Dahi Nizami ideyaları Azərbaycanın sosial milli-iqtisadi prioritetlərində

Dahi Nizami ideyaları Azərbaycanın sosial milli-iqtisadi prioritetlərində

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

baş analitiki Günay Quliyevanın şərhi

 

Azərbaycan xalqının mədəniyyəti və ictimai fikrinin parlaq siması olan Nizami Gəncəvi (1141-1209) yaradıcılığında ədəbiyyat, fəlsəfə, astronomiya, təbiət, tarix və iqtisadiyyat elmləri tədqiq olunub. N.Gəncəvi özünün fəlsəfi, sosial-iqtisadi fikirlərini əsasən məşhur beş əsərinin birləşdiyi “Xəmsə”sində əks etdirmişdir. O, təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqları, ilkin iqtisadi münasibətləri və onların dərk edilməsinin əhəmiyyəti haqqında nəzəri fikirləri poetik ifadə edib. Onun əsərlərində feodal mülkiyyəti, ondan irəli gələn ziddiyyətlər, vergi sistemi, torpaq mülkiyyəti, əmək məhsuldarlığı, pul anlayışı, sosial ədalət və bərabərlilik ideyaları xüsusi yer tutur.

N.Gəncəvi əməyi iqtisadi inkişafın, əmək məhsuldarlığı və əmək bölgüsünü isə sərvətin artmasının əsas amili hesab edirdi. Dahi mütəfəkkir elmi bilik və təhsili cəmiyyətin ən mühüm sərvəti hesab edirdi. Onun əsərlərində hələ merkantil iqtisadi ideyalar yaranmamışdan çox daha əvvəl  cəmiyyətin inkişafında ticarətin mütərəqqi rolu,  sosial yönümlü iqtisadi baxışlardan öncə mübadilə prosesində ədalətin gözlənilməsi kimi məsələlərinin şərhi xüsusi əhəmiyyət kəsb edir. Mülkiyyətin ümumiliyini və bölgüdəki bərabərlik ideyalarını irəli sürməklə, Nizami Gəncəvi hakim və məhkum, ağa və qul, zalım və məzlum, varlı və yoxsul olmayan quruluş yaratmağı nəzərdə tutmuş, təbiəti, cəmiyyəti və insanı öyrənməyi başlıca vəzifə hesab etməklə insanın insanla, insanın cəmiyyətlə, cəmiyyətin isə təbiətlə ahəngdar inkişafının mümkünlüyü ideyasını əsaslandırmış, bütün elmlərin insana, cəmiyyətə xidmət göstərməsinin zəruriliyi və digər iqtisadi ideyaları ilə iqtisadi fikir tariximizi zənginləşdirmişdir. Dahi mütəfəkkir hələ 12-13 cü əsrlərdə dövlət-cəmiyyət birliyinin iqtisadi inkişaf üçün fundamental əsas olması haqqında ilk ideyaların müəllifidir.

N.Gəncəvi yaradıcılığında əsas yer tutan ideyalardan biri də əmək və sərvət haqqında müsbət əlaqənin olması haqqındadı. Onun yanaşmasına  görə əmək maddi və mənəvi sərvətləri artıran əsas mənbədir.

Hər halda sən çalış, həyat əməkdir,

Cənnət kahıllığı nəyə gərəkdir?

 

 Bu ideyadan səkkiz əsr sonra Beynəlxalq  Əmək Təşkilatı  (BƏT) əmək məhsuldarlığını iqtisadi artım, rəqabətqabiliyyətlilik və həyat standarlarının ən əsas şərtlərindən biri ki müəyyənləşdirmişdir. BƏT 2019-cu il hesabatına əsasən Nizami yaradıcılığında əhəmiyyətli yer verilmiş əmək məhsuldarlığı göstəricisi üzrə Azərbaycan Cənubi Qafqaz ölkələri sırasında birinci yerdədir. Lakin bu sahədə əldə etdiyimiz nailiyyətlərə rəğmən əmək məhsuldarlığı ölkəmizdə inkişaf etmiş ölkələrlə nisbətdə aşağı həddədir.

Əmək fəaliyyətinin səmərəliliyi əməyə stimul doğuran amillərdən asılıdır. Böyük mütəfəkkir şairimiz N.Gəncəvi əməyin yüksək nəticələr verməsi üçün hər şeydən əvvəl onun azad əmək olması, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunması, əmək adamının daima öz bacarıq və ustalığını artırması ideyalarını irəli sürmüşdür. Bu ideyalar hal-hazırdakı dövrlə çulğalaşaraq  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Milli prioritetlərə əsasən ölkədə bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalı, məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalıdır.

Maddi nemətlərin bölgüsü məsələsində də Nizami öz humanist təfəkkürünə uyğun bir mövqe tutur. O,  quruluşun uyğunsuzluq və bərabərsizliyi ilə razılaşa bilmir. Ədalət və bərabərliyə əsaslanan bölgü sistemi onun ideyasının məğzini təşkil edir. Azərbaycan 2030. milli prioritetlərində bu ideya öz əksini tapıb. Belə ki, “DİNAMİK, İNKLÜZİV VƏ SOSİAL ƏDALƏTƏ ƏSASLANAN CƏMİYYƏT” ölkənin növbəti 10 illikdə əsas prioritetlərindən biri seçilərək, dövlət iqtisadi inkişafı cəmiyyətin bütün təbəqələrinin həyatında hiss etmələrini təmin etməyi planlaşdırır.

Müasir dünyada artıq ölkə iqtisadiyyatının inkişafı yalnız ÜDM-də artım, adambaşına düşən ÜDM, büdcə göstəriciləri və s  kimi iqtisadi göstəricilərlə deyil, eyni zamanda xoşbəxtlik indeksi, gəlirin faydalılığı, məhsuldar məşğulluq, məmnuniyyət hissi, inkişafın inkluzivliyi və s. daha yeni indikatorlarla ölçülür. Bu gün Azərbaycan 2030 strateji yanaşmasında  əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalı, gəlirlərin ədalətli bölgüsünü təmin etməli, əhalinin aşağıgəlirli təbəqəsinin sosial-iqtisadi rifahını artırmalı, yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi kimi məsələləri ölkə üçün əsas prioritet seçilməsi ədalətli, inkluziv inkişafın əsas təminatçısı olacaq.

N.Gəncəvi bir mütəfəkkir alim kimi elmin əhəmiyyətini "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə vurğulayıb. N.Gəncəvinin "Xəmsə"sində: "Sirrlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" kimi böyük əsərlərində özünün dünyagörüşünü, elmə yanaşmasını, elmin öyrənilməsinin əhəmiyyəti haqqında nəzəri fikirlərini poetik formada əks etdirib.

Böyük mütəfəkkir şairimizin "Dünyanın ucqarlarına dağılmış kitabları, Ərəb və Dari dilində deyilmiş sözləri, Buxari və Təbərinin əlyazmalarını... müxtəlif evlərin (sarayların) xəzinələrində saxlanılan əsərləri topladım, öyrəndim, "nə qədər gizli və dərin elmlər vardırsa" hamısından xəbərdar oldum və varlıqların sirrini axtarmağa başladım" sözlərə elmə verdiyi qiyməti göstərir.

             Qüvvət elmdədir, başqa cür heç kəs,
          Heç kəsə üstünlük eyləyə bilməz.
      Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır əlbət

Dahi şairimiz Nizami Gəncəvi elmə böyük qiymət verməklə, oxucularını, cəmiyyəti elmə yönləndirməyə, elmin  iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi olması fikirlərini ortaya qoymuşdur. Ölkənin milli sosial-iqtisadi prioritetlərindən biri kimi “RƏQABƏTLİ İNSAN KAPİTALI VƏ MÜASİR İNNOVASİYALAR MƏKANI” seçilməsi və bu strateji məqsədi həyata keçirmək  üçün ən əsas faktor elm-təhsilin inkişaf etdirilməsi Nizaminin elmə verdiyi dəyərlə uyğunlaşır.  Kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməsi, təhsil sistemində gedən modernləşmə davam etdirilməli, ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalı kimi məsələləri əhatə etməsi 4-cü sənaye inqilabının əsas çağırışlarına uyğun olaraq ölkəmizdə də elmin və yaradıcılığın müasir  iqtisadi inkişafın əsas drayveri olacağının əsas göstəricisidir.

Nizami yaradıcılığında insan nəslinin ancaq özü üçün istehsal etməsi və istehlakı son məqsəd ola bilməz ideyası verilib. Dahi şairimiz keçmiş nəsillərlə gələcək nəsillər arasında iqtisadi bağlılığın olması , davamlı və dayanıqlı inkişaf ideyaları haqqında “Davamlı  İnkişaf” konsepsiyası yaranmamışdam  çox əsr əvvəl fikir bildirmişdi. Bununla Nizami Gəncəvini istehsalın fasiləsiz  təkrar olunması ideyasının ilk banilərindən hesab etmək olar.

Ölkənin 2030-cu ilə qədər əsas milli sosial-iqtisadi prioritetlərindən birinin də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi seçilməsi Nizami ideyaları ilə vəhdət təşkil edir. Həmin prioritetlə müəyyənləşən ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası,  yaşıl enerji zonalarının yaradılması, resurslardan səmərəli istifadənin təmin edilməsi məqsədlərinin qarşıya qoyulması yalnız hazırki nəslin iqtisadi inkişafı ilə kifayətlənməyərək gələcək nəsillər üçün geniş imkanlar açan  uzunmüddətli dayanıqlı inkişaf strategiyasıdır.

Səkkiz əsr öncə yaşamış dahi mütəffəkirimiz Nizami Gəncəvinin sosial ədalətli cəmiyyət, elm və əməyin yaratdığı iqtisadi inkişaf ideyaları bugünkü sosial-iqtisadi strategiyalarımızın da əsas ideya mənbəyidir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R