Vüsal Qasımlı “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru ilə görüşüb

Vüsal Qasımlı “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru ilə görüşüb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., prof. Vüsal Qasımlı ilə “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru Riçard Stirlinq arasında görüş keçirilib.

Görüş “Oxford Insights” tərəfindən Azərbaycanın süni intellekt sahəsində hazırlıq və potensialının qiymətləndirilməsi çərçivəsində təşkil olunub. Müzakirələrdə ölkənin süni intellekt ekosisteminin mövcud vəziyyəti, milli süni intellekt strategiyasının həyata keçirilməsi, dövlət sektorunda süni intellektin tətbiqi imkanları, eləcə də bu sahədə institusional potensial və inkişaf prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.

Vüsal Qasımlı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasının monitorinqi və qiymətləndirilməsi istiqamətində İİTKM-in fəaliyyətinə toxunub, Strategiyanın hədəfləri üzrə irəliləyişin sistemli izlənilməsinin, icraçı qurumlarla koordinasiyanın və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. O, məlumatların əlçatanlığı və keyfiyyəti, rəqəmsal infrastrukturun inkişafı, insan kapitalının gücləndirilməsi və özəl sektorla əməkdaşlığın genişləndirilməsinin süni intellekt ekosisteminin inkişafında mühüm rol oynadığını bildirib.

İİTKM-in icraçı direktoru süni intellektin tətbiqi üçün əlverişli biznes mühitinin formalaşdırılması, dövlət-özəl tərəfdaşlığının imkanları, təşəbbüslərin maliyyələşdirilməsi və potensial risklərin idarə olunması məsələlərinə də diqqət çəkib. O, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində təcrübəsini, o cümlədən “Smart Monitoring” sisteminin imkanlarını qeyd edərək, bu təcrübənin digər qurumlarla paylaşılması perspektivləri barədə fikirlərini bölüşüb.

Görüşdə İİTKM əməkdaşlarının təqdimatında “Smart Monitoring” sisteminin Mərkəzin monitorinq və qiymətləndirmə fəaliyyəti çərçivəsində tətbiqi, funksionallıqları və sistemin informasiya bazasına dair məlumatlar diqqətə çatdırılıb. Real vaxt rejimində videomüşahidə və coğrafi informasiya sistemi (CİS) alətləri daxil olmaqla sistemin imkanları canlı nümayiş etdirilib.

Təqdimat zamanı “Smart Monitoring” sisteminin “Layihə idarəetməsi” modulunun imkanları da nümayiş etdirilib. Qurumlar tərəfindən təqdim edilən məlumatlar əsasında həm ayrı-ayrı layihələrin, həm də dövlət proqramlarının bütövlükdə təhlil edilməsinə imkan yaradan modulda maliyyə mənbələri, fiziki və maliyyə tərəqqisi, qazanılmış dəyər (EVM) qrafikləri və layihələrin icra vəziyyəti üzrə hesabatların rüblük əsasda formalaşdırılması diqqətə çatdırılıb.

İnfrastruktur layihəsi nümunəsində qazanılmış dəyər təhlili təqdim olunub. Planlaşdırılmış dəyər, faktiki xərc və görülmüş işin dəyərinin müqayisəsi əsasında layihənin qrafikdən geriləməsinin, büdcə üzrə yaranacaq fərqin və başa çatma müddətinin proqnozlaşdırılması imkanları göstərilib. Həmçinin süni intellektdən istifadə etməklə həmin layihənin icrası zamanı qarşıya çıxa biləcək risklərdən ibarət risk matrisinin hazırlandığı və digər layihələrin bu layihədən asılılığının müəyyən edildiyi vurğulanıb. Bu yanaşmanın problemlərin erkən aşkarlanmasına və qabaqlayıcı tədbirlərin vaxtında görülməsinə şərait yaratdığı qeyd olunub.

Müzakirələr zamanı “Smart Monitoring” sisteminə süni intellekt texnologiyalarının inteqrasiyası istiqamətində görülən işlər barədə məlumat verib. Dövlət Proqramları, layihələr, maliyyə göstəriciləri və müvafiq sənədləri əhatə edən məlumat bazası “Mesh” modelinə uyğun şəkildə əlaqələndirilərək süni intellekt sisteminin məlumat bazasını formalaşdırır. Bu məlumatlar əsasında “RAG” və böyük dil modeli (LLM) texnologiyalarını birləşdirən sistemin ilkin işlək versiyası təqdim olunub.

Əsas məqsədin məlumatların təhlilini asanlaşdırmaq və qərar qəbuletmə prosesini dəstəkləmək olduğu vurğulanıb. Növbəti mərhələdə sistemin dəqiqliyinin və təhlükəsizliyinin təkmilləşdirilməsi, həmçinin müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış süni intellekt agentlərinin tətbiqi nəzərdə tutulur.

Təqdimat zamanı Mərkəzdə süni intellektin daxili idarəetmədə tətbiqi imkanları nümayiş etdirilib. “Notion AI” agentləri vasitəsilə əməkdaşların tapşırıqlarının, icra müddətlərinin və fəaliyyət istiqamətlərinin vahid iş mühitində idarə edilməsi, komanda fəaliyyətinin qiymətləndirilməsi və gündəlik iş proseslərinin avtomatlaşdırılması imkanları diqqətə çatdırılıb.

Görüşdə “Oxford Insights” tərəfdən Pablo Fuentes və Olivia Slak, Milli Süni İntellekt Mərkəzinin (NAIC) kommersiya üzrə baş direktoru Ulfan Əliyev və ictimaiyyətlə əlaqələr və tədbirlər üzrə mütəxəssisi Məcid Musayev, İİTKM-i isə icraçı direktorun müavini Təranə Salıfova, icraçı direktorun müşaviri Elmar Təhməzli, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Arzu Süleymanov, Sahəvi proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli, Səmərəliliyin qiymətləndirilməsi sektorunun baş məsləhətçisi Könül Bədəlova, süni intellekt üzrə mütəxəssis Emiliya Xıdırova və icraçı direktorun köməkçisi Günel Hüseynova təmsil ediblər.

Vüsal Qasımlı “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru ilə görüşüb
Vüsal Qasımlı “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru ilə görüşüb
Vüsal Qasımlı “Oxford Insights” beynəlxalq tədqiqat mərkəzinin baş icraçı direktoru ilə görüşüb