Azərbaycan və Pakistan strateji tərəfdaşlığı

Azərbaycan və Pakistan strateji tərəfdaşlığı

Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycanın Laçın şəhərinə səfəri iki ölkə arasında strateji əməkdaşlıqda yeni mərhələdir. Bu əməkdaşlıq Azərbaycan-Pakistan əlaqələrinin şaxələnməsini təmin etməklə yanaşı, ölkəmizin regional inteqrasiya rolunu da gücləndirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Vüsalə Cəfərova bildirib ki, Azərbaycanla Pakistan arasında enerji, infrastruktur və digər sahələrdə 2 milyard dollarlıq ilkin investisiyalara dair aparılan müzakirələr birgə müəssisələrin yaradılması və iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. Mineral resurslar və geologiya sahəsində Anlaşma Memorandumu enerji sahəsində əməkdaşlığı dərinləşdirir. Rəqəmsal inkişaf və nəqliyyat sahələrindəki razılaşmalar infrastrukturun modernləşdirilməsinə və texnoloji əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər zamanı imzalanmış sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə əməkdaşlığın yeni səviyyəyə çatmasına şərait yaradır. Hökumətlər arasında tranzit ticarət və preferensial ticarət haqda sazişlər tariflərin azaldılması, vergi və gömrük imtiyazlarının tətbiqini nəzərdə tutur. 

Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin həcmi 2012–2015-ci illərdə aşağı səviyyədə olsa da, 2016-cı ildən etibarən mütəmadi artım müşahidə olunub. Xüsusilə 2022-ci ildə Azərbaycanın Pakistanla xarici ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 140,1% artıb və 28,2 mln ABŞ dolları təşkil edib. 2024-cü il üzrə Pakistanla xarici ticarət göstəricilərinə əsasən, idxal 21,9 milyon ABŞ dolları, ixracı isə 196,7 min ABŞ dolları təşkil edib və 2023 illə müqayisədə idxal 8,6% artıb, ixrac isə 97,1% azalıb. Bu, Pakistanla ticarətdə Azərbaycanın əsasən idxalyönümlü əlaqələrinin olduğunu göstərir.

Vüsalə Cəfərova qeyd edib ki, Azərbaycanın Pakistanla xarici ticarətində 2025-ci ilin ilk üç ayında idxalın həcmi 5426 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 49,1% çoxdur. Qeyd olunan dövr ərzində idxalın təxminən 25,3%-i tərəvəz məhsulu, 14,4%-i dərman vasitələrinə, 13,8%-i isə qabığı təmizlənmiş düyüyə aid olub. Digər əsas məhsullar sırasında poliefir parçalar (7.7%) və pambıq iplikdən trikotaj sviter və s. geyimlər (2.6%) xüsusi çəkidə yer alıb. Bu göstəricilər Pakistanla idxal ticarətində əsasən ərzaq və yüngül sənaye mallarının üstünlük təşkil etdiyini göstərir.

İİTKM-in şöbə müdiri əlavə edib ki, Azərbaycanın Pakistana investisiyaları həm siyasi, həm də iqtisadi məqsədlərə xidmət edir. Pakistan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısıdır və son illərdə Səudiyyə Ərəbistanı ilə BƏƏ 50 illik müddətə Karaçi limanının inkişafına böyük sərmayələr yatırıb. “AD Ports Group”un layihələri Transxəzər marşrutunun yük ötürücülük qabiliyyətini illik 2 milyon tondan 10 milyon tona qaldırmağı hədəfləyir. Pakistanın bu tranzit marşrutuna inteqrasiyası yük axınını artıracaq və iştirakçı ölkələrə Ərəb dənizinə birbaşa çıxış imkanı yaradacaq. Azərbaycanın da bu prosesdə liman və nəqliyyat infrastrukturu ilə fəal iştirakı, türk dövlətləri də daxil olmaqla, regional tranzit imkanlarını artıraraq əlavə dividendlər gətirəcək.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R