
Azərbaycan-Albaniya iqtisadi əlaqələri: Balkanlarda inteqrasiyanın təşviqi
Azərbaycan ilə Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. İkitərəfli əlaqələrin genişlənməsi fonunda mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri cənab Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti cənab Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Tiranaya işgüzar səfər edib. Dövlət başçısının bu səfəri Avropa Siyasi Birliyi platformasında aparılan müzakirələrdə Azərbaycanın fəal iştirakını təmin etməklə yanaşı, Azərbaycan-Albaniya əməkdaşlığının dərinləşdirilməsi baxımından da əhəmiyyətli hadisədir.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallının sözlərinə görə, Azərbaycan və Albaniya arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq son illərdə yeni dinamika qazanıb. 2016–2017-ci illərdə ticarət əlaqələrində müşahidə edilən canlanma bu əməkdaşlığın gələcək inkişafı üçün əsas platforma formalaşdırıb. Tərəflər iqtisadi-ticarət münasibətlərinin daha da dərinləşdirilməsi üçün qarşılıqlı maraqlar və strateji baxışlar əsasında birgə səyləri intensivləşdirməkdə qərarlıdır. Bu xüsusda əməkdaşlığın geniş potensiala malik olması faktoru hər iki ölkə tərəfindən prioritet kimi qiymətləndirilir.
Lətif Zeynallı bildirib ki, iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Belə ki, energetika sahəsində Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi, investisiya imkanlarının artırılması və nəqliyyat-logistika sahəsində birgə təşəbbüslərin reallaşdırılması münasibətlərin əsas istiqamətlərini təşkil edir. Azərbaycan ilə Albaniya arasında formalaşan əməkdaşlıq regionda sülh və sabitliyin möhkəmləndirilməsinə, eyni zamanda Avropa ilə Asiya arasında strateji körpünün yaradılmasına əhəmiyyətli töhfə verir. 2025-ci ilin mart ayında Albaniyanın qaz xidmət şirkəti “AGSco” ilə TAP qaz kəmərinin Albaniya ərazisində yerləşən infrastrukturlarının qiymətləndirilməsi məqsədilə “Tech Inspect” şirkəti arasında 443 min ABŞ dolları məbləğində müqavilə imzalanıb. İşlərin 2025-ci ilin sentyabr ayına qədər tamamlanması planlaşdırılır. Qeyd edək ki, TAP-ın Albaniya üzrə istismarına cavabdeh olan “AGSco” şirkətinin 75 faizi Albaniya hökumətinə, 25 faizi isə İtaliyanın dövlət şirkəti “Snam”a məxsusdur. Bu kontekstdə, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən Albaniya ərazisindən keçməklə çatdırılması tərəflər arasında strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir.
Bundan başqa, təxminən 520 km uzunluğunda olacaq İon-Adriatik Qaz Kəmərinin (IAP) illik ötürücülük qabiliyyəti 5 milyard kubmetr təşkil edəcək. Bu həcmin 1 milyard kubmetri Albaniya, 1 milyard kubmetri Bosniya və Herseqovina, 0,5 milyard kubmetri isə Monteneqro üçün nəzərdə tutulur. Qalan 2,5 milyard kubmetr həcmində təbii qaz isə Xorvatiya və digər Mərkəzi Avropa ölkələrinə çatdırılacaq. Bu tendensiyalar, eyni zamanda, regional enerji infrastrukturunun diversifikasiyası və dayanıqlığının artırılması baxımından da mühüm perspektivlər vəd edir.
Lətif Zeynallı vurğulayıb ki, ölkələr arasında ticarət əlaqələrinin və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi hər iki tərəf üçün prioritet istiqamətlərdən biridir. 2020-ci illə müqayisədə 2024-cü ildə xarici ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, qeyd olunan dövrdə ticarət dövriyyəsi 6,5 dəfə artıb, idxal həcmi isə 62,7 faiz yüksəlib. Eyni zamanda, 2024-cü ildə xarici ticarətdə müsbət saldo qeydə alınıb, bu da ixracın idxalı üstələdiyini və ticarət balansının ölkə lehinə formalaşdığının göstəricisidir. Ölkələr arasında qarşılıqlı ticarətin şaxələndirilməsi, investisiya təşəbbüslərinin dəstəklənməsi və birgə layihələrin reallaşdırılması məsələləri hər zaman gündəmdə saxlanılır. Gələcək illərdə əməkdaşlığın daha da genişlənəcəyi gözlənilir.
İİTKM-in eksperti əlavə edib ki, hər iki ölkə birgə infrastruktur layihələrinin həyata keçirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də humanitar və mədəni mübadilənin inkişafı istiqamətində uğurlu əməkdaşlıq aparır. Dəyişən regional və qlobal şəraitdə Azərbaycan və Albaniya qarşılıqlı faydalı əməkdaşlıq və həmrəylik ruhunda gündəmi birgə müəyyənləşdirməyə davam edir, dialoqun dərinləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradırlar. Bu əməkdaşlıq təkcə iki ölkənin deyil, eyni zamanda bütün Balkan və Cənubi Qafqaz regionlarının inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki ölkənin qarşılıqlı dəstəyi, o cümlədən birgə səyləri regional inteqrasiya və davamlı inkişaf üçün yeni imkanlar açır.
Ekspert yazıları
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək