Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr yekunlaşıb

Aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetlərinə dair regional müşavirələr yekunlaşıb

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərin müzakirəsi məqsədilə ölkənin 13 iqtisadi rayonunda regional müşavirələr keçirilib. Dövlət başçısının tapşırığı ilə təşkil olunan tədbirlərdə aidiyyəti dövlət qurumlarının rəhbər və nümayəndələri, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, fermerlər, sahibkarlar və digər maraqlı tərəflər iştirak ediblər.

Regional müşavirələrdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov bildirib ki, bu görüşlər Dövlət Proqramında müəyyən edilmiş strateji hədəflərin regionlarda izah olunması, onların icrası üzrə vahid yanaşmanın formalaşdırılması və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Onun sözlərinə görə, müşavirələr zamanı proqramda nəzərdə tutulan tədbirlər, kənd təsərrüfatı və balıqçılıq məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat subyektlərinə göstəriləcək dövlət dəstəyi mexanizmləri, su təminatının yaxşılaşdırılması istiqamətində planlaşdırılan layihələr, eləcə də aqrar sahəyə investisiyaların təşviqi ilə bağlı geniş məlumat təqdim olunub.

Bağış Əhmədov qeyd edib ki, Dövlət Proqramının icrası çərçivəsində təqribən 5,9 milyard manat həcmində investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Bunun təxminən 2,2 milyard manatı dövlət büdcəsi hesabına maliyyələşdiriləcək, qalan hissəsi isə özəl sektorun investisiyaları hesabına təmin olunacaq. Bununla yanaşı, özəl investisiyaların bir hissəsinin dövlətin inkişaf institutları vasitəsilə güzəştli maliyyə alətləri hesabına dəstəklənməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, regional müşavirələr fermer və biznes subyektlərilə  birbaşa dialoq platforması kimi də mühüm rol oynayıb. Bu görüşlər zamanı fermerlərin Dövlət Proqramı ilə bağlı sualları aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb, onların təklif və təşəbbüsləri dinlənilib, proqramın icrası prosesində nəzərə alınması üçün müzakirələr aparılıb. Eyni zamanda, özəl biznes subyektləri həyata keçirməyi planlaşdırdıqları investisiya layihələrini təqdim edib, dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bağış Əhmədov vurğulayıb ki, müşavirələr zamanı torpaqların konsolidasiyası, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqi, intensiv bağların salınması, istixana təsərrüfatlarının genişləndirilməsi, heyvandarlığın inkişafı və cins tərkibinin yaxşılaşdırılması, soyuducu anbarların və taxıl silolarının yaradılması, eləcə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafı istiqamətində nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin kənd təsərrüfatında maliyyə resurslarına çıxışın asanlaşdırılması məqsədilə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi, heyvandarlıq sahəsində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi və pambığın daha dərin emalının təşviqi ilə bağlı məsələlər geniş müzakirə olunub.

İİTKM rəsmisinin sözlərinə görə, keçirilən regional müşavirələrin əsas nəticələrindən biri Dövlət Proqramının icrası üzrə mərkəzi və yerli dövlət qurumları, fermerlər, biznes subyektləri və digər maraqlı tərəflər arasında koordinasiyanın daha da gücləndirilməsi olub. Müşavirələr fermer və biznes subyektlərinin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırılmasına xidmət etməklə yanaşı, həmin tədbirlərin səmərəli icrası ilə bağlı onların təklif və tövsiyələrinin öyrənilməsinə də imkan verib.

Bağış Əhmədov bildirib ki, müşavirələr nəticəsində Dövlət Proqramının icrası ilə bağlı regionlar üzrə vahid yanaşma formalaşıb, qarşıda duran əsas çağırışlar və imkanlar sistemli şəkildə qiymətləndirilib. Onun sözlərinə görə, növbəti mərhələdə proqramda nəzərdə tutulan tədbirlərin hər bir inzibati rayon üzrə konkretləşdirilməsi, yerli potensiala uyğun fəaliyyət planlarının hazırlanması, icra prosesinin davamlı monitorinqi və nəticəyönümlü qiymətləndirilməsi proqramın hədəflərinə nail olunmasında mühüm rol oynayacaq.