2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq hazırlanmış “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur və bu, ölkənin sosial, iqtisadi və institusional inkişafı üçün mühüm zəmin yaratmışdır.
Sözügedən Strategiya sosial-iqtisadi inkişaf üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə qarşı dayanıqlığı daha da möhkəmlənmiş, şaxələnməsi dərinləşmiş, iqtisadi artım davamlı və inklüziv xarakter almış, əhalinin rifah səviyyəsi yüksəlmiş və gələcək nəsillər üçün irihəcmli maliyyə ehtiyatları formalaşmışdır.
Qeyd olunan nəticələrin əldə edilməsində özəl təşəbbüslərin və investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin dəstəklənməsi, qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma və insan kapitalının inkişafı mühüm rol oynamışdır. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirmişdir.
Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Sərəncamda qərara alınıb ki, Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2027−2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrini, habelə həmin layihələrdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin həcminə və maliyyələşmə mənbələrinə dair təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncamda həmçinin 2027−2030-cu illərdə hazırlanması planlaşdırılan dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əhatə olunması, qabaqcıl beynəlxalq təşkilatlarla və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması tapşırılıb.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu