“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır

Günay Quliyeva

İİTKM-in şöbə müdiri

29 iyul 2024, 10:45

 “Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır

 “Fitch Ratings” beynəlxalq kredit reytinqi agentliyi (KRA) Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (IDR) stabil proqnozla “BB+”dan “BBB-”yə yüksəldib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, bu göstərici Azərbaycanın iqtisadi dayanıqlığını və güclü xarici iqtisadi tarazlığını vurğulayır, investisiya və iqtisadi artım üçün perspektivli gələcəyə işarə edir.

G.Quliyevanın sözlərinə görə, reytinq agentliyinin məlumatında Azərbaycanın suveren xarici valyuta aktivlərinin 2024-cü ildə 74 milyard ABŞ dollarına çatacağı qeyd edilir ki, bu da proqnozlaşdırılan ÜDM-in 98%-ni təşkil edir.  Qeyd edək ki, bu ehtiyatların əsas hissəsi Azərbaycan Suveren Fonduna (ARDNF) məxsusdur. Aktivlərin yüksək səviyyəsi Azərbaycanın xalis suveren aktiv mövqeyinin BBB və A reytinqli suverenlər arasında ən yüksək mövqedə qalmasını təmin edir. Hesabatda göstərilir ki, cari əməliyyatlar hesabının profisitinin proqnozlaşdırılan azalmasına baxmayaraq, Azərbaycan yüksək neft və qaz gəlirləri ilə dəstəklənən BBB kateqoriyasında liderliyini davam etdirəcək. Fitch KRA Azərbaycanın xalis xarici kreditor mövqeyinin 2024-cü ildə ÜDM-in 154%-nə qədər möhkəmlənəcəyini və “BBB” suverenləri arasında ən güclü olacağını təxmin edir.

İİTKM-in şöbə müdiri onu da əlavə edib ki, agentlik Azərbaycanın davamlı büdcə profisiti və dövlət maliyyəsində neftdən asılılığın azaldılması öhdəliyini qoruyan fiskal siyasətini davam etdirəcəyini gözləyir. Agentliyin ekspertlərinin təhlilinə əsasən, gücləndirilmiş suveren xarici buferlər və ehtiyatlı fiskal siyasət Azərbaycanın xarici şoklara və neft qiymətlərinin dəyişkənliyinə qarşı dayanıqlığını artırıb, Azərbaycan Respublikası Mərkəzi Bankının daxili likvidliyi və valyuta tələbini idarə etmək qabiliyyətini yöksəldib.

Hesabatda hökumət borcunun 2026-cı ilə qədər aşağı səviyyədə qalaraq ÜDM-in 22,7%-nə qədər artacağı proqnozlaşdırılır. Bununla yanaşı, hökumət tərəfindən aparılan inflyasiyaya nəzarət tədbirlərinin effektivliyi vurğulanaraq inflyasiyanın 2024-cü ildə hədəf inflasiyadan aşağı səviyyədə- orta hesabla 3,5% olacağı güman edilir. Qarabağın bərpasının müsbət təsirləri səbəbindən iqtisadi artımın tsiklik olaraq 3,2%-ə qədər bərpa olunduğu qeyd olunur.

G.Quliyeva vurğulayıb ki, Azərbaycanın Ekoloji Sosial Korporativ məsuliyyət (ESG) Uyğunluq Reytinqləri siyasi sabitliyin, qanunun aliliyinin və korrupsiyaya nəzarətin onun kredit profilinə əhəmiyyətli təsirini əks etdirir. Hesabatda Azərbaycanın idarəetməni  təkmilləşdirməsi və iqtisadiyyatın diversifikasiyası üzrə öhdəlikləri yüksək qiymətləndirilir.

Qeyd edək ki, suveren kredit reytinqindəki bu artım Azərbaycanın iqtisadi strategiyasının bir neçə kritik aspektini vurğulayır. ARDNF tərəfindən qorunan xarici tarazlıq ölkəmizin güclü maliyyə idarəçiliyini və ehtiyatlı fiskal siyasətini nümayiş etdirir. Proqnozlaşdırılan cari əməliyyatlar hesabının profisiti, hətta aşağı neft qiymətləri olsa belə, sabitliyi və artımı qoruyub saxlaya bilən dayanıqlı iqtisadiyyata işarə edir.

Büdcə profisitinin davam etməsi və dövlət borcunun aşağı olması hökumətin makroiqtisadi sabitliyin qorunmasına və neft gəlirlərindən asılılığın azaldılmasına sadiqliyini nümayiş etdirir. Bu strateji yanaşma iqtisadiyyatı xarici şoklardan qorumaqla yanaşı, davamlı inkişafın əsasını qoyur.

İİTKM-in şöbə müdiri yekun olaraq qeyd edib ki, “Fitch Ratings” tərəfindən ölkəmizin suveren kredit reytinqinin yüksəldilməsi Azərbaycanın sabit iqtisadi vəziyyətini və maliyyə sağlamlığını vurğulayır və onu gələcək investisiyalar üçün cəlbedici istiqamətə çevirir. Güclənmiş xarici tarazlıq, davamlı büdcə profisiti və aşağı dövlət borcu müsbət investisiya mühitini formalaşdırmaqla investorları Azərbaycanda imkanları araşdırmağa həvəsləndirir.

Azərbaycanın investisiya reytinqi alması Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatların nəticəsidir. Qeyd edək ki, Azərbaycanda iqtisadi islahatların idarə edilməsi modeli OECD-nin İctimai Sektor İnnovasiyaları Observatoriyası tərəfindən nümunə kimi təqdim edilib.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R