"Azərbaycan" qəzetində "Halal iqtisadiyyat" kitabı ilə bağlı məqalə dərc olunub

"Azərbaycan" qəzetində "Halal iqtisadiyyat" kitabı ilə bağlı məqalə dərc olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı “Halal iqtisadiyyat” adlı dərs vəsaiti ilə bağlı "Azərbaycan" qəzetində məqalə dərc olunub.

Məqalədə "Halal iqtisadiyyat" kitabının rəyçiləri- iqtisad üzrə fəlsəfə doktoru, Ruslan Atakişiyev və KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktor müavini Anar Yusufzadənin fikirləri yer alıb:

İslam ölkələri ilə əlaqələrin genişləndirilməsi, şaxələndirilmiş dostluq və əməkdaşlıq münasibətlərinin formalaşması və inkişafı Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin müsəlman ölkələri ilə həmrəylik və əməkdaşlığın gücləndirilməsinə, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş siyasətinin nəticəsidir ki, hazırda Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir.

Mövcud çoxəsrlik mədəniyyətinin kökündə ümumşərq, ümumislam amili xüsusi yer tutan Azərbaycanın islam aləminə olan marağı, eləcə də müsəlman ölkələrinin Azərbaycana olan diqqəti təbiidir. Azərbaycanın islam dünyasına olan isti münasibəti həm də ölkəmizin müsəlman dövlətləri arasında əməkdaşlığa verdiyi töhfələrlə müşayiət olunur. İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi də bunun nümunələrindən biridir. 

Bütün dövrlərdə sülhpərvər siyasət yürüdən, müsəlman həmrəyliyinə diqqətlə yanaşan Azərbaycan daim dövlətlər arasında münasibətlərin daha da canlandırılmasına çalışıb və bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə birgə hazırladığı "Halal iqtisadiyyat" adlı dərs vəsaiti də dövlətimizin islam ölkələri arasında münasibətlərin formalaşması və əlaqələrin genişləndirilməsi istiqamətində atdığı addımlardan irəli gələn bir zərurət kimi dəyərləndirilə bilər. 

Nəzərə alsaq ki, qlobal iqtisadiyyat sistemində islam iqtisadiyyatının ümumi həcmi 2 trilyon dollardan çoxdur, onda bu istiqamətdə araşdırmaların aparılması, müvafiq nəzəri biliklərin, təhlillərin ümumiləşdirilməsi qlobal iqtisadi çağırış kimi də dəyərləndirilə bilər. Qlobal halal iqtisadiyyatda Avropanın payı təxminən 70 milyard avro təşkil edir ki, bu da əsasən qida istehsalı sektorunu əhatə edir. Hazırda dünyada yalnız halal qida dövriyyəsi 661,6 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. Bu, kifayət qədər irihəcmli və cəlbedici bazardır. Mütəxəssislərin proqnozlarına görə, qlobal halal iqtisadiyyatın ümumi həcmi 2020-ci ilə nisbətən 2030-cu ildə 2 dəfədən də çox artaraq  2,30 trilyon dollardan 4,96 trilyon dollara çatacaq. Bütün bunlar "Halal iqtisadiyyat"ın nəzəri əsaslarının öyrənilməsinin, halal iqtisadiyyata dair beynəlxalq təcrübənin araşdırılmasının, bu sahədə mövcud imkanların tədqiqinin nə dərəcədə zəruri olduğunu ifadə edir. Bu rəqəmlər həm də belə nəticəyə gəlməyə əsas verir ki, halal iqtisadiyyat gələcəkdə ixrac mənbəyi də ola bilər. Ona görə də ölkəmizdə halal iqtisadiyyatın nəzəri əsaslarının öyrənilməsi, bu sahəyə yaxından bələd olan mütəxəssislərin yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir və bunlar kitabın yazılması zəruriliyini əsaslandırır. 

İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin redaksiya heyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Qoşqar Təhməzli, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev və Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdan ibarətdir. "Halal iqtisadiyyat" kitabı müxtəlif dövlət qurumlarından, ali təhsil və elmi tədqiqat institutlarından 11 alim və mütəxəssisin cəlb edilməsi ilə hazırlanıb. Kitab halal ticarət və ticarət sövdələşmələri, halal turizm və idarəetmə, Azərbaycanda halal iqtisadiyyatın inkişafı məsələləri, bu sahədə qlobal çağırışlar və s. istiqamətləri özündə ehtiva edən səkkiz fəsildən ibarətdir. 

Kitabın "Halal iqtisadiyyatın seqmentasiyası" adlı birinci fəsildə halal, şübhəli və haram qidalar, halal iqtisadiyyatın seqmentasiyası, halal qida və içki sənayesi kimi mövzulara aydınlıq gətirilir. Eyni zamanda bu fəsildə halal qidanın əlçatanlığı, halal qidalanma şərtləri izah edilir, süd və süd məhsulları, balıq və dəniz məhsulları, eləcə də ümumilikdə heyvan və bitki mənşəli qida məhsulları haqqında ətraflı məlumat verilir, halal qidanın sertifikatlaşdırılma prosesləri izah edilir. "Dini aspektlərdən ticarət əqdlərinin halallıq prinsipləri" adlı ikinci fəslində islamda əqdlərin növləri, əqdlərdə halallıq prinsipləri, faizin tarixi, növləri, faiz qadağasının qaynaqları, faizsiz iqtisadiyyat, ticarətdə istehlakçı hüquqları və s. məsələlərə aydınlıq gətirilir.  "Halal idarəetmənin etik aspektləri" adlı üçüncü fəsildə islam dininə din və elmin sinergetikası kimi yanaşılır, eyni zamanda islam dini bəşəriyyətin mövcudluq zərurəti kimi nəzərdən keçirilir. "Halal iqtisadiyyat və islam maliyyəsi" adlanan dördüncü fəsildə halal iqtisadiyyata dair nəzəri yanaşmalar təhlil edilir, islam maliyyəsi və onun inkişaf dinamikası şərh olunur. İİTKM-in tərəfindən hazırlanan "Qlobal halal ticarət dinamikası və müasir çağırışlar" fəslində qlobal halal ticarət trendləri izah edilir, halal ticarətdə əsas idxalçı və ixracatçı ölkələrə dair statistik verilənlər öz əksini tapır. Həmçinin qlobal səviyyədə halal qida, moda, turizm, maliyyə və kosmetika dövriyyəsi, dünya üzrə müvafiq trendlər rəqəmlərlə verilir. "Halal turizmin inkişafı: nəzəri-praktiki məsələlər" adlı fəsildə halal turizmin təşkilinə dair nəzəri yanaşmalar təhlil olunur, müsəlman turistlərin seqmentləşməsi, halal turizmin iqtisadi potensialı kimi məsələlərə toxunulur, Qlobal Müsəlman Səyahət İndeksi və Azərbaycanda halal turizmin inkişaf perspektivləri barədə ətraflı məlumatlar verilir. "Azərbaycanda halal iqtisadiyyatın sahibkarlığın inkişafına təsir perspektivləri"ndə halal iqtisadiyyatın mikro, kiçik və orta sahibkarlığın inkişafına təsirlərinin ətraflı şəkildə araşdırıldığı bu fəsildə, həm də halal iqtisadiyyatın inkişafı ilə bağlı fürsətlər və risklər də geniş təhlil olunur. "Azərbaycanda halal iqtisadiyyatın inkişaf perspektivləri" adlı səkkizinci fəsildə isə ölkəmizdə sahibkarlığın gələcək perspektivləri və sahibkarların halal iqtisadiyyatdan gözləntiləri ətraflı izah edilir, eləcə də konfederasiyanın halal iqtisadiyyatın təşviqi ilə bağlı gördüyü işlər, perspektivlər barədə məlumatlar verilir, ölkəmizdə halal iqtisadiyyatın təşviqi istiqamətində beynəlxalq və yerli əməkdaşlıqdan bəhs olunur. 

Ümumilikdə təqdim olunan kitab elmi-nəzəri baxımdan əhəmiyyətli olmaqla yanaşı, zəngin informasiyaları özündə cəmləşdirir. İnanırıq ki, "Halal iqtisadiyyat" adlı dərs vəsaiti uyğun ixtisasda təhsil alan tələbələr, halal iqtisadiyyata dair məlumat almaq istəyən şəxslər, araşdırma aparanlar, bu sahədə fəaliyyət göstərən biznesmenlər üçün zəngin və dəyərli bir mənbə olacaq. 

Mənbə: https://www.azerbaijan-news.az/az/posts/detail/halal-iqtisadiyyatin-umumi-hecmi-2030-cu-ilde-5-trilyon-dollara-yaxinlasacaq-1751499785/364015?f