İİTKM dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramının monitorinqi üçün yeni modul yaradacaq

İİTKM dağ-mədən və metallurgiya sənayesi üzrə Dövlət Proqramının monitorinqi üçün yeni modul yaradacaq

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 sentyabr tarixli 1226 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

5 oktyabr 2026-cı il tarixli 744s nömrəli Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı bir sıra vəzifələr həvalə edilib.

Sərəncama əsasən, İİTKM operatoru olduğu “e-monitorinq” portalı çərçivəsində “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını üç ay müddətində təmin edəcək. Növbəti ildən Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi həmin Modul üzərindən həyata keçiriləcək.

Bununla yanaşı, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı qurumların operatoru olduqları elektron informasiya sistemlərinin və portalların “e-monitorinq” portalına inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcək.

İİTKM Dövlət Proqramının icrasının monitorinqinin nəticələri barədə məlumatları 2028-ci ildən başlayaraq ildə bir dəfə, hər il aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Proqramının icrasının qiymətləndirilməsinin nəticələri isə iki dəfə - 2029-cu və 2031-ci illərin iyunun 30-dək Nazirlər Kabinetinə təqdim olunacaq.

Həmçinin Dövlət Proqramında nəzərdə tutulmuş layihələrin icrasına dair məlumatlar 2027-ci ildən başlayaraq rübdə bir dəfə, rübdən sonrakı ayın 15-dək “Layihə idarəetməsi” modulunda yerləşdiriləcək. Tədbirlər üzrə ilin yekunlarına dair məlumatların isə 2028-ci ildən başlayaraq hər il fevralın 25-dək Modulda yerləşdirilməsi təmin ediləcək.

Bundan əlavə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Tədbirlər Planı çərçivəsində həyata keçirilən layihələrin maliyyələşdirilməsi ilə bağlı məlumatların mütəmadi olaraq müvafiq modulda yerləşdirilməsini təmin edəcəklər.

Beləliklə, İİTKM Dövlət Proqramının icrası üzrə tədbir və layihələrin gedişinin vahid rəqəmsal platforma üzərindən izlənilməsini, sistemli hesabatlılığın aparılmasını və nəticələrin monitorinq və qiymətləndirilməsini təmin edəcək.

Ətraflı: https://nk.gov.az/az/senedler/serencamlar/azerbaycan-respublikasinda-dag-meden-metal-filizle-9809