Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva: "Azərbaycan SPECA proqramına üzv dövlətlər arasında mühüm yer tutur"
1998-ci ildə üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsi məqsədilə yaradılan Proqrama Azərbaycan 2002-ildə qoşularaq üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində geniş əməkdaşlıq qurub. 2023-cü ildə ilk dəfə keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünə respublikamız ev sahibliyi edib. Bu illər ərzində Azərbaycan beynəlxalq arenada da rolunu gücləndirməklə yanaşı öz iqtisadiyyatını da sürətlə inkişaf etdirib.
Ölkəmizin əlverişli coğrafi mövqeyi, nəqliyyat sektoruna dövlətin qoyduğu böyük investisiyalar və ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun ən əhəmiyyətli tranzit ölkəsinə çevirilib. Bu gün Avrasiyanın “Şərq - Qərb”, “Şimal – Cənub” və Orta koridor çərçivəsində ölkə ərazimizdən keçən hissələrdə müasir nəqliyyat infrastrukturu yaradılıb. Bu dəhlizlərin tranzit potensialının gücləndirilməsində, həmçinin regionun bütün ölkələrində nəqliyyat əlaqələrinin şaxələndirilməsində 2017-ci ildə istifadəyə verilən Bakı-Tiblisi-Qars və yaxın dövrdə yekunlaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi də xüsusi əhəmiyyət kəsb edir.
Bu illər ərzində Azərbaycanın müstəqil daxili və xarici siyasəti ticarətin inkişafına da təkan verib. Cənab Prezidentin də öz çıxışında qeyd etdiyi kimi son 20 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 10 dəfədən çox artıb. Belə ki, 2022-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın ümumi ixracı 38,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 3,05 milyard ABŞ dolları təşkil edib. Bu gün Azərbaycanda “Made in Azerbaijan” məhsulları vahid məlumat bazasından təqdim olunur və özəl sahibkarların dünya bazarlarına çıxışı dövlət tərəfindən dəstəklənir. Azərbaycanda keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi də üzv ölkələrin dövlət müəssisələri və özəl şirkətlərinə əsasən müasir texnologiyalarla istehsal olunan məhsullarını, həmçinin kənd təsərrüfatı, müdafiə sənayesi, energetika və digər sahələrə aid müasir standartlara cavab verən avadanlıqları nümayiş etdirməklərinə imkan yaradıb.
Azərbaycanda ticarət əlaqələrini genişləndirmək, sərhədlərarası təhlükəsiz və rəqəmsal ticarət əməliyyatlarını reallaşdırmaq məqsədilə həyata keçirilən islahatlar əsas ticarət partnyorlarını artırmaqla yanaşı beynəlxalq reytinqlərdə mövqeyimizi gücləndirib. Bunun nəticəsində əsas ticarət partnyorları artmaqla yanaşı Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada olub.
Bu illər ərzində həyata keçirilən məqsədyönlü iqtisadi islahatların nəticəsində ölkəyə cəlb olunan investisiyaların həcmi artıb. Cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycan iqtisadiyyatına son 20 ildə 310 milyard ABŞ dollarından çox sərmaye qoyulub. Hazırda xarici birbaşa sərmayelərin həcminin artırılması məqsədilə dövlət tərəfindən yaradılan əlverişli biznes mühiti, məsafədən biznes əməliyyatlarının reallaşdırılması, işğaldan azad olunmuş ərazilərdə bir çox sahələrdə - vergi, sosial, sığorta, gömrük və.s xüsusi tətbiq olunan güzəştlər, dövlət dəstəyi və mövcud elektron xidmətlərə çıxışın “bir pəncərə”dən əldə olunması istiqamətində tədbirlər həyata keçirilir. Bunlardan biri də Cənab Prezidentin Sərəncamı ilə yaradılan sərhədlərarası ticarət və məsafədən biznes əməliyyatları həyata keçirməyə imkan verən dövlət-özəl tərəfdaşlığı platforması olan Rəqəmsal Ticarət Qovşağıdır. Bu sahədə atılan bütün addımlar ölkə ərazisində və xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yerli və xarici investisiya cəlbediciliyini artırmaqla iqtisadi canlanmanı şərtləndirəcək.
Bütün bunlarla yanaşı Azərbaycan dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün illər üzrə səhiyyə və rifah, təhsil, yoxsulluğa son, davamlı şəhərlər və icmalar, istehsal və istehlak, torpaq ekosisteminin mühafizəsi və digər sahələrdə irəliləyişə nail olub. 2022-ci ildə respublikamız BMT-nin dünya üzrə 2030-cu ilədək nəzərdə tutduğu “Dayanıqlı İnkişaf 2022” hesabatının “davamlı inkişaf məqsədləri indeksi” üzrə Cənubi Qafqaz regionunda lider olub.
Qeyd etmək lazımdır ki, ölkəmizin bu il sədrlik etdiyi SPECA həftəsi çərçivəsində keçirilən görüşlər üzv dövlətlər arasında rəqəmsallaşma, bir-birini tamamlayan nəqliyyat sistemləri, “yaşıl” transformasiya və digər istiqamətlədə həm hökumətlərarası, həm də Proqram çərçivəsində çoxtərəfli iqtisadi əməkdaşlıqların inkişaf etdirilməsinə təkan verəcək.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Zənurə Talıbova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Cəlbedici investisiya mühitinin əldə edilməsində korporativ idarəetmənin rolu
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycanda ilin əvvəli ilə müqayisədə inflyasiyanın səviyyəsi enib
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə müasir dövrün çağırışıdır