Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aqrar sahədə dövlət dəstəyi və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi”, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında əvvəlki fərmanlarda dəyişikliklər edilib.
Aparılan yeni islahatlar aqrar sahədə dövlət dəstəyinin daha çevik, ünvanlı və nəticəyönümlü mexanizm əsasında qurulmasına xidmət edir. Dəyişikliklərin əsas mahiyyəti fermerlərin istehsal prosesində qarşılaşdığı ilkin maliyyə yükünün azaldılması, kənd təsərrüfatı məhsullarının istehsal və tədarük zəncirinin stimullaşdırılması, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi və dövlət dəstəyi mexanizmlərində rəqəmsal nəzarətin gücləndirilməsi ilə bağlıdır.
Bu Fərmanla kənd təsərrüfatına dövlət dəstəyi yalnız ənənəvi əkinçilik və heyvandarlıq istiqamətlərini deyil, aqrar sektorun daha geniş dəyər zəncirini əhatə edir. Bu baxımdan balıqçılığın, o cümlədən akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan texnika və texnoloji avadanlıqların güzəştli maliyyələşdirilən kənd təsərrüfatı istehsal vasitələri sırasına daxil edilməsi mühüm yenilikdir. Bu dəyişiklik balıqçılıq və süni balıq yetişdirilməsi sahəsində investisiya fəallığını artıra, müasir texnologiyaların tətbiqini sürətləndirə və daxili bazarın yerli balıq məhsulları ilə təminatına əlavə imkan yarada bilər.
Fərmanın mühüm istiqamətlərindən biri də bağçılıq subsidiyasının ayrıca mexanizm kimi müəyyənləşdirilməsidir. Yeni mexanizmə əsasən, çoxillik əkmələrin salındığı ilk ildə fermerlərin ting alınması, torpağın aqrokimyəvi analizinin aparılması, aqrotexniki xidmətlərdən istifadə edilməsi, müasir suvarma sistemlərinin qurulması və fitopatoloji analizlərlə bağlı xərclərinin bir hissəsinin kompensasiyası nəzərdə tutulur.
Fərmanda fermerlərin subsidiyanın bir hissəsini əvvəlcədən almasını nəzərdə tutan avans mexanizminin müəyyənləşdirilməsi də mühüm praktiki əhəmiyyət daşıyır. Əkin və bağçılıq subsidiyalarının 60 faizdən çox olmayan hissəsinin əvvəlcədən ödənilməsi fermerlərin mövsümi istehsal xərclərini daha vaxtında qarşılamağa imkan verəcək. Bu yanaşma fermerlərin toxum, ting, gübrə, aqrotexniki xidmət və suvarma kimi ilkin xərclərə çıxışını asanlaşdırmaqla yanaşı, subsidiya vəsaitlərinin mərhələli və nəzarətli istifadəsinə də şərait yaradacaq.
Həmçinin bu Fərmanda heyvandarlıq sahəsində də dəstək alətləri genişləndirilib. Heyvanların saxlanılması, yemlənməsi və damazlıq işinin təşkili ilə bağlı çəkilən xərclərin bir hissəsinin kompensasiyası üçün heyvan subsidiyası, eləcə də tədarükçülərə təhvil verilən heyvan mənşəli məhsul və ya xammalın miqdarına görə heyvandarlıq sahəsində məhsul subsidiyası nəzərdə tutulub.
Fərmanda beynəlxalq sertifikatlaşdırma ilə bağlı xərclərin bir hissəsinin kompensasiya edilməsi də aqrar məhsulların ixrac potensialının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Sertifikatlaşdırma subsidiyası fermerlərin bitkiçilik və heyvandarlıq məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılmasını təşviq edəcək. Bu isə yerli məhsulların daha yüksək tələblərə malik xarici bazarlara çıxışını asanlaşdıra, keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqini genişləndirə bilər.
Bunlardan əlavə, Fərmanın digər mühüm tərəfi dövlət dəstəyi mexanizmlərində nəzarət və şəffaflığın gücləndirilməsi ilə bağlıdır. Güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməməsi dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsini təmin etməyə yönəlib. Həmin texnika barədə məlumatların “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə real vaxt rejimində Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürülməsi isə rəqəmsal nəzarət imkanlarını genişləndirəcək.
Qeyd edək ki, Fərman dövlət dəstəyinin istehsal prosesinin ayrı-ayrı mərhələləri ilə məhdudlaşmayaraq torpağın hazırlanması, istehsal vasitələrinin əldə edilməsi, məhsul istehsalı, tədarük, sertifikatlaşdırma və xarici bazarlara çıxış mərhələlərini əhatə edən daha kompleks aqrar dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək.







Çox oxunan xəbərlər
Minimum aylıq əmək haqqı 38,5 faiz artırılıb
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azərbaycan süni intellekt sahəsində qlobal qiymətləndirmələrdə mövqeyini möhkəmləndirir
Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib
Azərbaycan-İran münasibətləri: keçmişdən gələcəyə doğru
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib
Prezident “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu…
Azərbaycan - Gürcüstan iqtisadi əlaqələri daha da inkişaf edəcək
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
"İnklüziv sosial inkişaf və sosial təminat" üzrə İşçi qrupunun növbəti iclası olub