Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir

Aygün Əhmədova

Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e

26 may 2025, 14:25

 Dünyanın ilk süni intellekt əsaslı klinikası daha çevik xidmət modelinə keçidi simvolizə edir

Çinin "Synyi AI" texnologiya startapı Səudiyyə Ərəbistanında dünyanın ilk real klinik şəraitdə fəaliyyət göstərən süni intellekt (Sİ) əsaslı tibb müəssisəsini istifadəyə verməklə səhiyyənin gələcəyinə dair konkret model təqdim edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova bildirib ki, Sİ klinikası səhiyyə sahəsində texnologiyaların tətbiqi baxımından yeni dövrün başlanğıcıdır.

Klinikada tətbiq edilən “Dr. Hua” adlı Sİ sistemi pasiyentlərin ilkin simptomlarını təhlil edir, təxminən 30 müxtəlif xəstəliyin diaqnozunu qoyur və uyğun müalicə planı hazırlayır. Layihənin əsas məqsədi insan faktorunu tamamilə əvəzləmək deyil, əksinə, tibbi heyətin bilik və təcrübəsini Sİ-nin hesablama gücü və analiz qabiliyyəti ilə tamamlayaraq səhiyyə xidmətlərinin səmərəliliyini artırmaq, qərarların dəqiqliyini yüksəltmək və tibbi resurslara çıxışı daha çevik və əlçatan etməkdir. Bu model həm həkimlərin iş yükünü azaldır, həm də pasiyentlərə daha operativ və fərdiləşdirilmiş tibbi xidmət göstərilməsinə imkan yaradır. “Süni intellekt sisteminin klinikaya bu formada inteqrasiyası 'AI-first, doctor-verification' modeli ilə həyata keçirilir. Burada ilkin qərarı Sİ verir, lakin son məsuliyyət həkimin üzərində qalır” – deyə Aygün Əhmədova qeyd edib. Bu yanaşma səhiyyədə insan və maşının sinerjisinə əsaslanır və klinik qərarların elmi dəqiqliyi ilə etik məsuliyyət arasında balansı qorumağa xidmət edir.

“Future of Jobs Report 2025” hesabatına əsasən, Sİ və texnologiya dəstəkli ilkin diaqnostika sistemləri səhiyyə sektorunda əsas transformasiya vektorlarından biri kimi tanınır. Hesabatda texnoloji dəyişikliklərin 2030-cu ilə qədər 78 milyon xalis iş artımı yaradacağı qeyd olunur ki, bu da səhiyyədə Sİ rolu ilə bağlı dərin struktur dəyişikliklərinin aparıcı indikatorudur. Səudiyyə modelində tətbiq edilən qərar dəstəyi sistemi bu qlobal tendensiyalarla üst-üstə düşür.

Hazırda “Dr. Hua” sistemi ilkin sınaq mərhələsindədir və o, yüksək dəqiqliklə işlədiyini sübut edib. Şirkətin daxili testlərinə əsasən, bu sistemin diaqnostik səhv nisbəti 0.3%-dən aşağı olub. Əgər bu dəqiqlik real klinik şəraitdə də qorunub saxlanılarsa, bu, səhiyyə sistemlərinin strukturunu əsaslı şəkildə dəyişə bilər.

Klinika hal-hazırda gündəlik təxminən 200 pasiyentə xidmət göstərmək imkanına malikdir. Pasiyentlər xəstəxanaya fiziki olaraq müraciət edir və qəbul prosesində planşet vasitəsilə qeydiyyatdan keçirlər. Sistem pasiyentdən yaş, cins, boy, çəki, anamnez və simptomlar kimi əsas məlumatları toplayır. Bu məlumatlar əsasında simptomlar oxşar xəstəlik modelləri ilə müqayisə edilir, ehtimal faizləri ilə diaqnozlar müəyyənləşdirilir və fərdiləşdirilmiş müalicə planı hazırlanır.

Əgər sistemin verdiyi müalicə planı tibbi heyətin təcrübəsi ilə üst-üstə düşərsə, həkim bu planı təsdiqləyir. Əks halda, həkim diaqnozu dəyişə və ya alternativ müalicə təyin edə bilər. Bu mərhələ “human-in-the-loop” (insan nəzarəti ilə avtomatlaşdırma) prinsipinə əsaslanır. Yəni, Sİ qərarı hazırlayır, lakin onu tətbiq etmək və son məsuliyyət həkimin üzərində qalır.

Təklif olunan nəticə və müalicə planı pasiyentə çap və ya elektron formatda təqdim olunur. Əlavə müayinəyə və ya laborator analizlərə ehtiyac olduqda, sistem pasiyenti müvafiq şəkildə yönləndirir. Sistem və klinik vəziyyətin qiymətləndirilməsi əsasında pasiyent həkimlə üz-üzə görüşə dəvət oluna bilər.

Aygün Əhmədova bildirib ki, burada tətbiq edilən texnologiya səhiyyənin yalnız rəqəmsallaşmasını deyil, eyni zamanda fərdiləşdirilmiş və daha çevik xidmət modelinə keçidini simvolizə edir. Səudiyyə Ərəbistanı bu proqram vasitəsilə həm ölkə daxilində rəqəmsal səhiyyə ekosistemini formalaşdırmağı, həm də beynəlxalq texnologiya tərəfdaşlarını cəlb etməklə səhiyyə sektorunun innovasiya dəyər zəncirinə liderlik etməyi hədəfləyir. “Sandbox” modeli göstərdi ki, uyğun hüquqi və institusional çərçivə mövcud olduqda, innovativ texnologiyalar yalnız texniki deyil, etik və tənzimləyici baxımdan da praktik nəticələr verə bilər.

Qlobal miqyasda texnoloji tətbiqlərin uğurlu nümunəsi olan bu təşəbbüs “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda nəzərdə tutulan prioritet sektorların seçilməsi və “sandbox” yanaşmalarının tətbiqi üçün də praktiki baxımdan dəyərli istinad nöqtəsi ola bilər. Aygün Əhmədova əlavə edib ki, Səudiyyə Ərəbistanının “sandbox” təcrübəsi yalnız texnoloji yenilik deyil, həm də institusional adaptasiyanın, hüquqi çevikliyin və Sİ əsaslı vətəndaşyönümlü xidmət modelinin necə qurula biləcəyinə dair mühüm nümunədir.