergi güzəştləri ilə kifayətlənməyib, sosial sığorta sahəsində də bir sıra əhəmiyyətli stimullaşdırıcı tədbirlərin tətbiqinə başlayıb. Belə ki, 2022-ci il 27 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər işğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunda fəaliyyət göstərən sığortaedənlər və sığortaolunanlara yönəlik güzəştləri əhatə edir. Qeyd olunan sığortaedənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqqı əhatə etdiyi dövrdən asılı olaraq dəyişən nisbətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Qanunun 14.5.1-1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Yəni, həmin fiziki şəxslər ödədikləri məcburi dövlət sosial sığorta ödənişlərini dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər.
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlərin verilməsi dövlət səviyyəsində dəstəklənir
Bundan əlavə, sahibkarlıq fəaliyyəti üçün qoyulan investisiyanın əsas hissəsini təşkil edən kreditlərlə bağlı dövlət dəstəyi də artıq müəyyənləşdirilib. Azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara kreditlər verilməsini dəstəkləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” və ona əlavə olunmuş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” qəbul olunub. Qəbul olunmuş qayda Qarabağ və Şərqi Zəngəzur regionunda fəaliyyət göstərən biznes subyektlərinə verilən kreditlər üçün dövlət zəmanəti və alınan kreditlərin faizlərinin subsidiyalaşdırılması şərtlərini müəyyən edir. Dövlət zəmanəti ilə alınmış kreditlərdə zamin rolunu Azərbaycan Respublikası Maliyyə Nazirliyi oynayır.
“Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” yaxın zamanlarda fəaliyyətə başlayacaq
Prezident İlham Əliyev “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası”nın təməlini qoyub. Bu sənaye parkları yaxın zamanlarda fəaliyyətə başlayacaq. İlkin investisiya olaraq 40 milyon manat yaxın vəsait ayrılıb. “Ağdam Sənaye Parkı”nda müxtəlif çeşidli xüsusi və fərdi geyimlər, sintetik xalça, polimer məhsulları, prefabrik dəmir-beton məmulatlarının, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı nəzərdə tutulub. Sənaye parkında mindən çox yeni iş yerinin yaradılması gözlənilir. Park Ağdam ərazisində işğaldan əvvəl də sənaye zonası kimi istifadə olunan yerdə tikilir. Sənaye parkının ümumi ərazisi 190 hektar sahəni əhatə edir. Sənaye parkı Ağdam rayonunun əsas nəqliyyat-kommunikasiya qovşağının kəsişməsində yerləşir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastur və kommunla xidmətlər dövlət tərəfindən təmin olunacaq. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur.
Cəbrayıl ərazisində tikilən “Araz Vadisi İqtisadi Zonası” 200 hektar ərazinin əhatə edir. Bu sənaye parkı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. Sənaye parkı kənd təsərrüfatı məhsullarının emalı, sənaye, sosial və texniki zonalarını ayrılıb. Sənaye zonası tam fəaliyyətə başladıqdan sonra orada logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələri fəaliyyət göstərəcək. Bu sənaye parkında dağ-mədən məhsulları və bitkiçilik məhsullarının da istehsalı nəzərdə tutulur. Yaradılmış sənaye parklarının işğaldan azad edilmiş ərazilərdə qeyri-neft sektorunun inkişafı ilə bərabər, ölkənin qeyri-neft məhsulları ixracında əhəmiyyətli rol oynayacaqları proqnozlaşdırılır.
Bütün bu sadaladıqlarımız Qarabağ və Şərqi Zəngəzur regionunda əlverişli investisiya mühiti yaratmaqla həmin regiona investisiya axınına və sahibkarlığın inkişafına səbəb olacaq. Bu isə, öz növbəsində, həmin ərazilərin qısa zamanda sosial-iqtisadi inkişafına gətirib çıxartmaqla, ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin edəcək.
Çox oxunan xəbərlər
İİTKM-in innovativ layihələri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa başlayıb
Azexport və DTH-in imkanları Belarusda keçirilən beynəlxalq konfransda təqdim olunub
“İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmləri açıqlanıb
“İxrac icmalı”nın yanvar buraxılışının ilkin rəqəmləri təqdim olunub
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
“Azexport” portalı “Payoneer"-lə daha sıx əməkdaşlıq edəcək
“Startaplara dəstək” layihəsi uğurla başa çatıb
Azexport.az portalı və Rəqəmsal Ticarət Qovşağı EU4Digital təşəbbüsü ilə e-ticarət konsultasiya…
“Startup School 2” təlimində idarəetmədə süni intellektin tətbiqi araşdırılıb
İsmət Vaqifzadə: “İqtisadiyyatın rəqəmsallaşması ölkənin investisiya cəlbediciliyinə güclü…