İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn: "“Yaşıl enerji” layihələrinin ölkəmiz üçün siyasi, iqtisadi, sosial və ekoloji faydaları var"
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan “Yaşıl enerji məkanı” məqsədi üzrə əsas hədəf indikatoru elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2021-ci ildəki 17,3 faizdən 2026-cı ilədək 24 faizə, 2030-cu ilə kimi isə 30 faizə çatdırılmasıdır. Məhz bu hədəfə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonası yaradılır, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üçün “Masdar”, “ACWA Power”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy Management”, BP kimi şirkətlərlə əməkdaşlıq edilir. Bu baxımdan 230 MVt gücündə olan “Qaradağ” Günəş Elektrik Stansiyasının istismara verilməsi əlamətdar haldır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn deyib.
O, xüsusilə vurğulayıb ki, bu “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin ölkəmiz üçün siyasi, iqtisadi, sosial və ekoloji faydaları var: “Nəzərə alaq ki, Azərbaycan “Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması istiqamətində tədbirlər görüb və yaxın gələcəkdə “yaşıl enerji”ni ixrac etməyi hədəfləyir. Bunun ölkəmiz üçün həm siyasi, həm də iqtisadi faydaları olacaq. Eyni zamanda, “Qaradağ” Günəş Elektrik Stansiyası 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Yəni bu stansiyanın tikintisi üçün ölkəmizə xarici sərmayə gəlib və yeni iş yerlərinin açılmasına, hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsinə imkan yaradılıb. Bu isə sözügedən layihənin iqtisadi və sosial faydalarının göstəricisidir. Digər tərəfdən bu stansiya 110 milyon kubmetr həcmində təbii qaza qənaət edilməsinə və atmosferə atılan karbon emissiyasının hər il 200 min ton azaldılmasına səbəb olacaq. Göründüyü kimi, bu da “Qaradağ” Günəş Elektrik Stansiyasının tikilməsinin ekoloji faydasını göstərir və ölkəmizin istixana qazı emissiyalarını 40 faizədək azaltmaq öhdəliyinin vaxtında icrasına töhfə verəcək”.
R.Hüseyn qeyd edib ki, “Qaradağ” Günəş Elektrik Stansiyasının istismara verilməsi, həm də Azərbaycanda bu sahənin xarici investorlar üçün cəlbediciliyinin artmasına xidmət edəcək.
“Artıq növbəti mərhələdə “ACWA Power”in və digər şirkətlərin də ölkəmizdə “yaşıl enerji” istehsalına başladığının şahidi olacağıq. Son iki il ərzində Azərbaycanda “yaşıl enerji” istehsalının artırılması ilə bağlı görülən işlər nəticəsində portfel diversifikasiya edilib, risk ehtimalı azaldılıb və bu sahədə davamlı inkişaf üçün zəmin formalaşdırılıb. Ümumiyyətlə, ölkəmizdə icra olunması hədəflənən “yaşıl enerji” layihələrinin siyasi, iqtisadi, sosial və ekoloji faydaları böyükdür və yaxın gələcəkdə bunun Azərbaycanın inkişafına töhfəsini daha çox hiss edəcəyik", - deyə Ramil Hüseyn fikrini yekunlaşdırıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib