Dünya İqtisadi Forumunun 2026-cı il İllik Toplantısı çərçivəsində Davos-Klostersdə “Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır” (Scaling AI: Now Comes the Hard Part) adlı panel keçirilib. Panel Dünya İqtisadi Forumunun “Sənayelərin Süni İntellekt vasitəsilə Transformasiyası” (AI Transformation of Industries) təşəbbüsü çərçivəsində süni intellektin artıq pilot mərhələdən çıxaraq geniş miqyaslı real tətbiqlərə keçidi zamanı ortaya çıxan əsas çağırışlara həsr edilib.
Panel müzakirəsində səhiyyə texnologiyaları, qlobal ödəniş sistemləri, enerji sənayesi və strateji konsaltinq sahələrini təmsil edən aparıcı rəhbərlər iştirak ediblər. Royal Philips şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Roy Jakobs səhiyyədə süni intellektin klinik və əməliyyat təsirlərini, Visa-nın Baş İcraçı Direktoru Ryan McInerney agent əsaslı ticarət və ödəniş ekosistemlərinin gələcəyini, Aramco şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Amin Nasser süni intellektin enerji sektorunda ölçülə bilən iqtisadi dəyər yaratma potensialını, Accenture şirkətinin Sədri və Baş İcraçı Direktoru Julie Sweet isə süni intellektin müəssisə miqyasında biznes transformasiyası üçün tələb etdiyi institusional və liderlik yanaşmalarını müzakirə edib. Panelə MIT Technology Review jurnalının Baş redaktoru Mat Honan moderatorluq edib.
Müzakirələrin tərkibi süni intellektə yanaşmanın sektorlararası və nəticə yönümlü əsasda qurulmasının zəruriliyini açıq şəkildə göstərir. Davos paneli süni intellekt üzrə qlobal gündəmin artıq texnoloji eksperimentlər mərhələsindən institusional transformasiya mərhələsinə keçdiyini nümayiş etdirir.
Moderator Mat Honan çıxışında 2025-ci ildə süni intellektə 1,5 trilyon ABŞ dolları həcmində investisiya yatırıldığını xatırladaraq vurğulayıb ki, əsas çağırış pilot layihələrin çoxluğu deyil, onların müəssisə miqyasında dayanıqlı və təhlükəsiz şəkildə genişləndirilməsidir. Auditoriya ilə aparılan qısa sorğunun nəticələri də göstərib ki, pilot proqramlar geniş yayılıb, lakin onları real miqyasda tətbiq edə bilən təşkilatların sayı məhduddur və bu mərhələdə gözlənilməz çətinliklər üstünlük təşkil edir.
Roy Jakobsun səhiyyə sektorunda süni intellektlə bağlı çıxışı xüsusi maraq doğurub. Jakobs vurğulayıb ki, süni intellektin real təsiri klinik qərarların dəqiqliyinin artırılması, inzibati yükün azaldılması və tibbi personalın pasiyentə daha çox vaxt ayıra bilməsi ilə ölçülür. O, tibbi görüntüləmə və monitorinq məlumatları əsasında diaqnostikanın dəqiqləşdirilməsini, qərarvermə keyfiyyətinin yüksəldilməsini və səhvlərin azaldılmasını əsas istiqamətlər kimi qeyd edib. “Ambient listening” texnologiyalarını nümunə gətirən Jakobs bildirib ki, sənədləşmə yükünün azalması tibb bacılarının vaxtını birbaşa pasiyent qayğısına yönəltməyə imkan verir. Eyni zamanda, o, etimad və təhlükəsizlik məsələsinə toxunaraq süni intellektdən bəzən həkimlərin orta göstəricilərindən daha yüksək dəqiqlik tələb edilməsinin qərarvermə sərhədlərinin balanslı müəyyənləşdirilməsini zəruri etdiyini qeyd edib.
Ryan McInerney agent əsaslı ticarətin 2026-cı ildə yeni mərhələyə keçəcəyini vurğulayaraq, istifadəçilərin süni intellekt platformalarında həm axtarış, həm də alış prosesini birbaşa tamamlamağa başlayacağını qeyd edib. Məsələn, “al” düyməsi birbaşa platformada mövcud olacaq və istifadəçi istər ChatGPT, istər Gemini, Claude, Copilot və ya digər platformadan çıxmadan alışını tamamlayacaq. Daha uzun perspektivdə isə agentlərin istifadəçi adından alış qərarlarını icra etməsi üçün “etimad arxitekturası”nın formalaşdırılmasının vacibliyini bildirib. Onun sözlərinə görə, süni intellektin genişlənməsi istehlakçıların “axtarış pəncərəsini” genişləndirərək, qlobal inventarın real vaxt rejimində araşdırılmasını mümkün edir və bu proses kiçik bizneslərin qlobal bazara çıxışını gücləndirərək ticarətdə daha geniş “demokratikləşmə” effekti yarada bilər.
Enerji və sənaye kontekstində süni intellektin miqyaslandırılmasına dair müzakirələrdə Amin Nasser-in yanaşması xüsusi diqqət çəkib. Nasser “ölçülə bilən dəyər”, “düzgün əməliyyat modeli” və “məlumat keyfiyyəti” anlayışlarını əsas şərt kimi ön plana çıxarıb. O bildirib ki, Aramco-da süni intellekt üzrə istifadə ssenarilərinin sayı bir il ərzində 400-dən 500-ə yüksəlib və onların 100-ü artıq pilot mərhələdən çıxaraq real əməliyyat mühitində tətbiq olunur. Şirkət irəliləyişi “texnologiya vasitəsilə əldə olunan real dəyər” göstəricisi ilə ölçür. Bu göstərici əvvəlki illərdə 200–300 milyon ABŞ dolları səviyyəsində olduğu halda, 2023-2024-cü illərdə 6 milyard ABŞ dollarına çatıb və dəyərin təxminən 50 faizi birbaşa süni intellekt tətbiqləri hesabına formalaşıb. İlkin qiymətləndirmələrə əsasən, 2025-ci il üzrə bu göstəricinin 3–5 milyard ABŞ dolları arasında olacağı gözlənilir.
Bununla yanaşı, o, bütün bu proseslərdə məlumat keyfiyyətinin həlledici rol oynadığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, yüksək keyfiyyətli məlumat olmadan süni intellektdən real nəticə əldə etmək mümkün deyil. Aramco-nun 90 il ərzində topladığı və qoruduğu məlumat bazası bu gün süni intellektin miqyaslandırılması üçün əsas üstünlük rolunu oynayır. Amin Nasser data mərkəzlərinin artan enerji tələbatı ilə bağlı müzakirələr fonunda diqqəti texnologiyanın özündən daha çox insan kapitalının roluna yönəldib. Onun sözlərinə görə, süni intellektin miqyaslandırılması yalnız texniki infrastrukturun genişləndirilməsi ilə deyil, kadr potensialının paralel şəkildə hazırlanması və inkişaf etdirilməsi ilə mümkündür. Bu yanaşma süni intellekti insanları əvəz edən deyil, insanlarla birlikdə işləyərək davamlı və ölçülə bilən dəyər yaradan bir alət kimi formalaşdırır.
Amin Nasser çıxışının sonunda Aramco-nun təxminən 7,5 milyard ABŞ dolları həcmində investisiya portfelinə malik vençur kapital qolunun süni intellekt üzrə innovasiyaların erkən mərhələdə müəyyənləşdirilməsi və real əməliyyat mühitində sınaqdan keçirilməsi baxımından həlledici rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, bu mexanizm yalnız maliyyələşmə deyil, eyni zamanda startaplar üçün texnologiyaların miqyaslandırılması və sənaye tətbiqinə keçidi təmin edən strateji alət kimi çıxış edir.
Julie Sweet çıxışında süni intellektin miqyaslandırılmasını “texnologiya layihəsi” deyil, “biznes transformasiyası” kimi xarakterizə edib. O vurğulayıb ki, əsas yanaşma “human in the loop” deyil, “human in the lead” olmalıdır; yəni liderlik texnologiyanı dərindən anlamadan təşkilatın iş modeli dəyişə bilməz. Sweet əlavə edib ki, şirkətlər artıq süni intellekt təşəbbüslərinin maliyyə nəticələrində görünməsini, rəhbərlərin məqsədlərinə inteqrasiya olunmasını və konkret iqtisadi dəyər yaratmasını tələb edirlər.
Müzakirələrin ortaq nəticəsi süni intellektin miqyaslandırılmasının texnologiyadan daha çox idarəetmə, proseslərin yenidən qurulması, məlumat keyfiyyəti, təhlükəsizlik və etimad çərçivələrinin yaradılması, eləcə də liderlik və insan kapitalının hazırlanması ilə bağlı olmasıdır. Panelin yekununda səslənən əsas fikirlərdən biri də bu olub: “Anlamadığın bir şeyə etibar etmək çətindir.” Bu mesaj süni intellektin geniş tətbiqində şəffaflıq, səriştə və izah edilə bilənliyin mərkəzi rolunu bir daha ön plana çıxarır.







Çox oxunan xəbərlər
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib
Minimum aylıq əmək haqqı 38,5 faiz artırılıb
Azərbaycan süni intellekt sahəsində qlobal qiymətləndirmələrdə mövqeyini möhkəmləndirir
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
Tarif Şurasının yeni qərarı kommunal xidmətlər sahəsində səmərəliliyin artırılmasını hədəfləyir
"İnklüziv sosial inkişaf və sosial təminat" üzrə İşçi qrupunun növbəti iclası olub
Azərbaycan-İran münasibətləri: keçmişdən gələcəyə doğru
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib
Azərbaycan-Qazaxıstan: 20 illik strateji tərəfdaşlıq