Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün artırılması

Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün artırılması

2026-cı ildə Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi türk dünyasında siyasi həmrəyliyin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və regional inteqrasiyanın sürətləndirilməsi baxımından da mühüm mərhələ oldu. Azərbaycanın sədrliyi dövründə irəli sürülən təşəbbüslər və aparılan çoxtərəfli müzakirələr TDT-nin yalnız ortaq tarixi və mədəni dəyərləri birləşdirən platforma deyil, həm də iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının və regional inkişafın təşviq olunduğu təsirli institusional mexanizm kimi mövqeyini gücləndirdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri İlyas Hüseynov bildirib ki, 2025-ci ilin oktyabrında Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının Zirvə görüşündə bir daha təsdiqlənən prioritetlər Azərbaycanın sədrliyinin əsas istiqamətlərini müəyyənləşdirdi. Bu prioritetlər sırasında iqtisadi və nəqliyyat bağlantılarının genişləndirilməsi, institusional səmərəliliyin artırılması, üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın beynəlxalq nüfuzunun gücləndirilməsi xüsusi yer tuturdu. Qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin, geosiyasi gərginliklərin və təchizat zəncirlərindəki dəyişikliklərin artdığı bir şəraitdə bu istiqamətlər türk dövlətlərinin ortaq iqtisadi maraqlarının uzlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın sədrliyi dövründə TDT çərçivəsində iqtisadi əməkdaşlığın əsas istiqamətləri ticarət, investisiya, nəqliyyat bağlantıları, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar kimi müəyyənləşdirildi. Bu sahələrin kompleks şəkildə inkişaf etdirilməsi üzv dövlətlər arasında iqtisadi əlaqələrin daha sistemli xarakter almasına, qarşılıqlı iqtisadi asılılığın və ortaq maraqların güclənməsinə xidmət edir.

TDAM rəhbəri bildirib ki, ticarət əlaqələrinin genişləndirilməsi türk dövlətlərinin iqtisadi inteqrasiyasının əsas istiqamətlərindən biridir. Üzv ölkələr arasında iqtisadi potensialın, istehsal imkanlarının və bazarların qarşılıqlı tamamlayıcılığı qarşılıqlı ticarətin artırılması üçün əlverişli zəmin yaradır. Bununla yanaşı, ticarət maneələrinin azaldılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, rəqəmsal ticarət mexanizmlərinin tətbiqi və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi əməkdaşlığın praktiki nəticələrini artıra bilər.

İnvestisiya əməkdaşlığı da bu prosesin mühüm komponentidir. Türk dövlətlərinin nəqliyyat, sənaye, energetika, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və xidmət sektorlarında mövcud imkanları birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün geniş perspektivlər açır. Qarşılıqlı investisiyaların təşviqi yalnız kapital axınlarının artmasına deyil, həm də istehsal zəncirlərinin formalaşmasına, yeni iş yerlərinin yaradılmasına və texnologiya transferinə töhfə verə bilər. Bu baxımdan iqtisadi əməkdaşlığın növbəti mərhələsində ümumi maraqlara əsaslanan layihələrin müəyyənləşdirilməsi və onların icrasına institusional dəstəyin artırılması vacibdir.

İlyas Hüseynov qeyd edib ki, Azərbaycanın TDT-yə sədrliyi kontekstində nəqliyyat və logistika əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhlizin inkişafı türk dövlətləri arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və regionun beynəlxalq ticarət sistemində mövqeyinin gücləndirilməsi üçün mühüm imkanlar yaradır. Şərq-Qərb istiqamətində yükdaşımaların genişləndirilməsi, nəqliyyat infrastrukturunun əlaqələndirilməsi və tranzit prosedurlarının təkmilləşdirilməsi türk dövlətlərinin Avropa və Asiya bazarları arasında mühüm bağlantı rolunu gücləndirə bilər.

Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması yalnız fiziki infrastrukturun inkişafı ilə məhdudlaşmır. Burada sərhəd-keçid prosedurlarının optimallaşdırılması, gömrük sistemlərinin rəqəmsallaşdırılması, vahid logistika yanaşmalarının tətbiqi, tarif siyasətinin uzlaşdırılması və nəqliyyat operatorları arasında koordinasiyanın gücləndirilməsi də mühüm rol oynayır. Bu istiqamətlərdə əməkdaşlıq yükdaşımaların vaxtını və xərclərini azaltmaqla regionun beynəlxalq ticarət marşrutları üçün cəlbediciliyini yüksəldə bilər.

Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və tranzit imkanları ölkənin bu prosesdə mühüm bağlantı mərkəzi kimi rolunu artırır. Bununla yanaşı, Orta Dəhlizin dayanıqlı və rəqabətqabiliyyətli marşruta çevrilməsi bütün iştirakçı ölkələrin koordinasiyalı fəaliyyətini tələb edir. Bu səbəbdən TDT çərçivəsində nəqliyyat və logistika məsələlərinin davamlı müzakirəsi iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bununla yanaşı, TDT ölkələri arasında enerji əməkdaşlığı da regional iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biridir. Enerji resurslarının istehsalı, nəqli və ixracı sahəsində mövcud potensialın əlaqələndirilməsi üzv dövlətlərin enerji təhlükəsizliyinə və beynəlxalq enerji bazarlarında mövqelərinin güclənməsinə xidmət edə bilər. Eyni zamanda, bərpaolunan enerji, enerji səmərəliliyi və müasir texnologiyaların tətbiqi sahələrində birgə təşəbbüslər əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır.

TDAM rəhbəri qeyd edib ki, Maliyyə əməkdaşlığının genişləndirilməsi isə ticarət və investisiya əlaqələrinin inkişafını tamamlayan mühüm amildir. Ödəniş mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə institutları arasında əməkdaşlıq, biznes layihələrinin maliyyələşdirilməsi və investisiya mühitinin yaxşılaşdırılması iqtisadi əlaqələrin daha dayanıqlı əsaslar üzərində qurulmasına kömək edə bilər.

Rəqəmsal iqtisadiyyat, innovasiya və yeni texnologiyalar da Azərbaycanın sədrliyi dövründə diqqət mərkəzində saxlanılan prioritetlər sırasında yer aldı. Elektron ticarət, rəqəmsal ödənişlər, innovasiya ekosistemləri, süni intellekt və rəqəmsal dövlət xidmətləri sahələrində əməkdaşlıq türk dövlətlərinin iqtisadiyyatlarının rəqabət qabiliyyətini artırmaq üçün yeni imkanlar yaradır. Bu sahədə təcrübə mübadiləsi və birgə layihələrin təşviqi ənənəvi iqtisadi əməkdaşlığı yeni texnoloji mərhələyə daşıya bilər.

İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün siyasi dialoqun və institusional koordinasiyanın davamlılığı mühüm şərtdir. Azərbaycanın sədrliyi dövründə xarici işlər nazirlərinin dörd qeyri-rəsmi görüşünün keçirilməsi üzv dövlətlər arasında siyasi dialoqun intensivləşməsinə və regional, qlobal çağırışlar üzrə mövqelərin uzlaşdırılmasına şərait yaratdı. TDT-nin birgə bəyanatlarının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılmağa başlanması təşkilatın beynəlxalq görünürlüğünün və institusional çəkisinin artdığını göstərir.

Bununla yanaşı, təhlükəsizlik şuraları katiblərinin Bakıda keçirilmiş görüşü və müdafiə sənayesi sahəsində birgə istehsal və texnoloji əməkdaşlığa dair 2027-ci il Yol Xəritəsinin qəbulunun əhəmiyyəti vurğulanması regional təhlükəsizlik və texnoloji potensial məsələlərinin də təşkilatın gündəliyində yer aldığını göstərir. Təhlükəsiz və proqnozlaşdırıla bilən regional mühit iqtisadi fəaliyyət, investisiya və nəqliyyat bağlantılarının davamlılığı üçün mühüm zəmin yaradır.

Azərbaycanın sədrliyi dövründə humanitar və mədəni əməkdaşlıq da diqqətdən kənarda qalmadı. Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Türk Dünyası Həftəsinin keçirilməsi, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün təşkili və Bakıda Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının VII toplantısının keçirilməsi ortaq kimliyin və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdi. Bu əlaqələr iqtisadi tərəfdaşlığın sosial və mədəni əsaslarını da gücləndirir.

2026-cı ildə Azərbaycanın TDT-yə sədrliyi türk dövlətləri arasında əməkdaşlığın iqtisadi məzmununun genişləndirilməsi və təşkilatın institusional imkanlarının gücləndirilməsi baxımından əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə və rəqəmsal inkişaf istiqamətlərinin vahid əməkdaşlıq gündəliyində birləşdirilməsi türk dünyasının regional iqtisadi gücünün artırılması üçün yeni perspektivlər yaradır.

Əldə olunan siyasi və institusional irəliləyişlərin real iqtisadi nəticələrə çevrilməsi üçün qəbul edilmiş qərarların ardıcıl icrası, milli qurumların prosesə fəal cəlb olunması və TDT Katibliyinin koordinasiya-monitorinq imkanlarının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sədrliyinin başa çatması ilə Türkiyənin növbəti sədrliyə başlaması isə bu gündəliyin davamlılığı və yeni təşəbbüslərlə zənginləşdirilməsi üçün imkan yaradır.

Beləliklə, Azərbaycanın sədrliyi dövründə formalaşan əməkdaşlıq gündəliyi türk dövlətlərinin ortaq tarixi və mədəni bağlarını iqtisadi tərəfdaşlıq, ticarət əlaqələri və regional bağlantılarla daha sıx şəkildə birləşdirmək istiqamətində mühüm addım oldu. Növbəti mərhələdə əsas hədəf bu potensialı konkret layihələrə, artan qarşılıqlı ticarətə, investisiya axınlarına və daha səmərəli nəqliyyat-logistika sisteminə çevirməkdir.