Azərbaycan-Rusiya münasibətləri hər bir sahə üzrə dinamik inkişaf edir
Azərbaycan-Rusiya siyasi münasibətlərinin yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə öz müsbət təsirini göstərir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfərinin mühüm məqamlarını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, iki ölkə arasında ticarət, sənaye, energetika, investisiya qoyuluşu, nəqliyyat, logistika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlığımız indiyədək imzalanmış 300-ə yaxın sənədə əsaslanır.
Aqil Əsədovun sözlərinə görə, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarətin daha da asanlaşdırılması üçün gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, prosedurların sadələşdirilməsi, yükdaşımaların həcminin artırılması və digər istiqamətlərdə dinamik və dayanıqlı tədbirlər görülür. Bunun nəticəsi olaraq, 2017-ci illə müqayisədə ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi iki dəfədən çox artaraq rekord həddə - 4,4 milyard ABŞ dollarına çatıb. Cari ilin yanvar-iyul aylarında isə bu göstərici 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib.
İİTKM-in şöbə müdirinin sözlərinə görə, iki ölkə arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsində 2024-cü ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”nin imzalanması xüsusi qeyd edilməlidir. Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur.
Rusiya və Azərbaycanın əməkdaşlığı, ikitərəfli iqtisadi münasibətlərin inkişafı istiqamətində önəmli rol oynayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə daşınmaların artırılması, dəhliz boyunca infrastruktur təminatın təkmilləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və s. kimi məsələlər adıçəkilən yol xəritəsində də yer alıb ki, bu da iki ölkə arasında nəqliyyat-tranzit əlaqələrinin uzunmüddətli perspektivə malik olduğunu ifadə edir. Bu layihənin uğurla icrası sayəsində 2022-ci ilədək yükdaşımaların həcmi səkkiz dəfə, 2023-cü ilin altı ayı ərzində isə 60 faiz artıb. Ümumilikdə isə 2023-cü ildə dəhliz üzrə 9.3 milyon ton yük daşınıb. Dövlət başçılarının görüşündə də səsləndirildiyi kimi, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu marşrutları üzərində işlər tam yekunlaşıb. Gələcəkdə dəhlizin ötürücülük qabiliyyətinin 15 milyon ton və daha çox olması hədəflənir.
Aqil Əsədov bildirib ki, Rusiya Prezidentinin dövlət səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən dövlət başçılarının Birgə Bəyanatı, AZPROMO ilə Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti arasında Anlaşma Memorandumu, ekologiya, əmək qanunvericiliyi, qida təhlükəsizliyi, bitkiçilik səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində imzalanan sənədlər onu göstərir ki, iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər istiqamətlər üzrə də inkişaf etdirilir.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır