İİTKM-də ötən ilin hesabatına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, professor Vüsal Qasımlı qurumun 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirib. O, ötən ildə də İİTKM-in “beyin və əməl” mərkəzi kimi fəaliyyətini davam etdirdiyini, hesabat ili ərzində qurumun qarşısına qoyulmuş tapşırıqları yerinə yetirməklə yanaşı, bir sıra yeniliklər etdiyini bildirib.
Azərbaycanda strategiya, dövlət proqramları, fəaliyyət planları və bu qəbildən olan digər dövlət sənədlərinin icrasının monitorinq və qiymətləndirilməsinin İİTKM tərəfindən həyata keçirildiyini xatırladan V.Qasımlı qeyd edib ki, artıq Mərkəzdə tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb və bu proses elektronlaşdırılıb. Ötən ildən etibarən monitorinq və qiymətləndirmə prosesində süni intellektin imkanlarından da istifadə edilməyə başlanıb. Artıq monitorinq portalları üzrə informasiyanın daha asan əldə olunması üçün bot texnologiyasının sınaq tətbiqi həyata keçirilib və ilkin mərhələdə uğurlu nəticə əldə olunub. İcraçı direktor ötən il 10 dövlət sənədi, o cümlədən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və digər sənədlər üzrə ümumilikdə 6 hesabatın hazırlanaraq aidiyyatı üzrə təqdim edildiyini bildirib.
V.Qasımlı qeyd edib ki, ötən il ilk dəfə olaraq, İİTKM-də Qiymət İzləmə Tətbiqinin (QİT) hazırlanmasına başlanıb. Bu çərçivədə Nazirlər Kabineti tərəfindən alt işçi qrup yaradılıb, QİT-in metodologiya və texniki şərti hazırlanıb, aidiyyatı dövlət qurumlarının müvafiq məlumatlarının inteqrasiyası istiqamətində işlərə başlanıb. İcraçı direktor QİT sayəsində ölkədə idxal-topdansatış-pərakəndə satış zənciri boyunca məhsulların qiymətindəki dəyişikliklərə elektron nəzarətin həyata keçirilə biləcəyini vurğulayıb.
“Azexport.az” portalının fəaliyyətindən danışan V.Qasımlı ötən il bu portal vasitəsilə 56 sərbəst satış sertifikatının (bioloji fəallığa malik qida əlavələrinin ixracı üzrə sərbəst satış sertifikatı ilk dəfə təqdim olunub) təqdim edildiyini və bununla da bu sertifikatların ümumi sayının 689-a çatdığını bildirib. Bu il həmçinin “Azexport” vasitəsilə ölkədaxili məhsul-çatdırma xidməti istifadəyə verilib. Eləcə də, “Azexport”un xətti ilə ilk dəfə ABŞ-a məhsul ixrac olunub. “Azexport”un daha bir yeniliyi isə “Metaverse” platformasında 10 şirkət və yerli media qurumları üçün virtual stend və konfrans zalının quraşdırılması olub.
V.Qasımlı hesabat ilində İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının startaplarla bağlı önəmli layihələr həyata keçirdiyini bildirib. Qeyd edib ki, bu çərçivədə təşkil olunmuş və uğurla başa çatmış “Startup School-1” müsabiqəsinə ümumilikdə 200 komanda (təxminən 1000 nəfər) müraciət edib. Onların arasından seçilmiş 30 komandaya 10 beynəlxalq dərəcəli mentorun iştirakı ilə təlimlər keçirilib. Müsabiqənin qalibi olmuş komandanın isə ABŞ-da I2B təlimlərində iştirakı təmin olunub. Ümumilikdə isə “Enterprise Azerbaijan”a müraciət etmiş 33 layihə investorlara təqdim olunub, 8-i xarici bazara çıxarılıb, 5-i isə beynəlxalq yarışlarda qalib olub.
İcraçı direktor ötən il də İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən qeyri-neft ixracının həyata keçirildiyini bildirib və qeyd edib ki, bu xəttlə 2023-cü ildə ümumilikdə 5 ölkəyə - İsveçrə, Rusiya, Türkiyə, Gürcüstan və İtaliyaya 242,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. İxrac edilmiş məhsullar isə əsasən qiymətli metallar, süd məhsulları, qənnadı məhsullar, polad boru və pambıq mahlıcı olub.
V.Qasımlı İİTKM-in əməkdaşlarının elmi tədqiqatlarla bağlı fəaliyyətinin də davam etdiyini deyib. Onun sözlərinə görə, 2023-cü ildə İİTKM-in birbaşa iştirakı və təşkilatçılığı ilə 6 kitab və 3 tədris proqramı nəşr olunub. Mərkəzin əməkdaşlarının “İqtisadi islahatlar” elmi jurnalında, respublikada keçirilmiş yerli və beynəlxalq konfranslarda 23 elmi məqalə və tezisi, xarici ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda isə 6 məqaləsi dərc olunub.
V.Qasımlı İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) də fəaliyyətinin məhsuldar olduğunu bildirib. O, türk dünyasının tanınmış 35 müəllifinin iştirakı ilə “Türk dövlətləri iqtisadiyyatı” kitabının yazılmasını xüsusilə vurğulayıb. Kitabın ilk təqdimatı Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevin də iştirakı ilə İİTKM-də keçirilib. Sonradan daha 3 ölkədə - Türkiyə, Macarıstan və Qazaxıstanda kitab ictimaiyyətə təqdim olunub. Bundan başqa, ötən il TDAM “Türk dünyasının interaktiv geoiqtisadi xəritəsi”nin hazırlanmasını təklif edib və bu təklif TDT-nin İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupunun 14-cü görüşündə qəbul olunub.
İİTKM-in beynəlxalq əməkdaşlığından danışan V.Qasımlı ötən il Mərkəzin 3 nüfuzlu qurumla (İƏT-in İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi; Pakistan Xarici Əlaqələr Şurası; Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu) memorandum imzaladığını, bu sənədlərin qarşılıqlı təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsini, həmçinin ortaq tədqiqatların aparılmasını ehtiva etdiyini bildirib.
V.Qasımlı İİTKM-in ötən il də könüllülərlə aktiv işlədiyini, daha 95 nəfərin könüllü fəaliyyətinə cəlb edildiyini və bununla könüllülərin sayının 541-ə çatdırıldığını qeyd edib.
Ekspert yazıları
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
2024-cü ilin birinci yarısı üçün Türk Dövlətlərinin İqtisadi Görünüşü: Artım, Ticarət və İnvestisiya Trendləri
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
“ŞƏT plyus” toplantısı türk dövlətləri arasında iqtisadi əməkdaşlığı artıracaq
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises