“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”

“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”

Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvəsi, Türk dünyasının birliyini gücləndirmək və qarşılıqlı əməkdaşlığı artırmaq baxımından mühüm bir mərhələdir. "Türk Dünyasının Gücləndirilməsi: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı üçün Təhlükəsizlik" şüarı altında keçirilən Zirvə görüşündə TDT-nin gələcək inkişafına dair əhəmiyyətli razılaşmalar əldə edilib, Türk Dünyası Xartiyası qəbul edilib və yeddi digər mühüm sənəd imzalanıb. Bu sənədlər arasında, Türk Dünyasının yaşıl vizyonunu müəyyən edən "Birləşmiş Dayanıqlı Gələcək" qətnaməsi, 2025-ci il üçün Bişkek şəhərinin TDT-nin rəqəmsal paytaxtı elan edilməsi və Macarıstan Baş naziri Viktor Orbana Türk Dünyasının Ali Ordeninin verilməsi, TDT-nin daimi nümayəndəliklərinin statusu və TDT bayraqları ilə bağlı sənədlər kimi mühüm qərarlar yer alır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirir ki, imzalanan sənədlər, Türk dünyasının birliyinin və əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır.

Onun sözlərinə görə, Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində müsbət irəliləyişlər əldə etdiyini, Azərbaycanın göstərdiyi liderlik və təşkilata verdiyi dəstək, həm regional, həm də qlobal miqyasda iqtisadi əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyini xüsusi qeyd edib. Eyni zamanda Orta Dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkərək, bu marşrut boyunca yük daşımalarının davamlı inkişafını təmin edəcək və ticarəti asanlaşdıracaq razılaşmaların önəmini vurğulayıb. TDT üzv ölkələrinin ümumi iqtisadi göstəriciləri, bu təşkilatın qlobal iqtisadiyyatda artan əhəmiyyətini açıq şəkildə əks etdirir. Belə ki, 2023-cü ildə TDT ölkələrinin ümumi ÜDM-i 1.82 trilyon ABŞ dollarını keçib ki, bu da əvvəlki ilə nisbətən 18%-lik artımı ifadə edir və dünya ÜDM-nin təxminən 3%-ini təşkil edir.

V. Cəfərova qeyd edir ki, Türk dünyasında qeydə alınan iqtisadi artım, xüsusilə qeyri-neft sektoru və ticarət sahələrindəki inkişafla daha da güclənib. 2023-cü ildə TDT ölkələrinin xarici ticarət dövriyyəsi 4.3%-lik artımla 1.48 trilyon ABŞ dollarına çatıb. Bu artım, TDT ölkələrinin ticarət əlaqələrinin daha da genişlənməsi və bu ölkələr arasında qarşılıqlı ticarətin artırılması ilə əlaqəlidir.  TDT ölkələri arasında ticarətin həcmi isə 2022-ci ildə 30.9 milyard dollardan 2023-cü ildə 38.3 milyard dollara yüksəlmişdir ki, bu da 24%-lik bir artımı ifadə edir. 2024-cü ildə isə TDT ölkələri arasında qarşılıqlı ticarətin həcminin 45 milyard ABŞ dolları keçib ki, bu müsbət nəticə, TDT ölkələrinin ticarət əlaqələrinin gücləndiyini göstərir. Xarici ticarətdə artım dinamikası Türk dünyasının iqtisadi sahədə daha çox inteqrasiya olunduğunu və üzv ölkələrinin hərtərəfli əməkdaşlığa olan marağını göstərir. TDT ölkələrinə yönələn Xarici Birbaşa İnvestisiya (XBİ) 2023-cü ildə 24 milyard dollar təşkil etməklə 2022-ci ilə nisbətən 15%-lik azalma nümayiş etdirib ki, bu TDT ölkələrinə XBİ həcmini artırmaq üçün regionda sərmayə mühitinin və iqtisadi infrastrukturun yaxşılaşdırılması sahəsində fəaliyyətlərin artırılmasını zəruri edir. XBİ cəlb etmək və daha güclü iqtisadi münasibətlər qurmaq üçün Türk İnvestisiya Fondunun rolunun gücləndirilməsi və özəl sektorun dəstəklənməsi önəm kəsb edir. Bu həmçinin, iqtisadiyyatların şaxələndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün vacib amildir.

TDAM rəhbəri əlavə edir ki, Azərbaycan, Türk dünyasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın, həm Şərq-Qərb nəqliyyat dəhlizindəki mərkəzi rolu, həm də Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması sahəsindəki təşəbbüsləri, bu ölkənin təşkilatda xüsusi yer tutduğunu göstərir. Azərbaycanın sərmayələri, Mərkəzi Asiya və Türkiyə arasında tranzit daşımaların sürətini artırmaq məqsədilə istiqamətlənib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında, Azərbaycan ərazisindən keçən üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımaların həcmi 15%-lik artım göstərib, bu da həmin regionlarda ticarət imkanlarının inkişafına dair böyük bir potensialın olduğunu ortaya qoyur. Eyni zamanda, Azərbaycan, Orta Dəhlizin rəqəmsallaşdırılması və ticari asanlıq təmin edən layihələri həyata keçirir ki, bu Orta Dəhlizin dünya iqtisadiyyatında daha rəqabətli və sürətli bir mühitə malik olmasına töhfə verəcəkdir.

 Türk dünyasının iqtisadi əməkdaşlığının daha da dərinləşdirilməsi üçün qarşıda duran əsas çağırışlar arasında daxili bazarlarda rəqabət qabiliyyətinin artırılması və ticari əlaqələrin daha da şaxələndirilməsi önəmlidir. TDT ölkələrinin təbii sərvətləri böyük iqtisadi potensiala sahib olsa da, onların beynəlxalq bazarlarda daha təsirli və sabit mövqe tutması üçün daha irimiqyaslı infrastruktur investisiyaları, regional sərmayə təşviq siyasətləri və vahid iqtisadi siyasətlərin inkişaf etdirilməsi əsas çağırışlardır. Belə ki,  2024-cü ildə TDT, dünya iqtisadiyyatında əsas geosiyasi və iqtisadi faktor rolunu daha da gücləndirmək üçün müxtəlif əməkdaşlıq modelləri və layihələri üzərində işləyir. TDT-nin üzv dövlətlərinin təbii sərvətləri, xüsusilə enerji ehtiyatları, bu ölkələrin qlobal enerji bazarlarında əhəmiyyətli oyunçulara çevrilməsinə zəmin yaradır. 2023-cü ildə TDT üzv ölkələrindəki təsdiqlənmiş təbii qaz ehtiyatları 18.6 trilyon kubmetr, neft ehtiyatları isə 5.3 milyard ton səviyyəsində qiymətləndirilir. Rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq, bu ölkələrin qlobal iqtisadiyyatda daha üstün bir mövqe tutmasına gətirib çıxara bilər.

 Vüsalə Cəfərova hesab edir ki, Türk Dövlətləri Təşkilatının 11-ci Zirvəsi, Türk dünyası üçün yeni iqtisadi perspektivlər və əməkdaşlıq imkanları yaratması baxımından strateji əhəmiyyət daşıyır. Zirvə görüşündə TDT-ə üzv dövlətlərin başçılarının Azərbaycanın ev sahibliyi edəcəyi COP29 İqlim Konfransına tam dəstəyini ifadə edərək, bu mühüm qlobal tədbirin uğurla keçirilməsi üçün əməkdaşlıq və dəstək göstərəcəyini bəyan etməsi də bunu sübut edir. Çünki iqtisadi inteqrasiya, regional təhlükəsizlik və rəqəmsal transformasiya kimi məsələlər ön plana çıxarkən, qarşıya çıxan çətinliklər, daha sıx əməkdaşlıq və ortaq iqtisadi modelin qurulması ilə dəstəklənə bilər. TDT, Türk dünyası ölkələri arasında daha çox sərmayə, ticarət və iqtisadi inkişafı təmin edərək, qlobal miqyasda daha önəmli mövqeyə malik olmaq gündəliyni gələcəkdə də davam edəcəkdir.

“Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”
#

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R