“Azərbaycan” qəzeti İİTKM-in fəaliyyətinin illik yekununa dair “İqtisadi islahatların innovativ idarəetmə modeli” adlı məqalə dərc edib
İQTİSADİ İSLAHATLARIN İNNOVATİV İDARƏETMƏ MODELİ
8 il əvvəl ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) təsis olundu. Bu illər ərzində İİTKM ali rəhbərliyin etimadını doğrultmaq üçün beynəlxalq təcrübədə geniş yayılmış “beyin və əməl” mərkəzi (think and do tank) kimi işini qurdu. Hazırda iqtisadi islahatların real vaxt rejimində idarə edilməsi ölkədə strateji idarəetmənin tərkib elementinə çevrilib. 2023-cü ildən İİTKM texnoloji inqilabın çağırışlarına uyğun olaraq süni intellektlə insan zəkasının birgə işini – kiborq yanaşmasını tətbiq edir. Beləliklə, uğurun əsasında bir tərəfdən qalib dövlətin aparıcı “beyin və əməl mərkəzi” mandatı, digər tərəfdən isə qabaqcıl idarəetmə texnologiyaları dayanır. Bunu Mərkəzin ötənilki fəaliyyətində də aydın görmək mümkündür.
Azərbaycanda tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb
İİTKM-in 2023-cü ildə əldə etdiyi ən böyük uğurlardan biri Azərbaycanda monitorinq və qiymətləndirmə institutunu kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə çatdırılmasıdır. Prezident İlham Əliyevin göstərdiyi ali etimad sayəsində Mərkəzə monitorinq və qiymətləndirilməsi həvalə olunmuş onlarla strategiya, dövlət proqramı və fəaliyyət planlarının icra vəziyyətinə nəzarət böyük verilənlər bazası yaradır. Dünyada datanın əsas əmtəəyə çevrildiyi bir vaxtda İİTKM-də tətbiq edilən proqram təminatları strukturlaşmış data yaradır ki, bu da data əsaslı idarəetməni gücləndirir.
Bu dövlət sənədləri arasında əhatə dairəsinə görə digərlərindən fərqlənən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın monitorinq və qiymətləndirilməsi çərçivəsində il ərzində 33 əsas icra orqanının iştirakı ilə 8 işçi qrup formalaşdırılıb, bu qruplar effektiv şəkildə əlaqələndirilib, işçi iclas və görüşlərin vaxtında keçirilməsi təmin olunub və görülmüş işlərin istər ictimaiyyət, istərsə də əlaqədar qurumlar üçün kommunikasiyası aparılıb. 2023-cü ilin hesabatları www.azerbaijan2030.gov.az portalına yerləşdirilib və data-əsaslı idarəetmə üçün zəmin yaradıb.
Mərkəzin monitorinq və qiymətləndirməsini apardığı digər dövlət sənədləri isə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” başda olmaqla, iqtisadi və sosial həyatın ən müxtəlif sahələrini, o cümlədən tikinti, qida, məşğulluq, standartlaşdırma, nəqliyyat və logistika kimi sahələri əhatə edir. Monitorinq və qiymətləndirilmə əgər əvvəllər fəaliyyət əsaslı idisə, indi daha çox səmərəliliyin qiymətləndirilməsi əsasında həyata keçirilir. Beləliklə, nəticə əsaslı büdcə və proqram idarəetməsi birləşdirilir.
Monitorinq və qiymətləndirmə fəaliyyətində süni intellekt faktoru
Hazırda İİTKM-də monitorinq və qiymətləndirmə nəticəsində strateji baxış, əsas hədəf göstəriciləri, məqsədlər, prioritetlər, fəaliyyət istiqamətləri, tədbirlər, həmçinin hər bir tədbirin ilkin, aralıq və son nəticələri olmaqla on minlərlə data toplanır. Özü də bu datalar təkcə yazı şəklində deyil, həmçinin coğrafi intellektə əsaslanan ortofoto xəritələri və atlas, videomüşahidə məlumatlarıdır. Belə çeşidli dataların əsasında monitorinqi həyata keçirilən proqramların əsas uğurlarını, çağırışları, riskləri və tövsiyələri müəyyənləşdirmək üçün süni intellekt imkanları tətbiq olunur. Elə www.azerbaijan2030.gov.az, www.boyukqayidish.gov.az və www.nakhchivan2027.monitoring.gov.az portalları da bu ehtiyacın innovativ həllinə hesablanıb. Qeyd olunan portallar yalnız şəffaflığı təmin etmir, eyni zamanda monitorinq və qiymətləndirmə prosesinin tərəfləri arasında “kommunikasiya məsafəsi”ni azaldır, bütövlükdə prosesi rəqəmsallaşdırır, kağız daşıyıcılardan imtina prosesini sürətləndirir, vaxta və enerjiyə qənaət etməyə imkan verir. Bu, əslində tam təkmil elektron monitorinq sisteminin qurulması deməkdir. Bu sistem, həmçinin, korporativ yaddaş formalaşdırmaqla illər üzrə müqayisəli təhlillərin aparılmasına şərait yaradır.
Artıq bu portallar üzrə informasiyanın daha asan əldə olunması üçün bot texnologiyasının sınaq tətbiqi həyata keçirilib və ilkin mərhələdə uğurlu nəticə əldə olunub. Mərkəz bu sahədə fəaliyyətini daha da təkmilləşdirmək üçün “OpenAI” şirkətinin “ChatGPT”, “Google” şirkətinin “Gemini” süni intellekt platformaları başda olmaqla, dünyanın bu sahədə qabaqcıl texnologiyalarını yaxından izləyir.
Ötən il ərzində İİTKM rəqəmsal ticarət platformalarında da Azərbaycanın mövqeyini gücləndirməyə davam edib. Bu məqsədlə Mərkəzin nəzdində fəaliyyət göstərən Rəqəmsal Ticarət Qovşağı (Digital Trade Hub - DTH) yeni Yol Xəritəsi hazırlayıb. Bu Yol Xəritəsinə əsasən, qeyri-rezidentlər yenilənmiş portal (mresidency.az) vasitəsilə ölkəmizə gəlmədən mobil imzaların alınması, fiziki şəxslər üçün məsafədən bank hesablarının açılması, hüquqi şəxsin onlayn qeydiyyatı, əmək müqavilələrinin qeydiyyatı, notariat xidmətləri, virtual hüquqi ünvanın qeydiyyatı, “metaverse” virtual məkanda əməkdaşlıqların qurulması, konsaltinq və digər elektron xidmətlərə (lisenziya və icazələr, idxal-ixrac əməliyyatları üzrə sertifikatlar, statistik hesabatlar və s.) bir pəncərədən müraciət edə biləcəklər. Bu da dövlət-özəl tərəfdaşlığı çərçivəsində Azərbaycanın investisiya cəlbediciliyini artırmağa, ticarət əlaqələrini gücləndirməyə və “bir pəncərə” sistemi ilə qeyri-rezidentlərə elektron xidmətlər paketinin təqdim olunmasına şərait yaradacaq.
Econlab - İİTKM-in iqtisadi modellər laboratoriyası
Ölkədə həyata keçirilən islahatları iqtisadi cəhətdən qiymətləndirməyə imkan verən təhlil alətləri İİTKM-də mütəmadi olaraq istifadə edilməkdədir. Mərkəzin iqtisadi modellər laboratoriyasında mövcud olan Maliyyə Proqramlaşdırılması modeli (MP), Dinamik Stoxastik Ümumi Tarazlıq (DSÜT) modeli, iqtisadi fəaliyyət sahələri arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqla müxtəlif iqtisadi təsirləri simulyasiya etməyə imkan verən Xərclər-buraxılış (İnput-Output) modeli və digər ekonometrik modellər əsasında təhlillər 2023-cü ildə də davam etdirilib. Alınmış nəticələr ölkə daxilində və xaricdə nəşr edilən nüfuzlu jurnallarda yayımlanıb, o cümlədən, İİTKM-in əsas fəaliyyət istiqamətlərindən sayılan dövlət proqramlarının monitorinq və qiymətləndirilməsində istifadə edilib.
“Enterprise Azerbaijan” - startapçıların ən yaxın dəstəkçisi
Müasir innovasiyalardan yararlanmaqla qeyri-neft/qaz sektorunun inkişafına dəstək məqsədilə yaradılmış “Enterprise Azerbaijan” portalının 2023-cü il üçün ən böyük uğuru startaplarla bağlı olub. Təkcə “Startup School - 1” layihəsinin uğurla gerçəkləşdirilməsi Azərbaycanın startap ekosisteminə verilmiş ən böyük töhfə sayıla bilər. ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilmiş beynəlxalq müsabiqəyə dünyanın 10-a yaxın ölkəsindən (ABŞ, Almaniya, İrlandiya, Türkiyə, Mavritaniya, Pakistan, Qazaxıstan, Azərbaycan və s.) 200-dən çox layihə müraciət edib. Daxil olmuş layihələrdən 33 ən yaxşı komanda (layihə) seçilərək, tədris sessiyasına cəlb olunub. Onlara ABŞ, İsrail, Polşa, Fransa, İsveç, İngiltərə, Türkiyə və Azərbaycandan olan professor və beynəlxalq ekspertlər tərəfindən 60+ saat onlayn və 15 günlük oflayn təlimlər, həmçinin ustad dərsləri keçirilib. Təlimlərdə iştirak etmiş 33 layihədən 10 ən yaxşı layihə final mərhələsinə adlayıb, onların arasından isə ilk 3 yerin sahibləri seçilib. Müxtəlif nominasiyalar üzrə qalib layihələrə hədiyyələr, inventar dəstəyi və startap şəhadətnaməsi alma imkanı verilib. “Entertprise Azerbaijan” I yerin qalibi olmuş “Abroadventure” komandasının üzvlərinin Nevada Universitetində I2B təlimlərdə iştirak etmək üçün ABŞ-a səfərini təşkil edib.
İlin sonunda “Enterprise Azerbaijan” növbəti “Startup School” layihəsinin keçiriləcəyinə dair elan paylaşıb. İlkin reaksiyalar bu layihəyə də marağın böyük olacağını göstərir. “Startup School - 2”nin əsas devizi “AI for Karabakh”dır (Qarabağ üçün süni intellekt). Bu layihənin gerçəkləşməsi üçün “Enterprise Azerbaijan” öz partnyorlarının siyahısına Alman Süni İntellektin Araşdırma Mərkəzini də əlavə edib. Layihədə məqsəd yerli startapları inkişaf etdirməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı qarşıya çıxa biləcək çağırışların süni intellekt vasitəsilə həllinə nail olmaq, Azərbaycanda gənclərin süni intellektlə bağlı bilik və bacarıqlarını artırmaq, texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.
İİTKM “Metaverse”də də mövcuddur
Müasir trendləri yaxından izləyən və ən son texnologiyaları öz fəaliyyətində tətbiq etməyə çalışan İİTKM metareallıqdan da yan keçməyib. Hələ ilin əvvəlində Mərkəzin operatoru olduğu “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağının “MTradeVerse” platformasında virtual reallıq formatında rəqəmsal inzibati binası hazırlanıb. İnteraktiv avatarlar və süni intellektə uyğun fərdiləşdirilə bilən bu platforma Azərbaycanın metareallıqda təqdim olunan ilk dövlət xidməti kimi tarixə düşüb. Bir faktı qeyd edək ki, “McKinsey”nin hesabatına əsasən, 2030-cu ilə kimi metasahənin 5 trilyon ABŞ dollarına qədər genişlənəcəyi gözlənilir. 2023-cü ilin sonunda isə Mərkəz metareallıqda mövcudluğunu bir qədər də genişləndirərək, “Azexport”un təşəbbüsü ilə “MTradeVerse”də regionun ilk virtual sərgi və konfrans məkanını istifadəyə verib. Virtual məkan zamandan və məkandan asılı olmadan dünyanın istənilən nöqtəsindən istifadəyə açıq olmaqla “Made in Azerbaijan” brendli məhsulları daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
İntellektual fakt: bir ildə 9 kitab
İİTKM Azərbaycanın və regionun ən samballı beyin mərkəzlərindən biri kimi 2023-cü ildə də intellektual məhsul ortaya qoymağa davam edib. Təsəvvür edin, Mərkəz il ərzində 9 kitab – monoqrafiya, dərslik, dərs vəsaiti və tədris proqramı təqdim edib. Bu rəqəm özü belə Mərkəzin elmi-intellektual potensialını ortaya qoymağa imkan verir. Sadəcə türk dünyasının iqtisadi mənzərəsinin canlandırıldığı “Türk dövlətləri iqtisadiyyatı” kitabının yazılmasında yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib. Eləcə də “Rəqəmsal iqtisadiyyat”, “İslam maliyyə sistemi və Azərbaycanda perspektivləri”, “Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı”, “İnnovasiya və sahibkarlıq: startap ekosistemi” kitablarının ərsəyə gəlməsi üçün Mərkəzin əməkdaşları ilə yanaşı, digər yerli və xarici qurumların əməkdaşlarının da yaxından iştirakı təmin olunub. Növbəti ildə istifadəyə verilməsi üçün daha iki kitabın yazılması işlərinə başlanıb.
Qeyri-neft/qaz ixrac coğrafiyası genişlənir, biznes mühiti yaxşılaşır
İİTKM qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyətini yola saldığımız ildə də davam etdirib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə 2023-cü ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslər tərəfindən 1564 dəfə müraciət daxil olub. Ümumilikdə, 3607 ədəd sertifikat (2038 ədəd fitosanitar sertifikatı, 1373 ədəd mənşə sertifikatı, 144 ədəd CİTES sertifikatı, 52 ədəd baytarlıq sertifikatı) verilib. AQTA tərəfindən 45 qida subyektinin qeydiyyata alınması prosesi həyata keçirilib. Hesabat dövrü ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə 242,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Mərkəz vasitəsilə qeyri-neft məhsullarının aylıq ixracında ən yüksək göstərici noyabr ayında 42 milyon ABŞ dolları olaraq qeydə alınıb. Üstəlik, “Azexport”un xətti ilə 46 adda məhsula birillik “Sərbəst satış” sertifikatı verilib. Bundan başqa, “azexport.az” portalı üzərindən ölkədaxili çatdırılma xidməti istifadəyə verilib. Alıcılar portalda nümayiş olunan məhsulları onlayn olaraq ünvana sifariş edə bilirlər. Bunun üçün onlar portalda pərakəndə ticarət həyata keçirən və ölkədaxili sifarişləri qəbul edən istehsalçıların səhifələrinə keçid edərək, sifarişlərini rəsmiləşdirməlidirlər.
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün çalışan Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ötən il də aktiv fəaliyyət göstərib. Bunu Komissiyanın internet portalı olan “www.azranking.az”da da görmək mümkündür. Komissiyanın işçi qrupları müntəzəm şəkildə iclaslar keçirib və beynəlxalq indekslər nəzərə alınmaqla vacib qərarlar qəbul edib. Həmçinin ötən il azranking.az portalı yenilənib və funksionallığı artırılıb, sahibkarlar üçün “Elektron məlumatlandırma sistemi” yaradılıb.
Yeni beynəlxalq əməkdaşlıqlar qurulur
2023-cü ildə İİTKM beynəlxalq və regional əməkdaşlıqlara da xüsusi önəm verib. Ötən il ərzində İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi (SESRİC), Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu, Pakistan Xarici Əlaqələr Şurası (PCFR) ilə Anlaşma memorandumları imzalanıb. Bu sənədlər İİTKM-ə daha genişmiqyaslı layihələr həyata keçirməyə, beynəlxalq tədqiqat təcrübəsini artırmağa, həmçinin Azərbaycanla bağlı reallıqları daha geniş platformalarda təbliğ etməyə imkan verir. Hesabat ili ərzində Mərkəzin əməkdaşları ABŞ, Çin, Fransa, Almaniya, Yaponiya, Türkiyə, Polşa, Estoniya, Macarıstan və Qazaxıstanda keçirilmiş beynəlxalq konfrans və tədbirlərdə iştirak ediblər, işgüzar görüşlər keçiriblər, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər, növbəti layihələr barədə razılıqlar əldə ediblər.
Türk dövlətlərinin ümumi inkişafı ilə bağlı araşdırmalar davam etdirilib
İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) də ötən il çox məhsuldar işləyib. Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə sıx əməkdaşlıq quran TDAM 35 müəllifli “Türk dövlətləri iqtisadiyyatı” kitabını da bu əməkdaşlığın nəticəsi kimi ortaya qoyub. Kitabın Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstanda geniş təqdimatları keçirilib. İİTKM-də keçirilmiş təqdimatda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev şəxsən iştirak edib. Bundan başqa, TDAM Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması təklifini verib və bu təklif böyük razılıqla qarşılanıb. Hazırda bu xəritənin hazırlanması üzərində işlərə davam etdirilir. Eyni zamanda, TDAM-ın da aktiv təşəbbüskarlığı ilə TDT və Türk Akademiyasının nəzdində İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsi (ERCNET) təsis olunub və bu çərçivədə Ankarada “Türk İqtisadiyyatları 2023: Rəqəmsal Ticarət və İnvestisiya Hesabatı” təqdim olunub. Bundan başqa, Qazaxıstan və Macarıstanda keçirilmiş bir çox konfranslarda TDAM-ın aktiv iştirakı təmin olunub.
Kommunikasiyanın qovşağı
İİTKM 23 internet resursu ilə həm Mərkəzin fəaliyyəti, həm də Azərbaycanda qeyri-neft/qaz sektorunda əldə olunmuş nailiyyətlər barədə Azərbaycan ictimaiyyətini müntəzəm şəkildə məlumatlandırmağa davam edib. Mərkəzin istifadə etdiyi kommunikasiya platformalarına “Facebook”, “X”, “Instagram”, “LinkedIn”, “Telegram” və “YouTube” kimi dünyanın əsas sosial şəbəkələri daxildir. Bundan başqa, Mərkəzin rəsmi internet saytları da il ərzində aktivliyini qoruyub saxlayıb. İİTKM-in kommunkasiya komandası Azərbaycanın yerli televiziya kanalları, xəbər saytları və qəzetlərinin imkanlarından da istifadə edərək, il ərzində ümumilikdə 320-dən çox xəbərin yayılmasını təmin edib.
İİTKM yalnız ictimai-publisistik müstəvidə deyil, yerli və xarici elm platformalarında da aktiv iştirak edib. 2023-cü il ərzində Mərkəzin əməkdaşlarının yerli elmi jurnallarda 20-dən artıq elmi məqaləsi dərc edilib. İngiltərə, Kanada, Türkiyə, Çexiya və Rusiya başda olmaqla, xaricdə dərc olunmuş elmi məqalələrin sayı isə 10-dək olub.
Ekspert yazıları
Günay Quliyeva
İİTKM-in şöbə müdiri
“Fitch Ratings” Azərbaycanın kredit reytinqini artırmaqla əlverişli investisiya mühitini vurğulayır
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Qarabağ Bəyannaməsi və Türk dünyası iqtisadi əməkdaşlığının gələcəyi
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Azerbaijan and Türkiye: Leading through unity in global crises
Vüsalə Cəfərova
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycan və Tacikistan arasında iqtisadi-ticarət əlaqələrinin perspektivləri
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Türkiye-Kyrgyzstan partnership fuels Middle Corridor's rise