Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Kəlbəcərdə yol infrastrukturu və yaşayış məntəqələrinin paralel tikintisi regionun davamlı inkişafını təmin edir
Böyük Qayıdış I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində işlər uğurla davam etdirilir. Məhz bu işlərin nəticəsidir ki, bugün Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müşaviri Təranə Salıfova bu barədə şərhində bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində azad olunmuş ərazilərin ölkə və region iqtisadiyyatına reinteqrasiyası prosesi qarşıda duran mühüm prioritetlərdən biridir. Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas istiqamətlərindən biri də müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasıdır. Çünki yol infrastrukturu sadəcə nəqliyyat vasitələrinin hərəkətini təmin etmir, o həm də iqtisadiyyatın canlanması, əhalinin gündəlik ehtiyaclarının ödənilməsi, bölgənin tranzit imkanlarının reallaşdırılması və ən əsası isə sosial rifahın yüksəldilməsi deməkdir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında strateji əhəmiyyət daşıyan infrastruktur layihələrindən biridir. 81,9 kilometr uzunluğa malik olan yol Göygöl rayonunun Toğanalı kəndindən başlanır, Kəlbəcər rayonu ərazisindən keçir və mürəkkəb dağlıq relyef şəraitində inşa edilir. Xüsusilə yolun 13-cü kilometrliyindən etibarən yüksəklik 1700 metrdən 3260 metrədək artır və burada Murovdağ silsiləsi yerləşir. Bu layihə çətin coğrafi şəraitdə inşa edilən nəhəng infrastruktur layihəsidir.
Sevindirici haldır ki, artıq bu gün cənab Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 13,5-ci kilometrliyində inşa olunan Murovdağ tunelinin texniki açılışını elan ediblər. Qeyd etmək vacibdir ki, uzunluğu 11,7 kilometr olan bu tunel istifadəyə verildikdən sonra dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq.
Təranə Salıfovanın sözlərinə görə, hazırda layihənin ümumi icra faizi 81%-ə çatıb ki, bu da işlərin planlı şəkildə və yüksək sürətlə aparıldığını göstərir. Layihə üzrə işlər 2022-2025-ci illəri əhatə edən qrafik üzrə icra olunur. Yolun texniki göstəriciləri beynəlxalq standartlara tam cavab verir. Dövlətimiz bu layihələrə təkcə infrastruktur baxımından deyil, həm də keyfiyyət və dayanıqlılıq baxımından xüsusi önəm verir.
O qeyd edib ki, əhəmiyyətli məqamlardan biri də odur ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində də iştirak ediblər. Nəzərə alsaq ki, Dövlət Proqramı çərçivəsində azad olunmuş ərazilərdə müasir yaşayış massivlərinin tikintisi paralel şəkildə davam etdirilir, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun istifadəyə verilməsi daha böyük əhəmiyyət kəsb edir. Çünki yolun inşası bir tərəfdən həmin yaşayış məntəqələrinin məskunlaşmasını və sosial infrastrukturla təmin olunmasını sürətləndirəcək, digər tərəfdən isə Kəlbəcər və ətraf bölgələrin iqtisadi və sosial inkişafına təkan verəcək.
Nəticə etibarilə Dövlət Proqramında nəzərdə tutulan mühüm nəqliyyat layihələrindən biri kimi, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun istifadəyə verilməsi bölgə üçün mühüm strateji üstünlüklər yaradacaq. İlk növbədə, Kəlbəcər və ətraf rayonların digər iqtisadi zonalarla əlaqəsi daha da asanlaşacaq. Eyni zamanda, əhali üçün təhlükəsiz, rahat və sürətli gediş-gəliş təmin olunacaq. Bu yol bölgənin tranzit potensialını gücləndirməklə yanaşı, turizm imkanlarının inkişafına, biznes mühitinin canlanmasına və yeni yaşayış məntəqələrinin dayanıqlı inkişafına geniş şərait yaradacaq.
“Bütün bu faktlar bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl və planlı siyasət həyata keçirir. Bu siyasətin davamı Cənab Prezidentin 30 may 2025-ci il tarixli Sərəncamına əsasən hazırlanan Böyük Qayıdış II Dövlət Proqramı çərçivəsində həyata keçirilərək azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığını təmin edəcəkdir”, - deyə o bildirib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib