Şimal-Cənub nəqliyyat dəhlizi haqqında saziş tranzit xidmətlərindən büdcəyə daxilolmaları artıracaq
Prezident İlham Əliyevin 11 fevral 2025-ci il tarixli müvafiq Fərmanı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən son üç ay ərzində “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-ci illər üçün Fəaliyyət Planı”, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” və nəhayət adıçəkilən sazişin təsdiq edilməsi nəqliyyat sektoruna dövlət qayğısının və bu sahədən gözləntilərin bir nümunəsidir.
Hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik” - deyən dövlət başçısının uzaqgörən, müdrik siyasəti bu gün öz bəhrəsini verməkdədir. Artıq Azərbaycan nəqliyyat-tranzit-logistika xidmətləri ilə nəinki regionun, eləcədə Avropanın aparıcı dövlətinə çevrilir və bu istiqamətdə Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi önəm kəsb edir.
2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanmış müqavilə ilə start verilən Şimal-Cənub nəqliyyat layihəsinə Azərbaycan Respublikası 2005-ci ildən qoşulub. Hal-hazırda Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan, Qərbi Avropanı Asiya ilə birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatının təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər hər iki ölkənin prioritetlərinə daxildir ki, bu da nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla reallaşması sayəsində 2022-ci ilədək yükdaşınmaların həcmi səkkiz dəfə artıb. 2023-cü ildə dəhliz üzrə 9,3 milyon ton yük daşınıb və yük dövriyyəsi 2500 milyon ton/km təşkil edib.
Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə isə ümumilikdə 2023-cü ildə 32,8 milyon ton yük daşınıb ki, bunun da 28,3 faizi Şimal-Cənub nəqliyyat dəhlizinin payına düşür. O cümlədən, beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12873,6 milyon ton/km təşkil edib ki, bunun da 19,4 faizi Şimal-Cənub layihəsinə aiddir. 2024-cü ildə isə Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faiz çoxdur.
Layihə çərçivəsində Bakıdan Rusiya Federasiyası ilə sərhədə qədər yeni dördzolaqlı magistral yolun, sərhədyanı Samur çayı üzərində birgə körpünün istifadəyə verilməsi dəhlizin imkanlarını daha da genişləndirəcək. Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb və davamlı təkmilləşdirici addımlar atılır. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.
“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-ci illər üçün Fəaliyyət Planı”nda da Şimal-Cənub nəqliyyat dəhlizinin potensial imkanlarını artıracaq çoxsaylı tədbirlər nəzərdə tutulub. Sərhəd-keçid məntəqələrinin infrastruktur təminatının təkmilləşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, yeni buraxılış məntəqələrinin yaradılması, gömrük xidməti ilə dəmir yolu qurumları arasında koordinasiyalı fəaliyyətin təşkili və s. Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarını reallaşdırmağa və artırmağa kömək edəcək.
Təqribən 10 il öncə, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi “...Şimal-Cənub dəhlizi bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün bizim ərazimizdən daşınması deməkdir. Bu da həm siyasi, həm iqtisadi gəlirlər gətirəcək” fikirləri artıq reallığa çevrilməkdədir. “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi isə dəhlizlə bağlı qarşıya qoyulmuş hədəflərə daha tez və səmərəli çatmağa şərait yaradacaq. Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun (quru yol ilə daşınmalar) potensialını artırmaq, eləcə də, dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdırmaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.
Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi indiki dövrdə Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi bir ümid dəhlizinə çevrilib. Sanksiyaların qüvvədə olduğu müddətdə Rusiyanın xarici bazarlara çıxışı, Rusiya məhsullarının dəhlizlə Azərbaycan üzərindən Fars körfəzinə daşınması həyati əhəmiyyət kəsb edir. Bu baxımdan hazırda Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan-Rusiya iqtisadi bağlantılarında əsas həlqələrdən birinə çevrilib.
Əslində bu gün əldə edilən uğurlar uzun illər öncədən qəbul edilmiş doğru qərarlara əsaslanır. Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin “Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, İran İslam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə isə, dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
İlkin hesablamalara görə, ölkəmiz Şimal-Cənub dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollara yaxın vəsait əldə edəcək. Nəzərə alsaq ki, digər istiqamətlərdə - xüsusilə Trans-Xəzər Beynəlxalq nəqliyyat dəhlizi (Orta dəhliz) ilə də daşımaların davamlı artırılması istiqamətində ardıcıl layihələr icra edilməkdədir, onda tam əminliklə qeyd etmək olar ki, yaxın gələcəkdə beynəlxalq daşımalardan əldə olunan vəsait dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevriləcək, neft sektorundan sonra nəqliyyatın ölkə üçün ən mühüm sahə olduğu konkret rəqəmlərlə də öz təsdiqini tapacaq.
AQİL ƏSƏDOV
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru
Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir