Dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasındayıq

Dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasındayıq

Bakı Enerji Həftəsi qlobal miqyasda nüfuzlu tədbirlərdən biridir və tədbir çərçivəsində hökumət nümayəndələri, qlobal şirkətlər, sənaye sahəsindəki ekspertlər bir araya gələrək enerji siyasətini müzakirə edirlər. Ən mühüm məqamlardan biri odur ki, Bakı Enerji Həftəsi çərçivəsində bir neçə tədbir keçirilir. Eyni zamanda  "Caspian Oil and Gas" və "Baku Energy Forum"unun 30 illikləri qeyd edilir. Azərbaycan artıq bir ənənə formalaşdırıb və bu, müstəqillik tariximizdə davamlı olaraq təşkil edilən mühüm tədbirlərdəndir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, 30 il əvvəl bu istiqamətdə işlərə başlananda Azərbaycan əsasən neft istehsalına və onun artırılmasına fokuslanırdısa, növbəti mərhələlərdə qaz hasilatı məsələləri də gündəmə gəldi: "Son illər Bakı Enerji Həftəsinin gündəliyində "yaşıl enerji" də yer tutur, çünki Azərbaycan bu sahədə də sürətlə irəliləyir. Enerji həftəsi ölkəmizə neft, qaz sahəsi ilə yanaşı, "yaşıl enerji" sektoruna da ciddi dividendlər verir. Tədbirlərdə qlobal miqyaslı nüfuzlu şirkətlər iştirak edirlər və onlar arasında əməkdaşlıq dərinləşir. Ötən il və hazırda keçirilən Bakı Enerji Həftəsi "yaşıl enerji" sahəsində imzalanan müqavilələrlə diqqəti çəkir. Bu müqavilələr Azərbaycanın bu sahədəki mövqeyini gücləndirir, "yaşıl enerji" sektoruna xarici investisiyaların cəlbinə xidmət edir. Məhz Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizin əsas rol alacağı "yaşıl enerji" dəhlizlərinin müzakirə mövzusu olması həm də gələcək planlardan xəbər verir. Bunlardan biri Qara dənizin altı ilə  enerji kabelinin çəkilməsini özündə ehtiva edən "Xəzər-Qara dəniz-Avropa" "yaşıl enerji" dəhlizi layihəsidir. Eyni zamanda Azərbaycan-Türkiyə-Avropa, Azərbaycan-Mərkəzi Asiya "yaşıl enerji" dəhlizləri də müzakirə mövzusudur. Azərbaycan təkcə "yaşıl enerji"nin istehsalı deyil, həm də ixracı ilə bağlı imkanları qiymətləndirir". 

İİTKM-in direktor müavini qeyd edib ki, qlobal şirkətlərdən biri olan BP Azərbaycanda "yaşıl enerji" sektroruna da investisiya qoyur. Builki Bakı Enerji Həftəsində bununla bağlı mühüm sənəd imzalanıb. Cəbrayıl rayonunda "yaşıl enerji" istehsalında BP və Azərbaycan şirkətləri yer alacaq və bu sahədə əməkdaşlıq dərinləşəcək. Buna paralel olaraq Naxçıvanda "yaşıl enerji" istehsalı və ixracı, işğaldan azad olunmuş ərazilərimizdə digər layihələrin icrası ilə bağlı məsələlər də müzakirə olunub. Bütün bunlar göstərir ki, Azərbaycan dünya miqyasında "yaşıl enerji"yə töhfə verən ölkələr sırasında yer alır. "Neft və qazla zəngin olan ölkəmiz bu sahədə də öz potensialını reallaşdırmaq istəyir. Bakı Enerji Həftəsinin bu baxımdan da ölkəmiz üçün mühüm rol oynayacağını düşünürəm. Qarşıdakı müddətdə Azərbaycan "yaşıl enerji"yə investisiya qoymaqla yanaşı, həm də enerji ixracatçısı mövqeyini qoruyub saxlayacaq.  "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da ölkənin hədəfi bundan ibarətdir ki, enerji qoyuluşu güclərində 2030-cu ildə "yaşıl enerji"nin payı 30 faizə çatdırılsın. Amma müzakirələr göstərir ki, Azərbaycan daha tez - 2027-ci ildə bu hədəfə çatacaq. Burada yeni ideyalar da meydana gəlir. Məsələn, builki Bakı Enerji Həftəsindəki müzakirələrdə "yaşıl enerji" ixracı ilə yanaşı, Qara dənizin dibi ilə data nəql edəcək, fiberoptik kabellərin çəkilməsi də müzakirə olunur. Göründüyü kimi, məsələ enerji müstəvisindən çıxaraq daha böyük və Azərbaycan üçün mühüm olan sahələri əhatə etməyə başlayıb. Bakı Enerji Həftəsində ən son trendlər izlənilir və süni intellektin sürətli inkişafının yaratdığı reallıqlar nəzərə alınır", - deyə R.Hüseyn əlavə edib.

İİTKM-in rəsmisi qeyd edib ki, ümumilikdə Bakı Enerji Həftəsində Azərbaycan iqtisadiyyatına töhfə verəcək layihələr müzakirə olunur, yeni ideyalar gündəmə gətirilir və qarşıdakı müddətdə bunların reallaşması istiqamətində atılacaq addımlar müəyyənləşdirilir. 

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R