Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi

Vüsalə Cəfərova

Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri

07 iyul 2024, 12:52

 Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi

İyulun 6-da Şuşada Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi Türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova zirvə görüşünə dair mühüm məqamları şərh edib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümündə Şuşada keçirilən  zirvədə liderlərin verdiyi bəyanatlar və qəbul edilən qərarlar “Türk dünyasına baxış-2040”  çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşdirilməsini hədəfləyir. Vüsalə Cəfərova bildirib ki, Qarabağ Bəyannaməsi türk dövlətləri arasında ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm prinsipləri özündə ehtiva edir. Bəyannamə çərçivəsində həyata keçiriləcək tədbirlər ölkələr arasında ticarət maneələrinin azaldılması, nəqliyyat və logistika infrastrukturunun təkmilləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində vacib addımların atılmasını nəzərdə tutur.Türk İnvestisiya Fondunun yaradılması isə bu istiqamətdə atılan ən mühüm addımlardan biridir və fondun fəaliyyəti sayəsində regional ticarət və iqtisadi əməkdaşlıq yeni səviyyəyə qalxacaq. TDAM rəhbəri qeyd edib ki, 500 milyon dollar nizamnamə kapitalına malik  Türk İnvestisiya Fondunun (TIF) işlək mexanizmlərinin hazırlanmasının Bəyannamədə yer alması məhz investisiya imkanlarını genişləndirmək və iqtisadi inteqrasiyanı gücləndirmək məqsədi daşıyır. Ümumi əhalisi 170 milyondan çox olan və 1.2  trilyon dollar həcmində ümumi ticarət həcminə və 1.5 trilyon dollar ümumi daxili məhsula, 558 milyard dollar  həcmində ixraca malik TDT üzv dövlətlərinin öz aralarnda ixracı cəmi 33 milyard dollar (2022-ci il) təşkil edir. Bu, onu deməyə əsas verir ki, üzv dövlətlər arası ticarət, investisiya və iqtisadi əlaqələrin artırılmasını hədəfləyən qərarların Bəyannamadə qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Vüsalə Cəfərova vurğulayıb ki, üzv dövlətlər arasında ticarətin artmasında xüsüsi önəm kəsb edən Orta Dəhlizin əhəmiyyəti Çindən Avropaya gedən ən sürətli marşrut kimi artmaqdadır. 2040-cı ilə qədər bu dəhliz vasitəsilə tranzit yüklərin həcminin illik 500 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Bu səbəbdən Azərbaycan və digər TDT üzvləri bu sahəni prioritet hesab edir və külli miqdarda investisiyalar yatırırlar. Zirvə görüşündə liderlər Xəzər regionu vasitəsilə Avropa və Asiya arasında ticarət yollarının genişləndirilməsi və Orta Dəhlizin  nəqliyyat vaxtını və xərcləri əhəmiyyətli dərəcədə azaltmasını müzakirə edərək təkmilləşdirmə planlarını bəyan ediblər.  TDAM rəhbərinin sözlərinə görə, tərəflər infrastruktura qoyulan investisiyanın iqtisadi faydalarını vurğulayaraq yeni dəmir yollarının tikintisi və mövcud olanların modernləşdirilməsi yolu ilə tranzit vaxtlarını azaltmaq və  regional ticarəti gücləndirməyi hədəfləyirlər. Hesablamalara görə, 2023-cü ilə qədər regionda infrastruktur investisiyaları üzv dövlətlər arasında ticarət həcmlərinin 15% artmasına səbəb olub. Üzv dövlətlər arasında ticarət maneələrinin azaldılması üçün səylər göstərilir. Liderlər gömrük prosedurlarının sadələşdirilməsini və 2025-ci ilə qədər regiondaxili ticarəti 20% artırmağı hədəfləyirlər. Vüsalə Cəfərova qeyd edib ki, son dövrlər Xarici Birbaşa İnvestisiyalar (XBİ)  daxilolmalarında əvvəlki zirvə görüşlərindəki müzakirələrdən sonra artım müşahidə edilir. “Hesablamalarımıza görə, 2023-cü ildə Azərbaycanın TDT ölkələrindən XBİ daxilolmaları 25% artaraq investorların artan inamını nümayiş etdirir”. Şuşa sammitində liderlər enerji təhlükəsizliyini artırmaq və davamlı inkişafı təşviq etmək üçün təbii qaz və bərpa olunan enerji mənbələri də daxil olmaqla, regionun enerji resurslarından istifadənin vacibliyini vurğulayıblar. 2023-cü ilə qədər enerji sahəsində əməkdaşlıq sazişləri üzv dövlətlər arasında enerji ixracının 30% artması ilə nəticələnib. Rəqəmsal transformasiyanın iqtisadi inkişafda aparıcı rolu Qarabağ Bəyannaməsində xüsusi vurğulanır. Rəqəmsal infrastrukturun təkmilləşdirilməsi və regionda elektron ticarətin təşviqi təşəbbüsləri üzv dövlətlər arasında onlayn ticarət fəaliyyətlərinin 25% artmasına səbəb olub. TDAM rəhbəri əlavə edib ki, Zirvə görüşü və imzalanan Bəyannamə iqtisadi inteqrasiya, regional infrastrukturun inkişafı, ticarətin asanlaşdırılması, enerji əməkdaşlığı və rəqəmsal transformasiyaya diqqət yetirməklə regionun iqtisadi potensialını daha da açmağı və davamlı inkişafı dəstəkləyir. Şuşada qəbul edilən qərarlar “Türk dünyasına baxış-2040” sənədi çərçivəsində iqtisadi inteqrasiyanın və əməkdaşlığın gücləndirilməsi üçün mühüm bir mərhələdir. Türk dövlətləri arasında ticarət və investisiya mühitinin təkmilləşdirilməsi, nəqliyyat və logistika infrastrukturlarının inkişafı, qarşılıqlı ticarətin və iqtisadi əlaqələrin daha da güclənməsinə töhfə veriləcək. Bu tədbirlər Türk dünyasının qlobal iqtisadi sistemdə daha mühüm rol oynamasını təmin edəcək. 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R