Azərbaycan CAREC institutunun hesabatına əsasən Covid-19 pandemiyasından sonra ən yüksək bərpa prosesi keçən ölkələrdən biridir

Azərbaycan CAREC institutunun hesabatına əsasən Covid-19 pandemiyasından sonra ən yüksək bərpa prosesi keçən ölkələrdən biridir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

 analitiki Ayhan Satıcı Azərbaycanın iqtisadi inkişafı ilə bağlı mövzunu şərh edib

 

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) institutu rüblük iqtisadi monitorinqini təqdim edib. CAREC regionuna daxil edilən 11 ölkə üzrə araşdırmada ölkələrin Ümumi Daxil Məhsulu (ÜDM), fiskal və pul siyasəti kimi faktorlar nəzərə alınaraq ən son iqtisadi inkişaf komponentləri təhlil edilmiş və Covid-19 pandemiyasından bərpa prosesinin region üzrə göstəriciləri təqdim edilmişdir.

Covid-19 pandemiyasının səbəb olduğu iqtisadi tənəzzül öz təsirini itirməyə başlamış və iqtisadiyyatların bərpası 2021-ci ilin statistik göstəricilərində öz əksini tapmışdır. Belə ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin birinci və ikinci rübündə ÜDM-nin sabit qiyməti uyğun olaraq 2,8% və 2,2% artım göstərmişdir. Ötən iki il ərzində Azərbaycan Respublikası, Çin Xalq Respublikası və Özbəkistan ən yüksək real ÜDM-ə çatan ölkələr olmuşdur. Bu göstəricilər digər CAREC regionu ölkələri üçün dəyişkən olmasına baxmayaraq 2021-ci ildə 1-ci və 2-ci rüb üzrə müvafiq olaraq mövsümi dəyişikliklər edilərək rüblük müsbət artım əldə edilmişdir. Region üzrə iqtisadi bərpa prosesi əsasən kənd təsərrüfatı sektoru, emal sənayesi və xidmət sektorunda daha sürətli olmuşdur.

Əlavə olaraq, son 4 ilin ən yüksək real ÜDM artımı 2021-ci ilin 2-ci rübündə  Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan və Qırğızıstan əldə etmişdir.

Bu da bir faktdır ki, pandemiya zamanı bir çox iqtisadiyyatlar, o cümlədən CAREC regionu iqtisadiyyatları inflyasiya ilə üzləşdilər. 2021-ci ilin yanvar və iyul ayları dövründə Azərbaycanda inflyasiya 3.3%-dan 5.2%-ə, Gürcüstanda 2.8%-dan 11.9%-ə, Qazaxıstanda 7.4%-dən 8.4%-ə, Qırğızıstanda 10.1%-dan 14.6%-ə, və Monqolustanda 2.4%-dən 7.4%-ə qədər artmışdır. Inflyasiya göstəricilərinə nəzər yetirdikdə, CAREC regionu üzrə inflyasiyanın aşağı səviyyədə olub və bu dövr ərzində ən az inflyasiya artımı edən iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı olduğunu müşahidə etmək mümkündür.

Mənbə: CAREC rüblük iqtisadi monitorinq məlumatlarına əsasən müəllifin hesablamaları

Inflyasiyaya səbəb olan amillərdən biri ərzaq təchizat zəncirinin pandemiyaya görə mənfi təsirə məruz qalması və ərzaq qiymətlərinin 2020-ci ilin əvvəllərində artması olmuşdur. Halbuki, bu təsir 2020-ci ilin sonuncu rübü və 2021-ci ilin ikinci rübü ərzində azalmışdır. Belə ki, ərzaq sektorunda olan inflyasiya Gürcüstanda 6.1%-dən 5%-ə, Pakistanda 15%-dən 13.7%-ə, Qazaxıstanda 10.9%-dən 9.9%-ə, Tacikistanda 12.6%-dən 9.4%-ə, və Özbəkistanda 16.2%-dən 14.2%-ə qədər azalmışdır. Lakin, bu göstərici Azərbaycanda müvafiq dövrdə 4.9% ətrafında qərarlaşmışdır. Digər region ölkələr ilə müqayisədə ərzaq qiymətlərinin inflyasiyasında Azərbaycan iqtisadiyyatı ən aşağı inflyasiyaya malik ölkələrdən biri olmuşdur.

Son olaraq, regionda 2021-ci ilin iyun ayında ixrac üzrə statistik göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% daha çox olmuşdur. Müvafiq hesabata əsasən region üzrə ixrac göstəricilərinin artım tempi göstərən ölkələrdən biri də Azərbaycan olmuşdur